Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Nazirlər Kabinetinin İşlər İdarəsinin rəisi ilə bağlı 4 milyonluq qalmaqal


Hikmət Xəlilov
Hikmət Xəlilov

Təmir-tikinti işləri ilə məşğul olan "SV Qrup" şirkətinin rəhbəri Vahid Xələfov beş aydır ki, həbsdədir. Şirkət rəhbəri Nazirlər Kabinetinin İşlər İdarəsinin rəisi Hikmət Xəlilovu öldürməklə hədələyib ondan milyonlarla pul tələb etməkdə ittiham olunur. Xələfov isə deyir ki, yalandır, onu hədələməyib, sadəcə Xəlilov öz vəzifəsindən sui-istifadə edərək onu həbs etdirib.

Xələfov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, özbaşınalıq kimi ittihamlar verilib.

Cinayət işinin materiallarına görə, əvvəllər Xələfovla Xəlilov arasında biznes münasibətləri olub. Sonradan münasibətləri gərginləşib, ədavət yaranıb. Hikmət Xəlilovun həyat yoldaşı məhkəmədə ona qarşı 500 min manatlıq iddia qaldırıb. Məhkəmə də Südabə Xəlilovanın xeyrinə qərar çıxarıb. Nəticədə Vahid Xələfov Yasamalda yerləşən evini boşaldıb Hikmət Xəlilova yaxın adamın adına keçirib.

İddia olunur ki, Vahid Xələfov Nazirlər Kabinetinin idarə rəisindən qisas almaqdan ötrü Şağan qəsəbəsində onun yaşadığı evin yanına gəlib. Səhər o, işə gedəndə avtomobilinin qarşısını kəsib, pnevmatik tapança ilə onu hədələyib, 4 milyon 100 min pul tələb edib. Xəlilov isə cəld tərpənib, avtomobilini sürərək oradan uzaqlaşıb və dərhal da polisə məlumat verib.

"Bizim kurator idi"

54-yaşlı Xələfov məhkəmədə danışıb ki, Xəlilovla 2009-cu ildə tanış olub. Həmin vaxt o, Prezident Administrasiyasında çalışırdı: "Bizim tikinti şirkətimiz vardı. O da Prezident Administrasiyasında dövlət layihələrində bizim kurator idi...".

Xələfovun sözlərinə görə, bir neçə il birlikdə işləyiblər, onun sifarişi ilə çoxsaylı ev, ofis binalarının təmir-tikintisini həyata keçirib. Onların arasında Xəlilovun özünün, ailə üzvlərinin evləri, obyektləri də olub. Xələfov birgə əməkdaşlıq çərçivəsində təmir-tikintisini apardığı əmlaklardan Qobu qəsəbəsində tikinti materialları zavodu, "Sapphire Plaza", Mənzil İstismar Sahəsinin binası, müxtəlif evlər və s. sadalayıb. Onun sözlərinə görə, Qobudakı zavodu Xəlilovun sifarişi ilə 2011-2013-cü illərdə tikib. Avadanlıqlar Çindən gətirilib.

4 milyondan çox borc

Xələfov deyir ki, sonradan Hikmət Xəlilov pulların verilməsini gecikdirirdi. Bu üzdən aralarında 4 milyondan çox borc yaranmışdı: "Hikmətlə bir daha görüşdük və pulumu istədim. Onda şirkətimin hesabına 500 min manat keçirdi. Ondan sonra ödəniş etmədi. Eşitdim ki, arvadı məhkəməyə iddia verib, guya, Qobuda onun adına torpaqda ondan xəbərsiz zavod tikmişəm. Belə yalan olar?! Zavodun açılışında özləri, öz yaxınları da olub. Hikmət vəzifəsindən sui-istifadə etdi, məhkəmə də onların xeyrinə qərar verdi".

Xələfov vurğulayıb ki, bundan sonra Xəlilovlar evini də əlindən alıblar. O əlavə edib ki, Nazirlər Kabinetinin şöbə rəisi ilə aralarında çoxsaylı yazışmalar var. Həmin yazışmalar dediklərini sübut edir.

"Hikmət Xəlilov Prezident Administrasiyasında işləyirdi, özü bizneslə məşğul ola bilməzdi. Amma faktiki olub. Vahid Xələfov da olun göstərişlərini yerinə yetirib", – bunu isə Xələfovun vəkili Osman Kazımov məhkəmədə deyib.

Vəkil istintaq dövründə müdafiə hüququ pozuntusundan da gileylənib.

"Məni, az qala, girov götürmüşdü"

Amma Nazirlər Kabinetinin İşlər İdarəsinin rəisi Xələfova borcu olması haqda iddiaların yalan olduğunu deyir. 66-yaşlı Xəlilov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb və istintaqda ifadə verib. O bildirib ki, Xələfov bundan əvvəl də onunla bir neçə dəfə görüşüb, pul tələb edib. Məsələn, 2022-ci ilin yayında ona deyib ki, əgər pulu verməsə, özünə qəsd edəcək.

Xələfov deyirdi ki, dəfələrlə borcunu istəyəndən sonra Xəlilov ona 500 min verib. İdarə rəisi ona 500 min verdiyini istintaqda təsdiqləyib, amma səbəbini başqa cür izah edib. İddia edib ki, Xələfovla Bayıl tərəfdə restoranların birində görüşüblər: "Orada məni, az qala, girov götürmüşdü, otaqdan çıxmağa qoymurdu. Ona görə çarəsiz qalıb zəng edib tanışımdan xahiş etdim ki, onun ofisinə aparıb 500 min ödəsin".

Xəlilov etiraf edib ki, sonradan Xələfov onun haqqında prezidentə şikayətlər yazdığına görə həyat yoldaşı da məhkəmədə 500 min manatlıq iddia qaldırıb.

Xələfova ittiham verilən maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG