Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:49

Vaşinqtondan 'Qarabağ münaqişəsi həll olunub'... açıqlamasına cavab


Filip Riker
Filip Riker

ABŞ-dan Azərbaycana cavab

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Bakının Filip Rikerin Minsk Qrupunun həmsədri təyin olunması ilə bağlı tənqidini rədd edib.

Bu barədə "Turan"ın Vaşinqton müxbiri xəbər verib.

"...Dövlət katibi Cənubi Qafqazda sülhün təşviqinə sadiqliyimizi vurğulamaq üçün səfir Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib", - Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel avqustun 25-i brifinq zamanı müxbirin sorğusunda bildirib.

"Biz iki ölkə arasında hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün ikitərəfli, çoxtərəfli əsasda və həmfikir tərəfdaşlarla Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılmasına sadiqik", - Patel əlavə edib.

Azərbaycan XİN: "Minsk Qrupunun "reanimasiya" edilməsi…"

Azərbaycan Xarici İşlər Nazirliyi səfir Filip Rikerin Birləşmiş Ştatların (ABŞ) Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi təyin edilməsinə münasibət bildirib.

"Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun "reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər", - XİN Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva vurğulayıb. Onun sözlərinə görə, Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edilib

Səfir Filip Riker ABŞ-ın Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi təyin olunub. Onun Cənubi Qafqazda münaqişələrin həllində Vaşinqtonun işini dəstəkləyəcəyi bildirilir.

Dövlət katibi Antoni Blinkenin adından yayılmış bəyanatda deyilir ki, səfir Riker ATƏT-in Minsk qrupunun həmsədri və bu kritik dönəmdə Cenevrə Beynəlxalq Müzakirələrində (Gürcüstanda 2008-ci il müharibəsinin nəticələrinin aradan qaldırmaq üçün aparılan beynəlxalq danışıqlar – red.) ABŞ nümayəndə heyətinin əsas təmsilçisi kimi xidmət göstərəcək.

Münaqişənin uzunmüddətli siyasi həlli

Səfir Riker daha öncə ABŞ-ın Böyük Britaniyadakı səfirliyində çalışıb. 2019-cu ilin martından 2021-ci ilin avqustunadək Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.

“Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllində Ermənistanla Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir. Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda işləyəcək, ATƏT-in Minsk qrupunun həmsədri olaraq Ermənistanla Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək. Səfir Rikerin indiki məqamda təyinatı ABŞ-ın Gürcüstanla bağlı Beynəlxalq Cenevrə Müzakirələrinə verdiyi əhəmiyyəti bir daha sübut edir”, – bəyanatda vurğulanır.

Rusiya 2008-ci ildə Gürcüstanla 5 günlük müharibə edərək Cənubi Osetiya və Abxaziya separatçı bölgələrinin müstəqilliyini tanıyıb.

Ötənilki səfərdən sonra...

Filip Riker ötən ilin iyununda dövlət katibinin köməkçisi vəzifəsində Bakıya səfər edəndən sonra 15 erməni məhbus azad edilib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

ATƏT-in Minsk qrupu 30 ilə yaxın sülh danışıqlarına vasitəçilik edib. Ancaq müharibə bitəndən sonra Prezident İlham Əliyev bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin işinin bitdiyini bildirib.

ABŞ-ın yüksək rütbəli rəsmiləri isə Minsk qrupunun həmsədrliyinə dəstək bildiriblər.

XS
SM
MD
LG