Keçid linkləri

2024, 29 Sentyabr, bazar, Bakı vaxtı 07:36

Aİ səfiri: Gürcüstanın İttifaqa inteqrasiyası prosesi dayandırılıb


Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski

Avropa İttifaqının Gürcüstandakı səfiri iyunun 19-da deyib ki, ölkənin İttifaqa qoşulmaq prosesi Tbilisinin bugünlərdə qəbul etdiyi “xarici agent” qanununa görə dayandırılıb.

Gürcüstanın Interpress news agentliyinin yazdığına görə Aİ səfiri Pavel Herçinski bildirib ki, sözü gedən qanunun qəbulu “Gürcüstanın bloka qoşulmaq perspektivlərinə mənfi təsir göstərib” və “bu proses hazırda faktiki olaraq dayandırılıb və ya dondurulub”:

"Prinsip etibarilə bu qanunun qəbulu, məncə Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dondurub”.

Bütün etirazlara rəğmən

Müxalifətin “Rusiya qanunu” adlandığı bu qanun, maliyyələşdirilməsinin 20 faizindən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatlarının “xarici təsir agenti” kimi qeydiyyatdan keçməsini tələb edir.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası isə israr edir ki, qanun maliyyələşmənin şəffaflığının təmin olunması baxımından zəruridir.

Reuters agentliyi yazır ki, “xarici təsirin şəffaflığı” adlı qanunun qəbulu Gürcüstanda 1991-ci ildə ölkə müstəqil olandan bəri misli görünməmiş miqyasda etiraz aksiyalarına səbəb olub. Etirazlar iki ayadək davam edib.

Buna baxmayaraq hakimiyyət prezident Salome Zurabişvilinin vetosunu da ləğv edib və etirazlara məhəl qoymayıb.

Aİ Gürcüstanla bağlı tədbiri gələn həftə müzakirə edəcək

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Britaniya qanunu tənqid edərək Tbilisiyə xəbərdarlıq ediblər ki, onun qəbulu Gürcüstanın Aİ-nin tam üzvlüyünə sahiblənməsi prosesini dayandıracaq.

Gürcüstana Aİ üzvlüyünə namizəd statusu ötən ilin dekabrında verilib, lakin Aİ rəsmiləri xəbərdarlıq ediblər ki, Tbilisi bloka qoşulmaq üçün zəruri olan bir sıra islahatlarda geri çəkilib.

Interpress Herçinskiyə istinadla bildirib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Gürcüstanın namizədlik statusu məsələsini gələn həftə Lüksemburqda keçiriləcək iclaslarında müzakirə edəcəklər.

Aİ səfiri deyib ki, Gürcüstanla münasibətdə artıq bir neçə növbəti addımlar müəyyənləşdirilib və iclasda bu tədbirlərdən hansının tətbiq olunacağına dair qərar qəbul olunacaq.

XS
SM
MD
LG