BBC yazır ki, ABŞ-da hər gün 11 milyonla 55 milyon arasında iclas keçirildiyini bildirirlər. Bütün bu iclaslar müəssisələrə işçi heyətə ayrılan büdcələrinin 7 – 15%-i bahasına başa gəlir. İşçilər həftədə 6 saatlarını iclaslarda keçirirlər. Orta menecersə iş həftəsinin nə az, nə çox, 23 saatını iclaslarda keçirir.
«Mütəxəssislər hesab edirlər ki, müəyyən qərarların verilməsi, strategiya qurmaq və s. işlər üçün ənənəvi görüşlərin keçirilməsi vacibdir. Buna baxmayaraq, bəzi işçilər iclasları iş gününün mənasız hissəsi hesab edirlər. Nəticədə təkcə yüz milyardlarla dollar israf olunmur, həm də təşkilat psixoloqlarının «iclasdan özünəgəlmə sindromu» adlandırdığı halın kəskinləşməsi baş verir», – məqalədə deyilir.
Beyin gücü nə vaxt tükənir
«İclasdan özünəgəlmə sindromu» dedikdə işçilərin faydasız görüşdən sonra özünə gəlməyə və diqqətlərini cəmləməyə sərf etdiyi vaxt nəzərdə tutulur.
İngiliscə «meeting recovery syndrome» (MRS) kimi səslənən bu anlayış əslində nə vaxtsa rəsmi işdə çalışmış hər bir insana tanışdır. Görüşdən sonra işçilərin özlərini yorğun, beyni tutqun hiss etməsi heç kimə sirr deyil. Məqalədə deyilir ki, buna baxmayaraq, bu sindrom yalnız son onilliklərdə alimlərin diqqətini cəlb etməyə başlayıb. Müəssisənin səmərəliliyi və işçilərin rifahı ilə birbaşa əlaqəsi olduğu üçün alimlər MRS-i, onun dəqiq səbəblərini və aradan qaldırılma yollarını dərindən araşdırmağı məqsədəuyğun sayıblar.
Tədqiqatçılar hesab edirlər ki, insanın əqli və fiziki ehtiyatları tükənməz deyil. Yuta Universitetinin peşəkar və ekoloji sağlamlıq professoru Joseph A.Allen deyir ki, işçi lazımsız və səmərəsiz bir iclasda oturanda onun beyin gücü tükənir. Onun sözlərinə görə, görüşlər çox uzun çəkəndə, işçiləri fəal müzakirəyə cəlb etməyəndə və birtərəfli mühazirəyə çevriləndə insanların dözümünü sıradan çıxarır. Bütün bunlardan sonra özünə gəlməyə vaxt sərf etmək çox vacibdir.
«Ancaq bu da çox zaman səmərəliliyin itirilməsi bahasına başa gəlir. 1989-cu ildə doktor Stevan Hobfoll-un irəli sürdüyü resursların konservasiyası nəzəriyyəsinə görə, psixoloji stress bir insanın resurslarının itirilməsi qorxusu ortaya çıxanda yaranır. Resurslar azalanda insan qalan ehtiyatlarını qoruyub saxlamaq üçün müdafiəyə keçir. Bəzi işçilərin ən dəyərli resursunun diqqət, ayıqlıq və motivasiya olduğunu nəzərə alsaq, ofis iclasları işçilərin özlərinə gəlməyə çalışdıqları vaxtda məhsuldarlığın qəfil aşağı düşməsi deməkdir», – yazıda deyilir.
«Növbəti tapşırığa keçid etmək daha da çətin olur»
Allen deyir ki, insan olaraq biz bir işdən başqasına, məsələn, iclasda oturmaqdan normal işə keçəndə xeyli koqnitiv səy göstərməli oluruq. Onun sözlərinə görə, biz özümüzü əvvəlki işdən qoparıb davam edə bilmək üçün çoxlu mental enerji sərf etməli oluruq.
«Biz təhlükəli dərəcədə tükənmişiksə, növbəti tapşırığa keçid etmək daha da çətin olur. Məyusedici iclasdan sonra adamların internetdə avaralandığını, qəhvə içdiyini, həmkarlarına mane olduğunu, onlara iclasdan danışdığını və s. görmək olar», – doktor Allen deyir.
Mütəxəssisin sözlərinə görə, hər bir insanın zəhlətökən iclaslardan özünə gəlmək qabiliyyəti fərqlidir. Bəziləri tez bərpa olunur, digərləri isə bu yorğunluğu özü ilə iş gününün sonunadək daşıyır.
Allen qeyd edir ki, əgər bir işçi MRS halında olmayanda bir tapşırıqdan o birinə 15 dəqiqəyə keçə bilirsə, MRS halında bu müddət 45 dəqiqəyə qədər uzana bilər. Bir gündə bir neçə iclasın olması isə vəziyyəti daha da ağırlaşdırır.
Allen-in həmkarı Joseph Mroz tövsiyə edir ki, əvvəlcə keçiriləcək iclasın zəruriliyi sorğulanmalıdır. Məqsəd sadəcə tezcə görüşüb xəbərləşmək, yaxud təcili olmayan informasiya mübadiləsidirsə, hamıya e-mail göndərməklə kifayətlənmək də olar.
Mroz, eyni zamanda, iclaslarda az əməkdaşın iştirakını tövsiyə edir. Onun sözlərinə görə, çox sayda işçini iclasa toplayıb onların vaxtını almağa, beyinlərini tükətməyə və iş məhsuldarlığını azaltmağa gərək yoxdur.