Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:18

'Həbs etdirənlər 'hə' deməsə, onu hansı hakim buraxa bilər?'


B.Həsənov
B.Həsənov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı, Qarabağ döyüşçüsü Babək Həsənov vaxtından əvvəl azadlığa buraxılmaq üçün məhkəməyə ərizə verib. Əsas kimi, ona verilən 3 illik həbs cəzasının iki ildən çoxunu çəkməsini göstərib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən qardaşı Cavid Həsənli bildirib ki, iyunun 29-da onun ərizəsinə baxılıb və "yox" deyilib: "Ərizəni iyunun əvvəlində vermişdi. Əvvəl dedilər ki, pandemiyaya görə baxılmayacaq. Amma iyunun 30-da evə zəng eləyəndə deyib ki, Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva ərizəsini təmin etməyib. Məhkəmə onlayn qaydada keçirilib".

C.Həsənlinin sözlərinə görə, qardaşının vaxtından əvvəl buraxılmamasına əsas kimi, vaxtilə Bakı İstintaq Təcridxanasında saxlanılarkən qayda pozuntusuna görə cərimə kamerasına (kars) salınması göstərilib: "Həmin vaxt bu iş üzrə həbs olunanların hamısını – Saleh Rüstəmli, Vidadi Rüstəmli, Ruslan Nəsirli və Aqil Məhərrəmlini də birlikdə karsa salmışdılar. Heç bir səbəb də olmamışdı, elə dayandıqları yerdə. Görünür, sonradan istifadə etmək üçün bəhanə yaradırlarmış...".

C.Həsənli əlavə edib ki, Nizami Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək. Deyir ki, B.Həsənovun heç bu məhkəmədən də ədalətli nəticə gözləntisi yox idi, sadəcə, qanunun ona verdiyi imkanlardan istifadə məqsədilə ərizə vermişdi: "Onun həbsi sifarişli olduğu kimi, buraxılması üçün də "yuxarı"dan razılıq olmalıdır. Həbs etdirənlər "hə" deməsə, onu hansı hakim buraxa bilər?".

Xatırlatma

Babək Həsənov 2018-ci il mayın 25-də partiyanın digər funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

S.Rüstəmov həmin il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra - mayın 25-də AXCP funksionerləri tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamada vurğulanıb ki, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu "qurama iş" adlandırıb.

XS
SM
MD
LG