Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:21

Fermerləri heyvanlarını sığortalatmaqdan nə çəkindirir?


Kəndli üçün mal-qaranı sığortalamaq imkanları varmı?
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Kəndli üçün mal-qaranı sığortalamaq imkanları varmı? (Arxiv. 2022)

Azərbaycan dövlətinin fermerlərə mal-qaranı güzəştli şərtlərlə sığortalamağı təklif etdiyi bildirilir. Artıq bu ildən kənd təsərrüfatı heyvanlarının sığorta tarifinin də dəyişdiyi deyilir. Aqrar Sığorta Fondunun məlumatına görə, sığorta haqqı heyvanın növünə görə 1-22 manat azaldılacaq.

Qanunvericiliyə görə, heyvanların stabil sığorta məbləği yoxdur. Sığorta tarifləri onların qiymətinin 5.2-8.2 faizi arasında dəyişir.

Hazırda isə Fond bildirir ki, sığorta haqqının 50 faizini dövlət ödəyəcək. Bununla da dövlət fermerləri bu işə təşviq etməyə çalışır. Amma bir çox fermerlər hələ də heyvan sığortasına pul xərcləmək istəmirlər.

"Elə bil boşuna pulu havaya atırsan"

Beyləqan rayonunda heyvandarlıqla məşğul olan Nicat Əliyev (ad şərtidir) AzadlıqRadiosuna deyib ki, 50 baş qoyunun sığortalanması 450, 12 baş inəyin isə 400 manat pul tutur: "O da heyvanın qiymətindən asılıdır. Elələri var, daha ucuz, elələri var daha bahadır".

Onun sözlərinə görə, fermerlər sığortaya meyli deyil: "Adam bu pulu verər, bilsək ki, heyvan tələf olacaqsa, şirkət sığortanı ödəyəcək. Amma heyvan tələf olursa, bunun ölümünün sığorta şərtlərinə uyğun olmasını sübut etmək çətindir. Ona görə də kəndlilər buna getmir. Elə bil boşuna pulu havaya atırsan".

Fermer təsərrüfatları ard-arda bağlanır...
Gözlə

No media source currently available

0:00 0:07:34 0:00

Siğorta hansı risklərə aiddir?

Aqrar Sığorta Fondundan "Turan"a bildirilib ki, sığorta heyvanları çoxsaylı risklərdən qoruyur: "Bura yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri aiddir".

Əlavə olunub ki, baytar qulluğu zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da nəzərə alınır: "Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir".

Sığorta ödənişi artıb

Fonddan vurğulanıb ki, heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir: "2022-ci ildə heyvanların sığortası üzrə fermer və təsərrüfatlara 710 min, 2023-cü ildə 910 min manat sığorta ödənişi edilib".

Qurum yeni güzəştlərin detallarını isə belə açıqlayır: "Heyvanların sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər. Məsələn, qiyməti min manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərfdən asılı olaraq 26-41 manata, 2 min manatlıq heyvanın sığortası 52-82 manata, 5 min manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir. Xırdabuynuzlu heyvanların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"Oliqarx-məmurlara yaxın…"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, bu işdə müstəqil ekspertlərin olması çox vacibdir: "Onlar sığorta şirkətlərinin ekspertləri yox, müstəqil olmalıdır. Dövlət əgər 50 faiz ödənişləri öz üzərinə götürürsə, müstəqil hesab ediləcək ekspertlər, sığorta hadisəsinin həqiqətən də baş verməsini təsdiq edə biləcək mütəxəssislər dəvət olunmalıdır".

Ekspert xatırladır ki, sığorta şirkəti sığortalamaların çox olmasını, bununla da gəlirlərinin artmasını istər: "Amma sığorta hadisəsi baş verəndə ödəniş etmək istəmir. Onun marağı daha çox pul qazanmaqdır. Ona görə də kəndlilər haqsızlıqlarla daha çox qarşılaşdıqları üçün sığortaya maraqları o qədər də yoxdur".

V.Məhərrəmovun sözlərinə görə, sığorta şirkətləri də, əsasən, oliqarx-məmurlara yaxın adamlara məxsusdur: "Onların bəzilərinin də öz torpaq sahələri, kənd təsərrüfatında fəaliyyət göstərən şirkətləri var. Onlar da öz təsərrüfatlarını həmin şirkətlər vasitəsilə sığortalayırlar".

Azərbaycanda son illər mal-qaranın sayında azalmalar müşahidə edilir.

XS
SM
MD
LG