Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:03

Guaido qaranlıqda and içməli olub (VIDEO)


Juan Guaido
Juan Guaido

Venesuela müxalifətinin ABŞ və əksər Qərb ölkələri tərəfindən qanunu keçid prezidenti kimi tanınan lideri Juan Guaido yanvarın 7-də öz tərəfdarları ilə Milli Məclisin binasına daxil ola bilib.

Reuters agentliyi yazır ki, o yanvarın 7-də keçirilən sessiyada yenidən seçilmiş spiker kimi and içməli idi.

Hakimiyyətini qoruyub saxlamğa çalışan prezident Nicolas Maduronun milli qvardiyası bir gün əvvəl Guaido və tərəfdarlarının parlamentə daxil olmasının qarşısını almışdı.

Bundan məqsəd spiker postuna Maduronun namizədi Luis Eduardo Parranı oturtmaq idi.

Vaxtilə müxalifətin sıralarından korrupsiya ittihamı ilə qovulmuş Parra özünü spiker elan etmiş və bu vəzifəyə yetərsayın olmamasına baxmayaraq seçilmişdi.

Buna cavab olaraq Guaido və tərəfdarları başqa bir yerdə səsvermə keçirmişdilər. Burada onun spiker olması leyhinə 167 deputatdan 100-ü səs vermişdi.

Buna baxmayaraq o parlament binasına gələ bilmirdi.

Amma yanvarın 7-də müxalifət və milli qvardiya arasında gedən uzun və qızğın müzakirələrdən sonra Guaido və onu dəstəkləyən deputatlar parlament binasına buraxılıblar.

Burada sessiya davam etsə də, Parra artıq çıxıb getmişdi və Guaido rahatca spiker kürsüsündə əyləşib.

Lakin bunun dərhal ardınca zalda işıqlar söndürülüb və Guaido yarıqaranlıqda and içməli olub.

Təxminən bir il əvvəl Venesuela müxalifəti Nicolas Maduronun təkrar prezident seçilməsini tanımaqdan imtina etdikdən sonra Guaido özünü keçid prezidenti elan etmişdi.

Buna baxmayaraq real hakimiyyət hələ də Maduroda qalır.

ABŞ Maduronu hakimiyyətin qəsb edilməsində ittiham edir və Guaido-nu legitim dövlət başçısı kimi tanıyır.

ABŞ dövlət katibi Mike Pompeo Guaido-nu təkrar spiker seçilməsi münasibətilə təbrik edib.

XS
SM
MD
LG