Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:05

Prezident “postneft” dövrünü 20 il sonra gözləyirmiş


Arxiv fotosu: Prezident İlham Əliyev Davosda dünya İqtisadi forumunda, 23 yanvar 2014
Arxiv fotosu: Prezident İlham Əliyev Davosda dünya İqtisadi forumunda, 23 yanvar 2014

-

Bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də İsveçrədə - Davosda bildirib. Dünya İqtisadi Forumunda iştirak edən prezident İlham Əliyev CNN telekanalının əməkdaşı John Defterios-ın aparıcılığı ilə keçirilən "Yeni Enerji Tənliyi" adlı paneldə çıxış edib.

Neftin qiymətləri, ona tələbatın gələcəyi, dəyişən enerji və iqlim siyasətlərinin müzakirə olunduğu paneldə Azərbaycan prezidenti neft gəlirlərinin belə tezliklə kəskin azalacağına hazır olmadıqlarını deyib:

"Biz "postneft erasının" indi yox, bir 20 ildən sonra gələcəyini gözləyirdik. Biz büdcəmizi bir barrel xam neftin qiymətinin 50 dollar olacağını düşünərək planlaşdırmışdıq.

Neft qiymətlərinin davamlı düşməsi psixoloji nöqteyi-nəzərdən yorucudur. Biz sosial və sənaye infrastrukturuna, neft istehsalının özünə belə sərmayə qoymalıyıq," - deyə İlham Əliyev bildirib.

Prezident çıxışına nikbin notlarla davam edib: "İndi Azərbaycanda islahatlar üçün yaxşı vaxtdır. İndi biz neft amili barədə unutmaq üzərində işləyirik. Mən düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik.

Bizim xarici valyuta ehtiyatımız təqribən ÜDM-mizin həcminə bərabərdir."

Panelin moderatoru Azərbaycanda başlamış etirazlara da toxunub və bunun da bilavasitə neft qiymətərindən qaynaqlandığını deyib. İlham Əliyev bildirib ki, manatın məzənnəsi çox böyük idi: "Mən hətta düşünürəm ki, bu bir qədər süni idi. Ona görə biz birinci devalvasiyanı manatı dollara bərabərləşdirmək üçün, ikinci devalvasiyanı isə qonşu dövlətlərin valyutalarının dəyərdən düşməsinin təsiri altında həyata keçirdik. İnsanlar buna hazır deyildilər."

Sonda prezident Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı son 10 ildə 300% artım nümayiş etdirərək dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olmuşdu. "Məncə bu həddindən çox idi," deyə o əlavə edib.

İlham Əliyev neftin qiymətinin gələcəyi ilə bağlı belə deyib: "Biz düşünürük ki, o daha 2-3 dollar düşəndən sonra ilin ikinci yarısı qalxmağa başlayacaq." O həmçinin deyib ki, bir barrel neftin qiymətinin 60-70 dollar olması istehsalçı ölkələrin hökumətlərinə çox sərf edərdi. "Mən bunu mümkün qədər tez görmək istəyirəm, yəqin ki, 2017-ci ildə neftin qiyməti belə olacaq," deyə o çıxışını yekunlaşdırıb.

Azərbaycan manatı ABŞ dollarına nisbətən son bir ildə iki dəfəyə qədər qiymətdən düşüb. Bir tərəfdən də ölkədə əksər sahələrdə bahalaşma başlayıb. Buna görə son günlər ölkənin 10-a yaxın rayonunda etiraz aksiyaları keçirilib.

XS
SM
MD
LG