Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:13

'İcra nümayəndəsi xəbər tutana qədər imzaları toplayıb, kənddən çıxırıq'


Seçkidəki onbaşılar, yüzbaşılar kimdir?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Seçkidəki onbaşılar, yüzbaşılar kimdir?

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı bəzi şikayətlər eşidilməkdədir.

Onlardan birini də Müsavat Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədi Tahir Hüseynov səsləndirib. O, AzadlıqRadiosuna deyib ki, ona təzyiq göstərilir: «Rayon rəhbərliyi və icra strukturları tərəfindən ciddi təzyiqlər başlayıb. Əvvəl mənim tanışlarımı üstümə göndərdilər ki, namizədliyimi geri götürüm. Ya YAP tərəfindən, ya da bitərəf kimi namizədliyimi irəli sürüm. Bu addımı atsam, guya buna görə məni dəstəkləyəcəklər, kömək edəcəklər. Mən dəfələrlə bildirdim ki, bu mümkün deyil. YAP mənim namizədliyimi irəli sürməz. Bu tələbi Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev qoyub. Axtarırlar, mənimlə əlaqəsi olan insanları üstümə göndərirlər. Məqsəd odur ki, Müsavat Partiyasından namizədliyimi verməyim. Xəbər göndərdim ki, Cəlil Baxşiyev narahat olmasın. Ölkə başçısının marağındadır ki, seçkiyə gedək. Biz də seçkiyə gedirik».

«İndi düşüblər mənə imza verənlərin üstünə»

T.Hüseynovun deməsinə görə, problemləri dinc yolla həll etmək istəyib, lakin alınmayıb: «Taktikanı dəyişiblər. Bir orta məktəbdə məntəqə var. Məntəqə sədrini, bir kəndin ağsaqqalını, doğma qardaşımı, icra nümayəndəsini çağırıblar, toplantı keçirdiblər. Deyiblər ki, o adam namizədliyini geri götürməsə, sizin və kəndiniz üçün çox pis nəticə verər. Mənə zəng edib bunu dedilər. Rədd elədim. İndi düşüblər mənə imza verənlərin üstünə. Onlardan ərizə toplayırlar ki, guya imza verənlər səhv ediblər, mənə verdikləri imza saxtadır. İnsanları müxtəlif yollarla qorxudurlar, imtina ərizələri alırlar... Məqsədləri də odur ki, namizədliyimi qeydə almasınlar. İmzatoplama kampaniyası davam edir, az işimiz qalıb. Biz partizan kimi hərəkət edirik. Qaranlıq çökəndən sonra imza toplayanlar bir neçə istiqamətdə hansısa kəndə daxil olurlar. Kənd icra nümayəndəsi xəbər tutana qədər imzaları toplayıb, kəndən çıxırıq. Belə çətinliklərlə üzləşmişik. Mən iddia etmirəm ki, bu, respublika səviyyəsindədir».

T.Hüseynov daha sonra da deyib: «Təzyiqlər rayon səviyyəsindədir. İstəyirlər ki, bu dairədən YAP namizədi İqbal Məmmədov yenidən deputat seçilsin. Bu yolla da güclü rəqiblərini kənarlaşdırmaq istəyirlər».

«Yəqin Tahir Hüseynov imza toplaya bilmir...»

Bu deyilənlərə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev də münasibət bildirib. Cəlil Baxşıyev deyilənləri böhtan adlandırıb: «Yəqin Tahir Hüseynov imza toplaya bilmir, məcburdur belə danışmağa. Ört-basdır eləmək istəyir. Heç kimə maneçilik yoxdur. Tahirə nə olmalıdır? Namizədlərin siyahısını götürün, soruşun onlardan ki, maneçilik varmı? Elektoratı yoxdur, imza vərəqələrini toplaya bilmirlər, ona görə böhtan atır. Kiminsə qarşısında hesabat verirlər. Gəlsin, imzalarını toplasın... Narahatçılıq yoxdur. Rayonda belə hal yoxdur, mümkün deyil. Heç kim üçün müstəsna şərait yaradıla bilməz».

78 saylı Lerik dairə seçki komissiyasından (DSK) isə deyiblər ki, bu məsələ ilə bağlı onlara hər hansı şikayət daxil olmayıb.

Xatırlatma

Ötən il noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Bir gün sonra prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG