Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:28

“Lil döyüşündə” ingilislərlə uelslilər ruslara qarşı birləşiblər


İngiltərə və Uels azarkeşləri Rusiya azarkeşlərini "hoydu-hoyduya" götürüblər
İngiltərə və Uels azarkeşləri Rusiya azarkeşlərini "hoydu-hoyduya" götürüblər

Qarşıdurma şəhər mərkəzindəki pivə barlarından birinin qarşısında baş verib

Britaniya mətbuatı yazır ki, Rusiya azarkeşləri ölkələrinin Marsel matçından sonra “qovulmaq xəbərdarlığı” almasına baxmayaraq, İngiltərə və Uels azarkeşləri ilə Lil şəhərinin mərkəzində toqquşublar.

Qarşıdurma şəhər mərkəzindəki pivə barlarından birinin qarşısında baş verib.

Bundan əvvəl Rusiyanın futbol rəsmiləri UEFA-nı İngiltərə azarkeşlərinin xuliqanlığını görməməzliyə vurmaqda ittiham ediblər.

“The Telegraph” yazır ki, stulların və butulkaların atılması ilə müşayiət olunan qarşıdurmada Uels azarkeşləri də İngiltərə azarkeşlərinə dəstək veriblər.

Britaniya mediası vurğulayır ki, Marseldə baş vermiş xuliqanlıq hərəkətlərinə görə hər iki ölkənin futbol rəsmilərinə xəbərdarlıq edilsə də, UEFA rəsmi qaydada yalnız Rusiya komandasına qarşı qərar çıxarıb.

“Beynəlxalq qəsd”

Rusiyanın idman naziri Vitali Mutko belə münasibəti ədalətsiz adlandırsa da, qərardan apellyasiya verilməyəcəyini bəyan edib.

Artyom Dzyuba deyir ki, onun ölkəsini "gözümçıxdıya" salıblar
Artyom Dzyuba deyir ki, onun ölkəsini "gözümçıxdıya" salıblar

Rusiya komandasının məşqçisi Leonid Slutski və hücumçu Artyom Dzyuba Rusiya azarkeşlərini “yaxşı davranışa” dəvət ediblər.

Bununla belə, Dzyuba deyib ki, Rusiya xuliqanlarının intensiv tənqid olunması, onun ölkəsini Avropa çempionatından və hətta 2018-ci il Dünya Çempionatının ev sahibliyindən məhrum etməyə yönəlmiş “beynəlxalq qəsddir”.

Britaniya mətbuatında 2018-ci il çempionatının adı doğrudan da tez-tez çəkilir.

Rusiya telekanallarının efirə verdiyi videosüjetlərdə İngiltərə azarkeşlərinin Rusiya bayraqlarını yandırması göstərilir.

Lil şəhərinin “qara günü”

Buna baxmayaraq Britaniya polisi 50-dək “İngiltərə futbol xuliqanının” kimliyinin müəyyənləşdirildiyini bildirib.

Lil şəhərinin polisi bildirib ki, çərşənbə axşamı saat 6-dan üç gün müddətində şəhərin supermarketlərinə spirtli içkilərin satışı qadağan edilib.

Bu gün az sonra Avropa Çempionatının növbəti oyununda Rusiya komandası Slovakiya ilə qarşılaşacaq.

Lil polisi İngiltərə və Uels azarkeşlərindən cümə axşamınadək şəhərə gəlməmələrini xahiş edib. İngiltərə-Uels matçı məhz həmin gün keçiriləcək.

Şəhər prefekturasının başçısı Michel Lalande çərşənbəni “qara gün” adlandırıb.

“Bu gün şəhərdə 15 min rusiyalı azarkeş olacaq” – deyib prefekt.

XS
SM
MD
LG