Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:45

«Formula-1»in alacaq və verəcəkləri


Bakıda Formula-1
Bakıda Formula-1

-

«Formula-1» Avropa Qran-prisinin Bakıda keçirilən ilk yarışından ölkənin çıxarları haqda çox danışılıb.

Yarışın 5 il ard-arda Azərbaycanda təşkil olunmasına çəkiləcək xərclər açıqlanmır, amma ilk yarışın neçəyə başa gələcəyi haqqında bəzi rəqəmlər deyilir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ödəniş və təşkilati işlərə təxminən 100 milyon manat xərcləyib. Bu məbləğin əsas hissəsi dövlət büdcəsindən ayrılıb.

Bunlar xərclərin heç də hamısı deyil: Trekin keçdiyi avtomobil yoluna yeni asfalt örtüyünün döşənməsini 12 milyon manata başa gəlib. Bəzi küçələrdə binaların fasad və damının təmirinə Bakı şəhər İcra Hakimiyyəti də bir xeyli pul xərcləyib.

Yarış bitəndən sonra çəkilən bütün xərclərin məlum olacağını deyən gənclər və idman naziri Azad Rəhimov gəlirlərdən danışmağa meylli deyil. Mediayaaçıqlamasında satışa çıxarılan biletlərdən 2 milyon manat götürüldüyünü söyləyən nazir izləmə tribunalarındakı 18 min 500 yerin əsas bölümünün satıldığını bildirib.

BİLETLƏRİN 30 FAİZİNİ ƏCNƏBİLƏR ALIB?

Qiyməti 120-472 ABŞ dolları (təxminən 182- 720 manat) arasında dəyişən üçgünlük biletlərin 30 faizini əcnəbilər alıb. Yarışlar başlansa da, təşkilatçılar bir çox tribunalarda boş yer olduğunu və bilet satıldığını deyirlər. Yalnız 5 bölümdəki yerlər tam tutulub.

Belə görünür ki, «Formula-1»-dən ən karlı otellər çıxacaq. Turistlərin yerləşdirilməsi üçün seçilmiş 31 oteldən 10-u («Hilton, Four Seasons», «JW Marriott Absheron», «Central Park», «Karat Inn», «Passage Boutigue» və başqaları) nömrələrin tamamının satıldığını bildirir.

Bakı otelləri builki qədər yüksək qiymətə nömrə təklif etməmişdilər. Azı, 4 gün gecələyəcək turistlər bir günə 120 dollardan 625 dollaradək pul ödəyəcəklər. Maraqlıdır ki, gecəsi 500-625 dollar olan otellərdə («Hilton», «Four Seasons», «JW Marriott») artıq boş nömrə yoxdur.

«BİR TURİSTİN BİRGÜNLÜK XƏRCİ...»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Bakıda indiki qədər əcnəbi turist görmədiyini söyləyib:

«Bir çoxları, xüsusən siyasi opponentlər, izafi xərcləri əsas gətirərək, «Formula-1» yarışının Azərbaycanda keçirilməsinə neqativ yanaşırlar. Amma obyektivlik naminə demək lazımdır ki, xarici turistlərin ölkəyə ayaq açması üçün indiki dövrdə bu yarışdan yaxşı vizit kartı ola bilməzdi. Yarışları izləməkdən ötrü dünyanın hər yerindən varlı-hallı şəxslərin gəldiyini nəzərə alsaq, bir turistin birgünlük xərcinin, orta hesabla, 3 min dollar civarında olacağını güman edirəm».

İlham Şabanın sözlərinə görə, otellərlə yanaşı, indi Bakının mərkəzindəki, özəlliklə İçərişəhərdəki kafe və restoranlara da «gün doğub»: Əcnəbi müştərilərin sayı yerlilərdən daha çoxdur. Xüsusən Şərq ölkələrindən gələn və Bakının Avropa havasını alan turistlərə gecə həyatı daha əyləncəlidir.

3 MİN DOLLARDAN BAŞLAYAN DƏNİZ TURLARI

Bakı buxtasında Yaxt Klubdakı kiçik sərnişin gəmiləri bir neçə saatlıq rəngarəng proqramla dəniz gəzintisinə adambaşı 3 min dollardan başlayan səyahət turları təklif edirlər.

Turistlərin qaynayıb-qarışdığı Tbilisidən fərdli olaraq, Bakı turist axınını yalnız idman yarışları keçirilərkən hiss edir. «Formula-1»in ölkəyə daha çox turistin gələcəyinə təkan verib-verməyəcəyini zaman göstərəcək. Görünən odur ki, turistlərə xidmət göstərən və qiymətləri əndazəni aşan obyekt sahibləri «soğan olsun, nağd olsun!» prinsipiylə davranaraq, perspektivə işləmir və bu üçgünlük yarışdan elə indi maksimum fayda götürmək istəyirlər.

XS
SM
MD
LG