Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:12

General jurnalistdən 100 min istəyirdi, məhkəmə 200 manat kəsdi


Manat
Manat

Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general Ayaz Həsənov jurnalist Səxavət Məmmədi cərimələtdirib. İyulun 31-də Ağdam Rayon Məhkəməsi generalın jurnalistə qarşı iddiası əsasında qərar çıxarıb.

Jurnalistin bloq yazısında onun işgüzar nüfuzuna zərbə vurduğunu iddia edən A.Həsənov buna görə S.Məmməddən 100 min manat təzminat tələb edirdi. Bu vəsaitin tutulub Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsini istəyirdi.

Məhkəmə iddiaçı generalı haqlı saysa da, təyin etdiyi təzminatın məbləği onun tələb etdiyindən xeyli az olub - 200 manat.

Amma jurnalist bu qərarla da razı deyil. S.Məmməd AzadlıqRadiosuna bildirib ki, bloq yazısında generalın işgüzar nüfuzuna zərbə hesab olunacaq heç nə yoxdur: «Ayaz Həsənov hərbçi-generaldır, biznesmen deyil ki, işgüzar nüfuzuna xələl gəlsin. Məhkəmədə də dedim, mənim yazımdan sonra hansı zabit Ayaz Həsənovu görəndə salam verməyib, desin, bilək. Mən bu məhkəmə işindən xəbər tutanda dedilər ki, narahat olma, iddia geri götürüləcək. Ona görə heç iki məhkəmə iclasına getmədim, vəkil də tutmadım».

S.Məmmədin mayın 25-də yayımlanan bloq yazısında Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun daha yüksək vəzifəyə gedəcəyindən, bu vəzifəyə isə müavini Ayaz Həsənovun hazırlanmasından bəhs olunurdu.

Bundan iki gün sonra - mayın 27-də S.Məmməd həbs olundu. Ağdam Rayon Məhkəməsinin qərarında onun aliment öhdəliyini yerinə yetirmədiyinə görə 10 günlük inzibati həbs edildiyi göstərilirdi. Amma özü bloq yazısına görə general N.Sadıqovun sifarişiylə həbs olunduğunu iddia edirdi.

O, Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxıldı.

S.Məmməd yenicag.az saytının əməkdaşıdır.

XS
SM
MD
LG