Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:06

İranda çəkilmiş yol filmləri


"Hit the Road" filmindən kadr
"Hit the Road" filmindən kadr

İranda heç bir kinorejissor senzuranın təzyiqlərindən sığortalanmayıb. Ölkədə çəkilən filmlər Mədəniyyət və islam qaydaları nazirliyində təsdiqlənməlidir. Bu icazə təkcə filmlərin nümayişi üçün yox, həm də çəkilişi üçün alınmalıdır. Hökumət standartlarına cavab verməyən filmlərin rejissor və prodüserlərinin qarşısında bir çıxış yolu qalır. Onlar nazirliyə təqdim etdikləri layihədə standartlara cavab verməyən səhnəni çıxarırlar, reallıqda isə o səhnəni çəkirlər. Digər bir variantsa filmi yolda çəkməkdir.

İkinci ev

Pənah Pənahi ikinci yolu seçib və dünya ekranlarına "Hit the Road" adı ilə çıxan uğurlu debüt filmini çəkib. "Müəyyən mənada biz iranlılar üçün maşın ikinci evə çevrilir. Maşının içində müəyyən qədər təhlükəsizlik var. Bu qədər çox yol filmləri görməyinizin səbəbi də budur", – Pənahi filminin ABŞ-da ekranlara çıxması ərəfəsində "IndieWire" saytına müsahibəsində deyib.

Yol filmləri İran kinosu üçün yenilik olmasa da, "Hit the Road" çox özünəməxsus filmdir. Burada həm ailə dramı, həm də qaçış hekayəsi var. Hadisələr bir ailənin bilinməyən səbəbdən İranın şimal-qərb sərhədinə qaçışı ətrafında cərəyan edir. Bütün film bir avtomobilin içində və ətrafında çəkilib. 20-yaşlı Fərid valideynlərinin köməyi ilə İrandan qaçır. Arxa oturacaqda oturan 6-yaşlı kiçik qardaşı dəcəllik edir. Filmdə faciə dolu mübahisələrdən tutmuş, komediya və hətta mistik səhnələrə qədər hər şey var.

Pənah Pənahinin atası, tanınmış rejissor Cəfər Pənahi də 2015-ci ildə çəkdiyi "Taxi" komediyasını maşında, daha doğrusu, Tehranın içərisində sürdüyü taksidə çəkib. İran hökuməti ata Pənahiyə film çəkməyi qadağan etsə də, film Berlin film festivalının əsas "Qızıl ayı" mükafatına layiq görülmüşdü.

Real həyatın verdiyi ideya

"İranda kino çəkməkdən başqa seçimim yoxdur, çünki bu insanları başqa hər yerdə yaşayan insanlardan yaxşı tanıyıram", – oğul Pənahi deyir.

"Hit the Road" İran hökumətinin senzurasından keçməyib. Ancaq onsuz da gənc rejissorun dünyada tanınması üçün onun İranda göstərilməsinə ehtiyac yox idi. Ötən il Kann film festivalının "Rejissor ikihəftəliyi"ndə həm auditoriya, həm də tənqidçilərin rəğbətini qazanan filmin uğurları payız mövsümündə də davam edib.

Pənahi filmin ideyasını real həyatdan aldığını deyib: "Dostlarımın çoxu ölkədən mühacirət edib. İki-üçü isə qanunsuz mühacirət edib. Bunun necə edildiyini mənə göstərən də onlar olub".

İran kinosu Cəfər Pənahi, Abbas Kiyarüstəmi və "Oskar" laureatı Əsgər Fərhadi kimi ustadlara görə yüksək qiymətləndirilir.

"Ağ inəyin balladası"

Ötən il çəkilən, premyerası Berlində keçirilmiş "Ballad of a White Cow" filmi də İranda yasaqlanmışdı. Behtaş SanaihaMəryəm Mokadamın birlikdə çəkdiyi filmin ssenarisində yanlışlıqla ölüm cəzasına məhkum edilmiş kişinin arvadı ədalət uğrunda mübarizə aparır və eyni hakim tərəfindən çətin vəziyyətə salınır. Rejissor cütlüyü fevralda Berlin kinofestivalında "Eurimages Co-production Development" mükafatına layiq görülüb. Mükafat onların "My Favorite Cake" adlı növbəti layihəsini maliyyələşdirmək məqsədi daşıyır. Bu yeni film İranda yaşayan bir ortayaşlı qadın haqdadır. Rejissorlar eyni zamanda həm xaricdən daha çox dəstək toplamağa, həm də filmin İranda çəkilməsi üçün icazə almağa çalışırlar.

Ancaq başqa çıxış yolu tapan rejissorlar da var. Məsələn, hələ ekranlara çıxmamış, ancaq premyerası ötən ay Kannda olmuş "Holy Spider" trilleri İordaniyada çəkilib. Hərçənd, filmdə hadisələr Məşhəd şəhərində cərəyan edir. Hökumət filmin İranda çəkilməsinə icazə vermədiyindən müəlliflər bu addımı atmağa məcbur olublar. Filmin aktyor heyəti iranlılardan ibarətdir. Filmin rejissoru Əli Abbasi "Border" adlı son filminin Tellurayd film festivalında təqdimatı zamanı Qərbdə İrandakı dini ekstremizmlə bağlı təsəvvürlərə təzad yaratmağa çalışdığını bildirib. "Sadəcə, insanlara göstərmək istəyirsən ki, bütün iranlılar elə deyil. Bilirsiniz ki, biz də insanıq?", – o deyib.

XS
SM
MD
LG