İran prokuroru yanvarın 25-də bildirib ki, ABŞ donanma veteranı “fərdi şikayət” əsasında saxlanıb.
46 yaşlı Michael White İranda ötən iyul ayından saxlanıb və o Donald Trump prezident olandan bəri bu ölkədə saxlanmış ilk amerikalıdır.
İranın yarırəsmi Mehr xəbər agentliyi yanvarın 25-də prokuror Gholamali Sadeghi-yə istinadən bildirib ki, bu iş hazırda “təhqiqatdadır”.
Prokuror bundan artıq informasiya vermçəyib. O habelə veterana qarşı təhlükəsizliklə bağlı ittihamların irəli sürülə biləcəyinə dair də heç nə deməyib.
White-ın anası oğlunun tez bir zamanda azad olunmasına çağırıb. O deyib ki, oğlu xərçəng xəstəsidir və tibbi yardıma ciddi ehtiyacı var.
Joanne White-ın sözçüsü Jonathan Franks yanvarın 25-də açıqlanmış bəyanatda bildirib ki, veteranın səhhəti barədə məlumatı onunla bir yerdə həbsxanada olmuş İran vətəndaşları veriblər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi bu ayın əvvəllərində White-ın həbsi abrədə The New York Times qəzetinin yanvarın 7-də dərc etdiyi xəbəri təsdiq etmişdi.
Bununla yanaşı sözçü amerikalının hansı ittihamla saxlandığı barədə məlumat verməmişdi.
Qəzet White-ın anası Joanne-nın dilindən yazırdı ki, o İrana “beş və ya altı dəfə” sevgilisi olan qadını görmək üçün gedib.
White-ın həbsi barədə məlumat habelə yanvarın 7-də İran mühacirlərinin Iran Wire xəbər saytı tərəfindən yayılmışdı.
Onun Məşhəd həbsxanasında saxlandığı bildirlirdi.
İran bundan əvvəl də qərbliləri, əsasən danışıqlarda təzyiq vasitəsi kimi istifadə etmək məqsədilə saxlayıb.