Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:04

Deputat hesabat haqqında: 'Hüquq-mühafizə orqanlarına doqquz iş göndərilib… Böyük işlərdir'


Müdafiə Nazirliyində korrupsiya həbsləri: nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Müdafiə Nazirliyində korrupsiya həbsləri: nə baş verir? (Arxiv. 2022)

Ötən il Hesablama Palatası 562.5 milyon manatlıq maliyyə pozuntusu aşkar edib. Bunun 103.2 milyon manatı dövlət büdcəsinə vurulmuş zərərdir. Bu barədə palatanın 2023-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatında bildirir.

Maliyyə pozuntuları arasında satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha gerçəkləşdirilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması göstərilir. Yoxlamaların nəticəsində bəzi dövlət qurumları ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Natiq Cəfərli
Natiq Cəfərli

"Palatanın statusu dəyişdirilməlidir"

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, Hesablama Palatasının personalı və səlahiyyəti 30-35 milyard manatlıq büdcəni tam yoxlamağa yetərli deyil: "Bunun üçün palatanın statusu dəyişdirilməlidir, səlahiyyət və kadr personalı genişləndirilməlidir ki, onların büdcənin bütün vəsaitlərini yoxlamağa imkanları olsun. Bildiyimə görə, Hesablama Palatası nazirlikləri növbəli şəkildə yoxlayır. Məsələn, bu il bir komitəni yoxlayanda iki-üç ildən sonra yenə həmin komitənin növbəsi çatır, hər il onu yoxlamaq da mümkün deyil. İkincisi, palatanın abstrakt yoxlama hüququ da yoxdur ki, şikayət əsasında yoxlasın, çünki qurum istintaq orqanı deyil. Amma əldə etdikləri məlumatı istintaq orqanlarına ötürmək səlahiyyətləri var".

Vahid Əhmədov
Vahid Əhmədov

"36 milyardın 50 faizindən çoxunu yoxlayırlar"

Ancaq Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov son illər Hesablama Palatasının əhatə dairəsinin genişləndirildiyini bildirir: "Təsəvvür edin ki, 36 milyardlıq dövlət büdcəsinin 50 faizindən çoxunu yoxlayırlar. Məxfi təşkilatlarda da müəyyən yoxlamalar aparırlar. Bu yoxlamaların nəticəsindən asılı olaraq qərar qəbul edirlər və ciddi məsələlər olanda hüquq-mühafizə orqanlarına göndərirlər".

V.Əhmədov Hesablama Palatasının hesabatlarında iri yoxlamaların olduğunu qeyd edib: "Amma palatanın əsas məqsədi məbləğ deyil. Məqsəd maliyyə pozuntuları və mühasibat uçotunun düzgün aparılıb-aparılmamasından ibarətdir. Bəzi məbləğləri məcburi şəkildə ödətdirirlər, amma bəzi məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər. 2023-cü il üzrə hüquq-mühafizə orqanlarına doqquz iş göndərilib. Mən ad çəkmək istəmirəm, böyük işlərdir. Məncə, palata tədricən fəaliyyətini daha da genişləndirəcək".

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

"Dəryada damlaya bənzəyir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Fuad Qəhrəmanlı isə hesab edir ki, Azərbaycanda korrupsiya ilə bağlı üzə çıxarılan faktlar "dəryada damlaya bənzəyir".

Onun fikrincə, digər tərəfdən, korrupsiya ilə bağlı aparılan araşdırmalar hakimiyyətin statistika yaratmaq məqsədinə xidmət edir: "Əgər hökumət hesabatlılıqdan qaçırsa, ictimai nəzarət yoxdursa və bunu həyata keçirdiyinə görə media cəzalandırılırsa, jurnalistlər həbs edilirsə, deməli, hakimiyyət total korrupsiyanın aşkarlanmasında maraqlı deyil. Sadəcə, hansısa məmur vurulacaq. Yaxud korrupsiyaya qarşı mübarizə görüntüsü yaradıb cüzi rəqəmlər açıqlayırlar. Əslində korrupsiyanın miqyası deyiləndən qat-qat böyükdür və ölkə iqtisadiyyatının qan damarına çevrilib".

"Müstəqil qurum olmadığından…"

Natiq Cəfərli xatırladır ki, Hesablama Palatası hər il yüz milyonlarla manat mənimsəmələr aşkar edir: "Bəs dövlət orqanları hesabat veriblərmi ki, palatanın yoxlamaları əsasında kimlərsə həbs edilib? Maksimum vəsaitin geri qaytarılmasının təmin edilməsini eşitmişik... Nəticə etibarı ilə o fikrə gəlirik ki, Hesablama Palatası müstəqil qurum olmadığından büdcədən xərclənən vəsaitin qəpiyinə qədər hesabatını hazırlayıb onları mənimsəyənlərin cəzalandırılmasını təmin edə bilmir".

Məmurların gizli şirkətləri: Göyərtisatan, taksi sürücüsü, fəhlənin adına milyonlar necə yuyulub?
Gözlə

No media source currently available

0:00 0:07:15 0:00

"Kifayət qədər də nəticələri olur"

Vahid Əhmədov Hesablama Palatasının iri korrupsiya hallarının üzərinə gedə bilməməsi iddiası ilə razılaşmır: "Xeyr, palata araşdırdığı materialları müvafiq qurumlara göndərir və bunlar əsasında sonradan başqa yoxlamalar, məhkəmələr aparılır. Kifayət qədər də nəticələri olur. Təsəvvür elə ki, əvvəllər Hesablama Palatasının verdiyi təklifləri və rəyləri o qədər nəzərə almırdılar. Amma son vaxtlar palatanın rəylərinin 70 faizə yaxınını hökumət və nazirliklər nəzərə alıb dəyişikliklər də edirlər".

Fuad Qəhrəmanlı isə düşünür ki, Azərbaycanda korrupsiya "müqəddəslik" və "toxunulmazlıq" qazanıb. Onun fikrincə, "Hesablama Palatası ayrı-ayrı kiçik məsələləri deyil, bütövlükdə korrupsiyanı araşdırmağa və yaxud onun səbəblərinin üzərinə getməyə çalışarsa, bu, artıq hakimiyyətin özünə qarşı çıxmaq kimi dəyərləndirilə bilər".

Yazıda səslənən fikirlərə Hesablama Palatasının özündən və Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

Hesablama Palatası 2001-ci ildə fəaliyyətə başlayıb. O, Milli Məclisə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.

XS
SM
MD
LG