Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:03

İ.Əliyev: 'Azərbaycan Xalq Cümhuriyyəti Yerevanı Ermənistana bağışladı'


İ.Əliyev hərbçilərlə görüşür. 31 mart 2017
İ.Əliyev hərbçilərlə görüşür. 31 mart 2017

«Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti Yerevanı Ermənistana, demək olar, bağışladı. Bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, Yerevan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt Yerevanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu, böyük səhv idi».

Bunu Azərbaycan prezidenti, İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə əlaqədar bu gün, martın 31-i bir qrup hərbçi ilə görüşündə deyib.

Buna da bax: ‘Kiminsə Yerevanı Ermənistana ‘verməsindən’ söz açmaq savadsızlıqdır’

Çıxışın mətnini prezidentin mətbuat xidməti yayıb.

«DAĞLIQ QARABAĞA HEÇ VAXT MÜSTƏQİLLİK VERİLMƏYƏCƏK»

Prezident qeyd edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək: «Heç bir ölkə bu qondarma qurumu tanımır. Orada bu yaxınlarda keçirilmiş qondarma «referendum» bunu bir daha göstərdi. Bizim bütün qonşu dövlətlərimiz, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr ölkələri birmənalı şəkildə bəyanatlar veriblər ki, onlar bu «referendum»u tanımırlar».

***Buna da bax-Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'

İ.Əliyevin deməsinə görə, Ermənistan və onun rəhbərliyi növbəti dəfə özünü biabır edib. «Hər dəfə orada qondarma «referendum» keçirilərkən bu, bizim xeyrimizə işləyir. Çünki hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər bunu qəbul etmirlər. Beləliklə, hər dəfə Azərbaycanın ərazi bütövlüyünü onlar bir daha dəstəkləyirlər və təsdiqləyirlər. Biz ərazi bütövlüyümüzü, əlbəttə ki, bərpa edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də ölkəmizin tərkibində olacaq», - deyə dövlət başçısı vurğulayıb.

XATIRLATMA

2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhə xəttində Azərbaycan və Ermənistan silahlı bölmələri arasında ağır döyüşlər gedib. Hər iki tərəfin itkilər verdiyi bildirilir. Bu döyüşlərin gedişində Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini işğaldan azad edib.

Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

XS
SM
MD
LG