Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:54

H.Həsənov: 'Bu siyahılar real seçici sayını əks etdirmir'


H.Həsənov
H.Həsənov

«Mərkəzi Seçki Komissiyası (MSK) deyə bilər ki, seçici sayı artır və ya azalır. Amma onların nə deməsindən asılı olmayaraq, bu siyahılar ölkə səviyyəsində yerli müstəqil ekspertlər, beynəlxalq miqyasda isə beynəlxalq qurumların müstəvisində tənqidə məruz qalıb».

Bunu AzadlıqRadiosuna «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri, seçki eksperti Hafiz Həsənov bildirib.

H.Həsənov hesab edir ki, istər parlament, istər bələdiyyə, istərsə də prezident seçkilərində seçki siyahıları ilə bağlı mübahisə olub. «Həmin seçici siyahıları 2018-ci il növbədənkənar prezident seçkisində də ATƏT-in Müşahidə Missiyasının tənqidinə səbəb olub», - H.Həsənov bildirib.

Seçki eksperti deyir ki, hətta Mərkəzi Seçki Komissiyası ilə Dövlət Statistika Komitəsinin seçici sayı ilə bağlı açıqladıqları rəqəmlərdə də fərq özünü göstərir: «Odur ki, bunu demək mümkündür ki, bu siyahılar ilk növbədə real seçici sayını əks etdirmir».

M.Zülfüqarlı: «Daha yaxşı olar ki,...»

Başqa bir seçki eksperti, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə geniş açıqlama verməyərək yalnız bunları deyib: «Belə hallar olur. Belə ki, seçici sayına dair Mərkəzi Seçki Komissiyası ilə Dövlət Statistika Komitəsinın açıqladığı rəqəmlər arasında da fərqlər olub. Daha yaxşı olar ki, bu sual MSK-nın özünə ünvanlansın».

Səslənən bu fikirlərə isə, hələlik, MSK-dan münasibət almaq mümkün olmayıb.

Dünən, mayın 29-da bəzi yerli saytlarda MSK rəhbərliyinə istinadən belə məlumat yayılmışdı ki, son bir ildə ölkədə seçici sayı 21 minə yaxın artıb. Halbuki, qurumun son açıqladığı rəqəmlə bir il öncə prezident seçkisinin protokolunda yer alan rəqəmin müqayisəsində fərqli mənzərə meydana çıxır. Orada isə əksinə, seçici sayının 120 minə yaxın azaldığı bəlli olur.

XS
SM
MD
LG