Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:44

Fəalların həbsdə aclığa başladığı açıqlanıb


Həbsxana
Həbsxana

Həbsdə siyasi məhbus sayılan şəxslərdən 5 nəfərin «Mehman Hüseynova dəstək və bütövlükdə siyasi məhbuslara azadlıq» şüarı ilə aclıq aksiyasına başladıqları bildirilir. Bununla bağlı onların bəzilərinin adından bəyanat açıqlanıb.

Söhbət İlkin Rüstəmzadədən, Bayram Məmmədovdan, Elçin İsmayıllıdan və Əhsən Nuruzadədən gedir.

Bəyanatda: «Biz ölkənin zülmətə qərq olmasına etiraz edirik. Biz repressiyalara etiraz edirik. Və susmayacağıq!..», – deyə yazılıb.

Eyni zamanda aksiyaya gənc fəallardan Qiyas İbrahimovun da qoşulduğu bildirilir.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə «Turan» agentliyinə bildirib ki, hazırda onların heç bir müəssisəsində aclıq aksiyası keçirilmir.

Bununla yanaşı, M.Sadıqov cəzaçəkmə müəssisələrində və ya təcridxanalarda aclıq aksiyası keçirilmə məsələsinə də münasibət bildirib:

M.Sadıqov
M.Sadıqov

«Əgər hər hansı şəxs cəzaçəkmə müəssisəsində və ya təcridxanada aclıq aksiyası keçirirsə, bu barədə öncə müəssisə rəhbərliyini məlumatlandırmalı, ərizə ilə müraciət etməlidir. Müttəhimin və ya məhkumun bu addımı atması üçün əsas varsa, digərlərindən təcrid olunur, səhhəti nəzarətə götürülür, vəziyyəti pisləşdikdə, həkim müdaxiləsi olur. Yox, əgər müttəhim və ya məhkum müəssisə rəhbərliyini məlumatlandırmadan belə bir aksiya keçirirsə, bu, daxili intizam qaydalarının pozulması deməkdir, buna görə intizam tədbirləri nəzərdə tutulur».

Onlar kimdir

İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc 8 il həbs cəzası alıb. «Amnesty International» hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci «vicdan məhbusu» adlandırıb.

B.Məmmədov 2016-cı ildə narkotik ittihamıyla həbs edilib və 10 il həbs cəzası alıb. Məhkəməsində ittihamı əsassız sayan gənc keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək» yazdığına görə şərləndiyini vurğulayıb.

Q.İbrahimov da B.Məmmədovla eyni gün, eyni ittihamla həbs edilib. Eyni cəza alan bu gəncin də eyni səbəbdən tutulduğu bildirilir. O da ittihamı qəbul etmir.

2017-ci ildə həbs edilən E.İsmayıllı isə bir sıra saytlarla əməkdaşlıq edib. Rüşvətdə ittiham edilən E.İsmayıl ittihamı qurama sayır. Əvvəlcə 9 il həbs alsa da, sonradan cəzası 7 ilə endirilib.

2017-ci ildə həbs edilən Ə.Nuruzadə isə narkotikdə ittiham edilib. O da ittihamı qəbul etmir. 7 il həbs cəzası alan Ə.Nuruzadə «Müsəlman Birliyi» Hərəkatının fəallarındandır.

Yerli hüquq-müdafiə təşkilatları onları siyasi məhbus sayır. Azərbaycan həbsxanalarında 150 civarında siyasi məhbus olduğu bildirilir. Amma rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bloqer ittihamı qurama sayır.

XS
SM
MD
LG