Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:26

14 il əvvəl qəbul edilən qaydanın izi ilə...


Prezident İ.Əliyev
Prezident İ.Əliyev

Hələ 2005-ci ildə «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları» qəbul edilib. Amma aradan 14 il keçsə də, qaydalar işlək vəziyyətə gətirilməyib.

Bununla bağlı 2005-ci il avqustun 9-da prezident Nazirlər Kabinetinə bəzi göstərişlər verib. Həmin göstərişə görə, iki ay ərazində qurum qüvvədə olan qanunvericilik aktlarının «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb dövlət başçısına verməli idi.

Nazirlər Kabinetindən, hələlik, iki aya görülməli işin 14 il uzanmasının səbəbini öyrənmək mümkün olmayıb.

«Maraqlanan yoxdur ki, bu qaydalar niyə yerinə yetirilmir»

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli bütün bu baş verənləri nəzarətin olunmaması ilə izah edir: «Yəni, sözün birbaşa mənasında maraqlanan yoxdur ki, bu qaydalar niyə yerinə yetirilmir, bunun səbəbi nədir?».

Keçmiş deputat vurğulayır ki, ölkədə korrupsiya ilə mübarizə aparmaq məqsədilə Prezident yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyası və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılıb: «Daha çox bu idarədən eşidirik ki, korrupsiya cinayətləriylə bağlı 10-larla şəxs tutulur, cinayət işləri açılır. Amma enində-sonunda məlum olur ki, həbs edilən bir bələdiyyə sədri, icra hakimiyyəti tabeliyində idarə müdiridir. Xalq içində deyildiyi kimi, «JEK işçisi» olmaqdan o yana keçməyənlərdir».

Korrupsiyanı çiçəkləndirən səbəblər

N.Bəydəmirli vurğulayır ki, əslində dövlət büdcəsindən məmurların mənimsəmələri və dövlətin maliyyə vəsaitləri hesabına özəl biznesin qurulması korrupsiya cinayəti tərkibi yaradır.

İqtisadçı hesab edir ki, Azərbaycanda korrupsiyanı çiçəkləndirən konkret səbəblər var: «Yerlibazlıq, qohumbazlıq, rüşvət, dövlət qurumlarına rəhbər təyin edilən şəxsin ətrafına tanıdıqlarını yığması, yuxarıdan aşağı bir-birinin cinayətini ört-basdır etmək korrupsiyanı ayaq üstə saxlayır».

«Sanki cəmiyyət buna maraq nümayiş etdirmir»

Deputat Fazil Mustafa isə hesab edir ki, ölkədə korrupsiyaya ilə mübarizə gedir. Onun fikrincə, harada müraciətlər olursa, orada faktlar yoxlanılır, amma müraciət tendensiyası aşağı səviyyədədir: «Sanki cəmiyyət buna maraq nümayiş etdirmir. Bütövlükdə isə korrupsiya yaratma mexanizmi özünü qoruyub saxlayır və bunun necə durdurulması özü bir məsələdir».

Deputatın sözlərinə görə, sahibkarlığın inkişafı baxımından müəyyən irəliləyişlər var, sənədləşmə işindəki süründürməçilik, əlavə xərclər, demək olar ki, aradan qalxıb: «Amma bu azdır... Xarici məhsulların üzərinə yerli etiketləri yapışdırmaqla iş olmaz axı. Bu yanaşma özü yerli istehsal potensialının önündə bir maneədir. Velosiped istehsal olundu, maşın hissələri yığıldı, amma bazar tapmadı. Bunu araşdırmaq lazım gəlir ki, bu niyə baş verir? Deməli, biz haqqında danışdığımız mexanizmi dayandıra bilməmişik. Bundan əlavə, hesab edirəm ki, vəzifəli şəxslərin gəlir bəyannamələriylə bağlı qaydalar tətbiq olunmalıdır».

Onun fikrincə, eyni zamanda, inhisarçılıqla mübarizə baxımından «Rəqabət haqqında» Qanunun da qəbulu çox vacibdir.

XS
SM
MD
LG