Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:23

Ehtiyatdakı zabit: 'Dəyişikliklər qəbul olunarsa, orduya həvəs azalacaq'


Xankəndidə hərbi parad
Xankəndidə hərbi parad

Milli Məclisə hərbçilərin pensiya təminatında dəyişikliklərlə ilə bağlı qanun layihəsi daxil olub. Hərbi qulluqçuların pensiyaya çıxması üçün minimum xidmətkeçmə tələbinin 20 ildən 25 ilə çatdırılması təklif olunur. Digər tərəfdən, həmin dövrə görə qulluq əlavəsi faizinin 60-dan 65 faizə qaldırılması nəzərdə tutulur.

Müdafiə Nazirliyindən bildirilib ki, hərbçilərin xidmət müddətinin artırılması onların artan təminat xərcliyini almaqda davam etməsi ilə yanaşı, yekunda daha çox pensiya almasına şərait yaradır.

E.Məmmədov
E.Məmmədov

Deputat: "Tərxis olunandan sonra o gedib nə işlə məşğul olacaq?"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da "Turan"a deyib ki, hərbçilərin xidmət müddətinin bir az artırılması məhz onların sosial təminatın yaxşılaşdırılması məqsədini daşıyır: "Hazırda hərbçilərin xidmət həddi 20 il nəzərdə tutulub. Bu şəxslərin peşəsi hərbçidir. Tərxis olunandan sonra o gedib nə işlə məşğul olacaq? Peşəkar hərbçidir bu adam. Məhz ona görə də nəzərdə tutulur ki, onların xidməti beş il uzadılsın".

Hərbi ekspert, ehtiyatda zabit Üzeyir Cəfərov isə Azadlıq Radiosuna bildirib ki, pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin beş il artırılması təklifi yersizdir: "Bu təklifi verən adamlar sadəcə hərbi sahədən uzaqdır. Deyirlər ki, bundan sonra 25 il 65 faizlə hesablanacaq. Amma bunu deyənlər unudurlar ki, bundan əvvəl də onsuz da 65 faizlə hesablanırdı. İndi, guya, hərbi qulluqçuların sosial müdafiəsi məsələsini yaxşılaşdırmaq üçün, yaxşı pensiya alsınlar deyə, xidmət müddətini uzadırlar. Amma onlar bilirlər ki, xidmət müddətini uzatmaqla insanın fiziki göstəriciləri də get-gedə zəifləyir".

Ü.Cəfərov
Ü.Cəfərov

"Sabah da artıq alacağı pulu sağlamlığa sərf etməli olacaq"

Ekspertin sözlərinə görə, tibbi cəhətdən sübut olunub ki, insanlar 20 il normal xidmət edə bilərlər: "Adam beş il artıq xidmət edəcək və bu beş ilə sağlamlığı daha da bərbad vəziyyətə düşəcək. Sabah da artıq alacağı pulu sağlamlığa sərf etməli olacaq. O qədər həll olunası məsələlər olduğu halda, onlar belə dəyişiklik qəbul edirlər. Amma mən təəccüblənmirəm. O həmin deputatlardır ki, bir səsvermə ilə hərbi qulluqçuları əmək pensiyaçılarına çeviriblər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunu ləğv ediblər. Bu, dünyada görünməyən haldır".

Ü.Cəfərovun fikrincə, qanuna dəyişikliklər qəbul olunarsa, orduya həvəs azalacaq.

XS
SM
MD
LG