Cənubi Koreyanın Hyundai Motor avtomobil istehsalı şirkətinin direktorlar şurası özünün Sankt-Peterburq şəhərindəki zavodunun Rusiyanın Art-Finans şirkətinə satılmasına razılıq verib.
Reuters agentliyinin məlumatına görə bu alqı-satqı Rusiyaya 7 min rubla (77.67 dollar) başa gəlib.
Beləliklə Cənubi Koreya şirkəti 219 milyon dollar itirmiş olub.
Cənubi Koreyanın “Çoson ilbo” qəzeti isə yazır ki, Rusiya zavod üçün 10 min rubl (110 dollar) ödəyib.
Bu da xəbər verilir ki, Hyundai bu satışdan sonra da Rusiyadakı müştərilərinə texniki və başqa xidmətləri göstərməkdə davam edəcək.
Hyundai Peterburqdakı fəaliyyətinə 2010-cu ildə başlayıb. Şirkətin zavodu ötən ilin martında Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin ardınca fəaliyyətini dayandırıb.
Bu zavod ildə 200 min avtomobil buraxırdı. Müəssisədə 2600 nəfər işçi vardı.
Alıcı məlum deyil
Ötən sentyabrda Rusiya baş nazirinin müavini və Sənaye ticarəti naziri Denis Manturov bildirmişdi ki, Hyundai şirkətinin zavodunu yerli investor alacaq.
Manturov Rusiya şirkətinin adını bildirməsə də, demişdi ki, bu razılaşma zavodun geri alınmasını da nəzərdə tutan ikiillik opsionla satılacaq.
Bundan əvvəl Hyundai şirkətinin Rusiya aktivləri ilə Kalininqraddakı Avtotop şirkətinin maraqlandığı xəbər verilmişdi.
Avtotop Cənubi Koreya partnyoru, habelə Almaniyanın BMW şirkəti ilə əməkdaşlığını dayandırdıqdan sonra yerli bazarda Çin avtomobil markaları ilə əməkdaşlığını inkişaf etdirir.
Dəyər-dəyməzinə satılan aktivlər
Hyundai Motor şirkətinin zavodunu alan Art-Finans şirkəti bu ilin fevralında Moskvada qeydiyyatdan keçib.
Bu şirkətin səhmlərinin 99.99 faizi Avilon qrupunun prezidenti Andrey Pavloviçə məxsusdur.
Ötən may ayında Art-Finans Volkswagen şirkətinin Rusiya aktivlərini alıb.
The New York Times qəzetinin hesablamasına görə Moskvanın Ukraynaya qarşı müharibəsi başlanandan bəri Rusiyadan getdiyini bəyan etmiş xarici şirkətlər ümumilikdə 103 milyard dollar itiriblər.
Bu da qeyd olunur ki, xarici şirkətləri aktivlərini dəyər-dəyməzinə satmağa məcbur edirlər.
Bu aktivlərin yeni alıcılarının çevrəsini isə prezident Vladimir Putin müəyyən edir.