AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı məhkəmədə indiki mərhələdə ifadə verməkdən imtina edib. Dekabrın 13-də Qazax Rayon Məhkəməsində onun işinə baxılarkən deyib ki, özünü təqsirli bilmir, ona görə də şahidlər dindiriləndən sonra ifadəsini verəcək.
Məhkəmədə öncə prokuror Vasif Səlimov ittiham aktını elan edib. İttihamda yazılıb ki, mayın 25-də Gürcüstandan qayıdan Gözəl Bayramlı Qazaxdakı “Şıxlı” sərhəd nəzarəti məntəqəsini keçəndə çantasından bəyan edilməmiş 12 min dollar pul tapılıb.
XƏBƏRDARLIĞIN DAVAMI
Hakim Gözəl Bayramlıdan elan olunmuş ittihamı qəbul edib-etmədiyini soruşub. Siyasətçi xanım belə cavab verib: “Mən özümü qətiyyən təqsirli bilmirəm. Bu həbs birmənalı şəkildə mənim siyasi fəaliyyətim, o cümlədən AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olmağım, daim hakimiyyəti, onların korrupsiya əməllərini tənqid etməyimlə bağlıdır”.
Buna da bax: Gözəl Bayramlının şikayəti təmin edilmədi
G.Bayramlı məhkəmədə indiki mərhələdə ifadə verməkdən imtina etdiyini desə də, Gürcüstana səfərinin məqsədi haqda qısa danışıb. Söyləyib ki, son illərdə dəfələrlə müayinə və müalicə məqsədi ilə qonşu ölkəyə səfər edib, orada cərrahiyyə əməliyyatı keçirib.
“Mən həbs olunacağım haqda əvvəlcədən məlumatlı idim. Hələ 2016-cı ilin oktyabrında məni “bandotdel”ə (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.) çağıranda orada hədə-qorxu gəldilər, xəbərdarlıq elədilər ki, həbs oluna bilərəm. Bu hadisə də həmin xəbərdarlığın davamı idi...”, - G.Bayramlının sözləridir.
Buna da bax: Ekspert: 'Çovdarov 3 ildən sonra 'üçdə bir'lə azadlığa da çıxa bilər'
Bundan sonra vəkil Elçin Sadıqov vəsatət qaldıraraq deyib ki, hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti yaydığı bəyanatda G.Bayramlının təqsirsizlik prezumpsiyası hüququnu pozub. Müdafiəçi həmin bəyanatın cinayət işinin materiallarına əlavə edilməsi və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyib. Vəsatət təmin olunub.
“ÇANTADAN 12 MİN DOLLAR ÇIXDI”
Ardınca şahidlər dindirilib. Məhkəmədə ifadə verən şahidlərin əksəriyyəti sərhədçilər, gömrük əməkdaşları olub. Gömrük-keçid məntəqəsində baş inspektor vəzifəsində işləyən Anar Hüseynəliyev deyib ki, gizir Elmar Yusifov şəxsiyyəti təsdiq edən sənədləri yoxlayanda G.Bayramlıdan şübhələnib. Buna görə də o, nəzarətə götürülüb, əşyaları monitordan keçirilərək yoxlanılıb. Şahidin iddiasına görə, həmin vaxt çantadan 12 min dollar tapılıb.
Buna da bax: G.Bayramlı: 'Milyonlar yeyən generallar azadlıqdadır, məni isə ev dustaqlığına...'
Şahid Elmar Yusifov da eyni məzmunlu ifadə verib.
“Şıxlı”da qeyri-rəsmi xadimə işlədiyini deyən Aidə Əhmədovanın adı isə hal şahidi kimi keçir. Məhkəmədə deyib ki, onu çağırıb şahidlik etməsini istəyiblər: “Gördüm ki, çantadan 12 min dollar pul çıxdı”.
Azərbaycan-Gürcüstan sərhədindəki neytral zonada çay satdığını deyən Atlas Əmirxanova da hal şahidi qismində tanınıb. Deyir ki, hər gün səhər sərhədi keçir, axşam saatlarında geri qayıdır. Onun sözlərinə görə, hadisə günü qayıdarkən G.Bayramlı onun qarşısında gedirmiş:
Buna da bax: Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı
“Məndən irəlidə idi. Çatanda onu yoxladılar. Sonra məlum oldu ki, çantasında pul var”.
Həmin vaxt G.Bayramlı ilə birlikdə qayıdan Almaz Rəhimova da məhkəmədə dindirilib. O bildirib ki, G.Bayramlı ilə bundan öncə də müayinə və müalicə üçün Gürcüstana gedib-qayıdıblar: “Bu səfərimiz də növbəti dəfə müayinə olunmaq üçün idi. Qayıdanda biz sərhədi keçərkən kompüterlər dayandı. Səbəbini soruşanda dedilər ki, sistem donub. Təxminən 10-15 dəqiqə bizi belə yubatdılar. Sonra biz Gözəl xanımla ayrı-ayrılıqda pasport nəzarət-buraxılışdan keçirdik. Mən keçib çıxdım, bir neçə saniyə sonra baxdım ki, Gözəl xanım yoxdur. Düşündüm ki, bəlkə o, artıq çıxıb. Axtardım, tapa bilməyəndə anladım ki, içəridədir. Onda artıq məntəqənin qapılarını bağlamışdılar. Şüşələrdəki qara örtüyün bir hissəsi cırılmışdı, oradan baxanda gördüm ki, onun əşyalarını töküblər”.
Buna da bax: 'Rabitəçilər işi': Cəzalar yüngülləşdirildi, milyonlar özlərinə qaytarıldı [siyahı]
ŞAHİDİ DANLAYIBLAR
Şahid deyir ki, G.Bayramlının çantasında dörd cüt ayaqqabı olub. Onu da Gürcüstanda “hər ayaqqabıya biri də pulsuz” aksiyası ilə alıblar.
A.Rəhimovanın sözlərinə görə, yalnız səhər açılandan sonra ona məlumat verilib ki, G.Bayramlını Şəmkirə aparıblar: “Şəmkirə getdim, orada da dedilər ki, artıq Bakıya aparıblar”.
Şəmkir Sərhəd Dəstəsinin təhqiqatçısı Allahverdi Məmmədov da məhkəmədə şahid kimi ifadə verib. Deyib ki, ona belə bir hadisə olduğunu deyib, “Şıxlı”ya çağırıblar: “Dedilər ki, pul tapılıb. Aktlaşdırdıq. Sonra bütün protokollar Bakıya göndərildi”.
Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'
Şahidin sözlərinə görə, G.Bayramlı protokolları imzalamaqdan imtina edib, şəxsi vəkilini tələb edib. Bundan sonra ona yaxınları ilə əlaqə saxlamağa imkan yaradılıb.
Bu məqamda G.Bayramlı deyib ki, bu şahid ona yaxınları ilə əlaqə saxlamağa imkan yaratdığına görə onun özünü danlayıblar: “Bakıdan Dövlət Sərhəd Xidmətindən Mübariz Məmmədov telefonda onun üstünə qışqırdı ki, niyə imkan verib zəng eləməyə”.
Amma şahid G.Bayramlının bu haqda söylədiklərini təsdiqləməyib.
Məhkəmə dekabrın 26-da qalan şahidlərin ifadəsi ilə davam edəcək.
Buna da bax: Leyla Yunus: 'CNN-də Azərbaycanın reklamlarına inanmayın'
XATIRLATMA
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.