Gəncə hadisələrinə görə həbs olunanlardan daha birinin – Alim Yusifovun durumunun ağırlaşdığı bildirilir. Anası Arzu Əliyevanın AzadlıqRadiosuna dediyinə görə, oğlunun səhhətindəki problemlər o həddə çatıb ki, istintaq təcridxanasında huşunu itirib: «Alim Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. Evə zəng eləyəndə də ağrıdan danışa bilmədi. Bircə onu dedi ki, «böyrəklərimin ağrısından nəfəs ala bilmirəm». Deyir, həkimdən nə qədər xahiş etsə də, baxmayıb. Ağrıdan huşunu itirib».
A.Əliyeva deyir ki, oğlu onunla telefon danışığını da yarımçıq kəsib, çünki ağrıdan davam edə bilməyib. Anasının sözlərinə görə, A.Yusifov həbs olunana qədər onun səhhətində heç bir problem olmayıb. A.Əliyeva iddia edir ki, fəsadlar tutulandan sonra ona verilən işgəncənin nəticəsidir: «Eləmədiyi əməli boynuna qoymaq üçün o qədər döymüşdülər ki, qolunu, burnunu sındırmışdılar. Ciyərləri çox pis zədələnmişdi. Neçə ay ciyərlərini müalicə etdirdim. Ciyəri sağalmamış indi də böyrəkləri sıradan çıxıb. Çünki işgəncə verəndə böyrəklərini təpikləyirmişlər».
«Keçici ağrı olub»
30-yaşlı A.Yusifov 2018-ci il iyulun 11-də saxlanıb. Anası deyir ki, onu həmin gün Şəmkirdə kirayə qaldığı evdən gəlib aparıblar. İki azyaşlı övladı olan A.Yusifovun həyat yoldaşı da onkoloji xəstəlikdən əziyyət çəkir. Gəlininin hazırda yataq xəstəsi olduğunu deyən A.Əliyevanın sözlərinə görə, atalarının həbsi ilə uşaqlar da ağır durumda qalıb.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AzadlıqRadiosuna bildirib ki, A.Yusifovun keçici, simptomatik şikayətləri olub, amma ona lazım olan tibbi yardım göstərilib. Rəis müavini deyir ki, onun səhhətində həyati təhlükəli heç bir problem yoxdur: «Bakı İstintaq Təcridxanasında tibbi-sanitar hissə fəaliyyət göstərir. Orada həbsdə saxlanılan hər bir şəxs üçün tibbi yardım əlçatandır. Alim Yusifovun simptomatik ağrı ilə bağlı şikayəti olub və ona yardım göstərilib. Bir daha yoxlayıblar, məlum olub ki, həyati təhlükəli heç bir problemi yoxdur. Sadəcə, keçici ağrı olub».
Gəncə hadisələrinə görə həbs olunanların işi bir neçə qrupa bölünüb və ayrı-ayrılıqda məhkəməyə göndərilib. Onlardan bir qismi haqqında artıq hökm çıxarılıb və hazırda həmin hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılır. A.Yusifovun da daxil olduğu 7 nəfərə mayın 10-da Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə hökm oxunub. Təqsirləndirilən şəxslərə 6 ildən 9 ilə qədər cəza verilib. A.Yusifov 7 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.
Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.
Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.