İranlı sənədli film rejissorları Mina Keşəvərz və Firuzə Xosrovani mayın 10-da Tehranda həbs olunublar. Onların evlərində axtarış aparılıb, şəxsi və peşə əşyaları, o cümlədən mobil telefonları, yaddaş kartları və noutbukları müsadirə edilib.
Keşəvərz və Xosrovani mayın 17-də zaminə buraxılıb. Onların altı ay ərzində ölkədən çıxışı yasaqlanıb. Rejissorların həbsindən bəri onlara rəsmi ittiham irəli sürülməyib.
Filmləri
Xosrovaninin 2020-ci ildə çəkdiyi "Radiography Of A Family" adlı film Amsterdam sənədli film festivalında (IDFA) ən yaxşı tammetrajlı film mükafatını qazanıb.
Keşəvərzin çəkdiyi filmlər arasında isə "Braving The Waves", premyerası Şeffild sənədli film festivalında olmuş "The Art Of Living In Danger" və yeddi qadın rejissordan bəhs edən "Profession: Documentarist" filmləri var.
Təhlükədə olan Film Rejissorları üçün Beynəlxalq Koalisiya (ICFR) 2019-cu Avropa Kino Akademiyası (EFA), Amsterdam beynəlxalq sənədli film festivalı (IDFA) və Rotterdam beynəlxalq film festivalı (IFFR) tərəfindən yaradılıb. Qurumun məqsədi təqiblə üzləşən kinematoqrafçıları dəstəkləməkdir. Koalisiya Keşəvərz və Xosrovaninin həbsinə dair bəyanatında İranda kinematoqrafçıların həbsi ilə bağlı səngiməyən xəbərlərdən son dərəcə narahat olduğunu və kinematoqrafçıların yaşayıb-yaratdığı artan qorxu və təhlükə mühitinə son qoyulmasını tələb etdiyini bildirib.
"Təhlükəli addımlar"
"Bu qədər dünya miqyaslı rejissorları "zaminə buraxma" kimi vəziyyətdən asılı qoymaq onların səyahət etməsinə, işləməsinə və ya həm beynəlxalq, həm də İran mədəni həyatına töhfə verməsinə mane olur", – ICFR sədri Orva Nirabia deyib.
"Bu kimi addımlar təhlükəlidir və belə sənətkarlar təqib edilməli deyil, onlara dəyər verilməlidir. Onu da qeyd edək ki, onlar tək deyil. Dünyanın hər yerindən kinematoqrafçılar onların yanında olacaq və onların azadlıq və təhlükəsizliyini qoruyacaq", –o əlavə edib.
"Hazırda bu kinematoqrafçıları müdafiə etmək son dərəcə vacibdir. Onların azadlığa buraxılması sadəcə müvəqqətidir və ailələrinin müdaxilə edərək onları zaminə çıxarmasından sonra mümkün olub", – ICFR-nin həmtəsisçisi, Avropa Kino Akademiyasının sədri Mayk Dauni deyib.
İranda açıq məktub
İranın özündə isə bir qrup iranlı aktyor və rejissor, o cümlədən Berlin film festivalının "Qızıl ayı" mükafatı laureatı Məhəmməd Rəsulof açıq məktub dərc ediblər. Mayın 14-də Rəsulofun Instagram səhifəsində yayılan məktubda rejissorların həbsi və sorğu-sual edilməsi qınanıb.
Rəsulofun da xarici səfərlərinə qadağa qoyulub. O da öz fəaliyyətinə görə bir illik həbs cəzasına məhkum edilib. Ancaq hələ cəzasını çəkməyib. "Qızıl ayı" və Kann film festivalının "Qızıl palma" mükafatları laureatı Cəfər Pənahi də məktubu imzalayanlar arasındadır. O, İranda yaşayır və onun da ölkədən çıxmasına qadağa qoyulub.
Məktubda sənədli film rejissorları da daxil olmaqla, bütün ideya, mədəniyyət və incəsənət məhbuslarına azadlıq tələbi yer alıb.
Mayın 18-də paylaşılmış bir Instagram postunda isə Rəsulof həmkarlarına qarşı empatiya göstərməkdənsə, öz mövqeyini qorumağa üstünlük verən tanınmış simaları məktubu imzalamaqdan çəkindikləri üçün tənqid edib. "Bəlkə də, gələcəkdə cəmiyyətdən faydalanan, ancaq öz şəxsi mənfəət və mövqelərini hər şeydən üstün tutan şəxslərin adları ayrıca siyahıda qeyd olunmalıdır", – o deyib.