Wilmots hələ ki qalır
Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidmətinin yaydığı açıqlamada qurumun hələ ki Marc Wilmots-u yığmanın baş məşqçi postunda saxlamağa qərar verdiyi bildirilir. Assosiasiya rəhbərliyinin tələsik nəticə çıxarmayacağı, məşqçilər korpusunun işini diqqətlə təhlil edəcəyi də vurğulanır.
Xatırladaq ki, Belçika yığması iyulun 1-də keçirilən 1/4 final oyununda Uelsə uduzub (1:3). Komanda üzvlərinin AÇ-yə hazırlıq dövründə Wilmots-un işindən narazı olduğu haqda xəbərlər gəzir. Hətta adının açıqlanmasını istəməyən futbolçulardan biri mətbuata belə demişdi: «Turniri qazansaq, deməli, məşqçinin dediklərinin əksini etmişik».
Belçika Kral Futbol Assosiasiyasının bəyanatında isə deyilir: «Heç bir tələsik qərar qəbul olunmayacaq. Yaxın həftələrdə komandanın işini diqqətlə təhlil edəcəyik. Qərar verilən kimi elan olunacaq. Ancaq bu qərarı yaxın günlərdə gözləməyə dəyməz».
Fettel İtaliyanın formasını qəbul etmədi
Football Italia-nın yaydığı xəbərə görə, «Ferrari»nin pilotu Sebastyan Fettel Almaniya ilə İtaliya arasında keçirilən 1/4 final oyunu ərəfəsində «skuadra adzurra»nın formasını hədiyyə kimi qəbul etməkdən boyun qaçırıb. «Formula-1»də yarışan İtaliya komandasının alman pilotu bildirib ki, futbolka Antonio Conte-nin komandasının azarkeşlərinə göz yaşını silmək üçün dəsmal əvəzi lazım olacaq: «Futbolkanı özünüzə saxlayın. Oyundan sonra gözünüzün yaşını silməyə lazım olacaq».
Lempard gənc məşqçi istəyir
İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Frenk Lempard əmindir ki, baş məşqçi Roy Hodgson-un istefasından sonra milli komandaya gənc mütəxəssis rəhbərlik etməlidir. Goal.com saytı onun aşağıdakı fikirlərinə yer ayırıb: «İngiltərə yığmasında indi mən görmədiyim komanda ruhu olmalıdır. Mən çıxış etdiyim vaxtlarda 10 il ərzində komandada dəyişiklik olmadı. Yığma perspektiv haqda düşünməyi bacaran gənc məşqçiyə tapşırılmalıdır. Ancaq mən belə mütəxəssisin adını çəkə bilmərəm».
Witsel: «Ağlamağın vaxtı deyil»
Belçika yığmasının yarımmüdafiəçisi Axel Witsel Uels önündəki məğlubiyyətə görə məyusdur. Bununla belə, 27 yaşlı futbolçu belə hesab edir ki, indi ağlamağın vaxtı deyil: «AÇ-dən ayrıldığımıza görə məyusam. Ancaq indi ağlamağa dəyməz. Belə istedadlı oyunçularla Belçikanın böyük gələcəyi var. Və mən bununla qürur duyuram».