Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:20

Gəncə işi: 'İki gün ac-susuz saxladılar, gecə-gündüz döyürdülər'


Döyülmə. Foto arxiv
Döyülmə. Foto arxiv

«Polis idarəsində məni iki gün ac saxladılar, su da vermədilər. Bütün gecəni və gündüzü döydülər. «Cinayətkar əqidəli» deyirlər. Guya, biz radikal dindarıq, mütəşəkkil qrupuq. Birincisi, mən bu uşaqları məhkəmədə tanımışam, nə mütəşəkkil qrup? İkincisi, ömrümdə heç Quran kitabının üzünü açmamışam. Haradan dindar oldum?», - Gəncə hadisələrinə görə həbs olunan Maarif Hacıyev belə deyir.

Gəncə hadisələrinə görə həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılaraq məhkəməyə göndərilib. M.Hacıyevin də daxil olduğu 11 nəfərlik qrupun birinci instansiyada mühakiməsi başa çatıb. Onlara 7 il yarımdan 9 ilə qədər həbs cəzası verilib. Günahsız olduqlarını deyən təqsirləndirilən şəxslər hökmdən şikayət veriblər və hazırda onların işinə apellyasiya məhkəməsində baxılır.

Gəncədə ötən il icra başçısı və mühafizəçisinin güllələnməsindən sonra 10 iyulda keçirilən aksiyaya görə tutulub 9 il azadlıqdan məhrum edilən M.Hacıyev deyir ki, həmin gün telefonunun aylıq kreditini ödəməyə gedəndə hay-küy eşidib. Baş verənləri telefonla lentə alanda polislər onu tutublar: «Elə «hop» eləyib götürdülər. Elə bil, meyvə daşıyırdılar. Yalan yazıblar ki, guya Post-Patrul Xidmətinin maşınında gətiriblər».

Polis idarəsində ac-susuz saxlandığını, döyüldüyünü bildirən M.Hacıyevin sözlərinə görə, ona şəkil göstərib, oradakı adamları tanıması barədə ifadə verməyi tələb edirdilər: «Tanımadığım adam haqqında necə yalan deyim ki, tanıyıram?».

Prokuror bu zaman M.Hacıyevə deyib ki, onun telefonundan «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun çıxışı olan videolar, onun fotoları tapılıb. M.Hacıyev isə cavabında bildirib ki, T.Bağırovun adını ilk dəfə polis idarəsində eşidib.

İstintaq vaxtı polisləri vurması haqda ifadəyə işgəncə altında imza atdığını deyən M.Hacıyev onun sübut kimi götürülməsinə etiraz edib: «Mən çəkməyə başlayan kimi polislər döyə-döyə «Qazel»ə basıb, şöbəyə apardılar, mən polisi necə vura bilərdim?».

«Buna görə 8 il iş kəsirlər?»

8 il həbs cəzası almış Şahlar Rzayev isə etiraf edir ki, Gəncədə aksiya olacağını bilib və iştirak etmək üçün meydana gedib. Deyir ki, məqsədi də Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə dinc şəkildə etiraz etmək idi: «Elmar Vəliyevin özbaşınalığı - vətəndaşları aşağılaması, hətta İslam dinini də təhqir etməsi, azana qadağa qoyması, Aşura günündə «İmamzadə»yə girişi qadağan etməsi bir inanclı vətəndaş kimi, məni də narahat edirdi. Mən də bu özbaşınalığa etiraz etmək üçün aksiyaya qoşuldum».

Prokuror xatırladıb ki, həmin aksiyaya icazə verilməmişdi:

- Siz icazəsiz mitinqdə iştirak etmisiniz...

- İcazəsiz mitinqdə iştiraka görə adama işgəncə verib, 8 il iş kəsərlər? Mən icazəsiz aksiyada iştirak etmişəm, buna görə qanunlarımızın tələb etdiyi şəkildə cəza verilməliydi.

- Orada dini şüar səsləndirmisiniz?

- Bəli, dini şüar səsləndirmişəm, «Ya Hüseyn!», «Allahu Əkbər!» demişəm.

Ş.Rzayev deyir ki, onu şöbədə polislər yox, saqqallı, üzərində döymələr olan adamlar döyüb: «Mən hərbçi olmuşam. O adamlar məni saatlarla, dayanmadan döyüblər».

Təqsirləndirilən Ruslan Həsənov deyir ki, hadisələr onun yaşadığı küçədə baş verib. Səs-küy eşidəndə nə olduğunu öyrənmək üçün gedib, elə onda tutub aparıblar: «Qaçdım ki, bəlkə elə anam yolda yıxıldı və ya kimisə maşın vurdu, kömək lazımdı. Nizami Rayon Polis İdarəsində 15 nəfər üstümə düşüb məni döyürdü. Elə vurmuşdular ki, sifətim şişmişdi. Ancaq ekspertiza dedi ki, sənə heç nə olmayıb».

Təqsirləndirilən Tural Bayramov bildirib ki, həmin gün babasıgilə gedəndə saxlanılıb. Polis idarəsində 11 saat döyüldüyünü deyən T.Bayramov tələb edir ki, iğtişaşlarda iştirakını təsdiqləyən mötəbər sübut ortaya qoyulsun.

Təqsirləndirilən şəxslər onu da bildiriblər ki, onlara 10 iyul aksiyasına görə öncə inzibati həbs cəzası verilib. İki gün sonra cinayət işi başlanıb, gecə saat 3-də altı nəfəri birlikdə Nizami Rayon Məhkəməsində hakim qarşısına çıxarıb, barələrində həbs-qətimkan tədbiri seçiblər.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Gəncə hadisələri ilə bağlı məhkəmə araşdırmaları davam edir.

XS
SM
MD
LG