Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

Bakının gül mağazaları iflas həddindədir


►“İndi hamı 8 martı gözləyir"

Bakının mərkəzindəki gül mağazalarının birində satıcı divanda mürgüləyir. Ara-sıra mağazaya gəlib-gedəni görməkdən ötrü gözünü açır.

Ancaq alıcı yoxdur. Fərhad Qurbanovun mağazasındakı güllər alıcı gözləsə də, gələn yoxdur. Mağaza sahibi deyir, hava qaralır, səhərdən, bir dənə də olsun, gül satmayıb:

“Siftə eləməmişəm. İndiyədək heç belə ağır durumda olmamışdıq. Camaatı da qınamaq olmaz. Fikilərşir ki, gülə verdiyi pula ərzaq alar”.

Fərhad Qurbanov deyir, çətin günlər birinci devalvasiyadan sonra başlayıb. İkinci devalvasiyadan sonra isə gül mağazası olan tanışlarının çoxu dükanı bağlayıb. Güllərin çoxu xarici ölkələrdən – Hollandiyadan, İsraildən gətirildiyindən baha başa gəlir:

“Gül də elə şeydir ki, satılmadı, atmalısan. Ona görə ziyana işləyirik. İndi hamı 8 martı gözlıyir ki, bəlkə onda nəsə sataq, borcları ödəyək. Hələ bu harasıdır? Bayramdan sonra gül mağazalarının çoxu bağlanacaq. Hətta keçən il 8 martdan bir ay qabaq sifarişlər olurdu. Ancaq bu gün artıq ayın 1-dir, hələ heç kim heç nə sifariş eləməyib. Adamların çoxu gəlib baxmaqla qidalanır”.

Qızılgüllər, pionlar, pambıqlar...

​Bakıdakı gül mağazalarında ən bahalı güllər 4-8 manata satılan qızılgüllər, pionlar, qartenzalardır. Liliyalar 5-10 manata satılır. Yerli güllər də var ki, onların qiyməti 2 manatdan başlayır. Dekor üçün üstündə təbii pambıq olan çubuqlar da satılır. Onların qiyməti 1 manatdır.

Satıcı Tələt Əliyev gül mağazasını bağlamağa hazırlaşır. Deyir, kirayə haqqını ödəyə bilmir, çünki satış yoxdur:

“Xaricdən gələn güllərin qiymətini qaldırdıq, onda da alan olmadı. Ərzaq da deyil ki, görsən xarab olur, özün yeyərsən, tanış bilişə verərsən. Axırıncı günə qədər alıcı gözləyirik. Olmayanda, atırıq”.

“Müştərimiz 30 faiz azalıb”

Hələ 90-cı illərdən Rəşid Behbudov küçəsində fəaliyyət göstərən kiçik gül mağazasının satıcısı Ataş Tağıyev deyir, özləri ziyana düşsə də, güllərin qiymətini qaldırmayıblar ki, müştəri itirməsinlər:

“Onsuz da alıcı azalıb. Əvvəlkinə baxanda, bir 30 faiz müştərimiz azalıb. Hələ biz qiymətləri qaldırmamışıq. Ən bahalı qızılgüldür, 4 manatadır. Bir də 7 manata liliya. Qalanlar 2-3 manata”.

Alıcı kimi görünən Vasif Kərimli də mağazaya baş çəksə də, qiymətləri öyrənincə əliboş çıxır. Vasif bacısının ad gününə 5 dənə qızılgül almaq istəyirmiş:

“Ancaq görürəm ki, 30 manat edir. Bahadır, o pula başqa hədiyyə də ala bilərəm”.

Gül alınmalılar sırasında axırıncıdır

Fikrini soruşduğumuz sakinlərin çoxu bahalığa görə indi gül almadıqlarını söyləyirlər:

– Çox bahadır. Bir dəfə sevgilimə almaq istədim, az qala, bir buketə maaşımın yarısını verdim. Maaşım da elə çox deyil (gülür).

– Vallah, mən heç gülün qiyməti ilə maraqlanmıram. O qədər alınası şey var ki. Gül mənim üçün bəlkə alınmalı ən axırıncı şeydir.

– Yox, gül almıram. Onsuz da gül həmişə baha olub, indi yəqin lap baha olar.

– Bu vurhavurda gül yada düşər?

– Nə qədər baha olsa da, həyat yoldaşıma, heç olmasa, ayda bir dəfə 1 ədəd olsa belə gül alıram.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Şərait olmalıdır”

Bakı mağazalarında, az da olsa, yerli güllərə də rastlamaq olur. Satıcı Kərəm Məmmədov havalar istiləşəndən yerli güllərin çoxaldığını, qiymətin də nisbətən ucuzlaşacağını söyləyir.

Ancaq istixanası olan Binəqədi sakini Habil Fərəməzov yerli gülü çox əziyyətlə yetişdirdiyini deyir:

“Bu gül elə bir şeydir ki, vaxtında dərmanı, suyu, istiliyi, qazı olmalıdır. Toxumundan, şitilindən tutmuş, yetişdirilməsi, böyüdülməsi bir il çəkir. Bir də görürsən, hava çox soyuyanda heç evdə qaz tapmırıq. Onda güllər məhv olur. Az qala, bir illik əmək boşa gedir”.

“Niyə sevgilisinə, anasına, bacısına gül almasın ki”

Kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Vahid Məhərrəmov Azərbaycanda gülçülüyün bir sahə olaraq tənəzzülə uğradığını vurğulayır. Onun fikrincə, bu sahəni diriltməkdən ötrü dövlət gülçülərə yardım etməlidir, əməlli-başlı proqram hazırlanmalıdır. Ekspertə görə, indi gül mağazalarının bağlanması da təəccüblü deyil, çünki alıcı yoxdur:

“Gül mağazalarının sahibləri də daha çox xaricdən mal gətirdiyindən baha satmalı olurlar. Alıcılıq qabiliyyəti də olmadığından başqa mağazlar kimi gül mağazaları da iflasa uğrayır. Adamların imkanı olsa, niyə sevgilisinə, anaya, bacıya gül almasın ki? Bundan gözəl nə ola bilər? Ancaq indi camaatı gündəlik ərzaq malları düşündürür. Alıcılıq düşdüyündən, gül mağazaları da ya profilini dəyişir, ya da bağlanır”.

...Bacısına gül almaq istəyən Vasif Kərimli isə bir dəstə qızılgülü şirniyyatla əvəz edir: “Bu gün həm də od çərşənbəsidir. Bacımı bəhanə edib ailəlikcə hamımız ağzımızı şirin edərik” deyir.

Buna da bax: Bakıda bağlanan dükanlar, restoranlar, maşın salonları

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG