Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

İranda İnqilab Keşikçiləri hakimiyyətə doğru gedir


İran İnqilab Keçikçiləri, Iraqda
İran İnqilab Keçikçiləri, Iraqda

İranın keçmiş prezidenti Rafsanjani-nin İslam İnqilab Keşikçiləri Korpusu (Bəsic) ilə münasibətləri daim gərgin olub. İranın ən güclü hərbi qüvvəsi olan Bəsicin milyardlarla dollarlıq iqtisadi maraqları var.

MÜHAFİZƏKAR VƏ TƏCRİDÇİ XƏTT

İndi, Ali Akbar Hashemi Rafsanjani-nin ölümündən sonra, inqilab keşikçiləri öz güclərini artıraraq ölkəni daha mühafizəkar və təcridçi siyasi xəttə tərəf itələməyə çalışırlar.

Buna da bax: İran televiziyasındakı əcaib Azərbaycan dili - [Video]

Mayda keçiriləcək prezident seçkiləri və İranın ən güclü şəxsi, ali dini lider Ayatollah Ali Khamenei-nin səhhətinin pisləşməsi fonunda təhlilçilər Bəsicin tezliklə hakimiyyətin bütün səviyyələrində möhkəmlənəcəyini deyirlər.

Ötən bazar günü 82 yaşında vəfat edən Rafsanjani inqilab keşikçilərinin artan iqtisadi maraqlarını tənqid edirdi. Bu maraqlarsa neft-qaz sənayesindən telekommunikasiya və tikinti sektoruna qədər bir çox sahəyə yayılıb. Rafsanjani həmçinin 2009-cu ildə baş vermiş etiraz aksiyalarının dağıdılmasında Bəsicin rolunu da tənqid edirdi.

İranın keçmiş prezidenti Ali Akbar Hashemi Rafsanjani, Tehran, 8 mart 2011
İranın keçmiş prezidenti Ali Akbar Hashemi Rafsanjani, Tehran, 8 mart 2011

Rafsanjani ali dini lideri seçən Mütəxəssislər Məclisinin ən nüfuzlu üzvlərindən biri idi.

TİMSAH GÖZ YAŞLARI

Yas mərasimləri zamanı İnqilab Keşikçilərinin komandanı dövlət televiziyasında çıxış edərək islam respublikasının banisi Ayatollah Ruhollah Khomeininin silahdaşı olan Rafsanjani-ni tərifləyib.

Buna da bax: Rafsanjaninin dəfninə yüz minlərlə adam gəlib

Ancaq təhlilçilərin sözlərinə görə, çoxları ən böyük tənqidçilərinin ölümünə gizli-gizli sevinirlər.

"Onlar çox xoşbəxt olacaqlar. Onlar çoxlu timsah göz yaşları axıdırlar", – Andrews Universitetinin İran Elmləri İnstitutunun direktoru Ali Ansari deyir.

Rafsanjani-nin yoldan çəkilməsindən sonra inqilab keşikçiləri növbəti ali dini liderin kim olacağında mühüm rol oynayacaq, öz maraqlarına uyğun liderin seçilməsinə nail ola biləcəklər.

"...Haqqında eşitdiyiniz namizədlərin hər biri daha mühafizəkar və radikal baxışlara malikdir", –Qum seminariyasının məzunu, Washington Yaxın Şərq Siyasəti İnstitutunun tədqiqatçısı Mehdi Khalaji deyir.

KHAMENEİ-Nİ KİM ƏVƏZLƏYƏCƏK?

İranda mühafizəkar düşərgə daxildəki siyasi islahatlara qarşı olması ilə seçilir. Rafsanjani mötədil prezident Hassan Rouhani-nin seçkiləri qazanmasında aparıcı rol oynayıb.

Ayatollah Ali Khamenei, Tehran, 17 dekabr 2016
Ayatollah Ali Khamenei, Tehran, 17 dekabr 2016

2015-ci ildə əldə olunmuş nüvə sazişi mühafizəkarların qarşı çıxdığı məsələlərdən biridir. Onlar Rouhani hökumətini tənqid edərkən öz arqumentlərini əsasən nüvə sazişi və onun nəticəsində ölkənin Qərb şirkətlərinə açılması üzərində qururlar.

77 yaşlı Khamenei-ni kimin əvəzləyəcəyi məsələsi 2014-cü ildən gündəmdədir.

Dövlət televiziyası 1989-cu ildə İranın ikinci ali dini lideri olmuş Khamenei-ni yataqda göstərmişdi. Təhlilçilər deyirlər ki, bu, xalqın dəyişikliyin qaçılmaz olduğunu anlaması üçün edilmişdi.

Khamenei-nin ölümündən sonra Mütəxəssislər Məclisinin 88 üzvü bağlı qapılar arxasında öz namizədlərini irəli sürəcəklər. Təhlilçilər bu işdə İnqilab Keşikçilərin mühüm rol oynayacağını gözləyirlər.

Buna da bax: İranlı rejissor Möhsün Hadi Tehran məzarlığındakı Qarabağ şəhidlərindən film çəkir

“ŞƏXSİYYƏTLƏR VACİB DEYİL”

İnqilab Keşikçiləri ilk dəfə 1980-ci illərdə İran-İraq müharibəsindən sonra iqtisadi güc əldə etdilər. O zaman ölkənin dini liderləri onların İran iqtisadiyyatına sərmayə qoymasına izn verdilər.

Onların təsir gücü və sərvəti özü də keçmiş inqilab keşikçisi olan Mahmoud Ahmadinejad-ın prezidentliyi dövründə daha da artdı.

Abbas Milani
Abbas Milani

Stanford Universitetindən Abbas Milani deyir ki, onlar kəşfiyyat, maliyyə, polis kimi sahələrdə günü-gündən daha çox rıçaqlar ələ keçiriblər. "Aydındır ki, onlar öz güclərindən yararlanırlar", – Milani deyir.

Ali dini lider vəzifəsinə bəlli bir namizəd olmasa da, bir neçə iddiaçı var.

Ancaq bəzi təhlilçilər deyirlər ki, İnqilab Keşikçilərinin gücləndiyi şəraitdə ali dini liderin kim olacağı o qədər də vacib deyil.

"Artıq şəxsiyyətlər vacib deyil. Məndən soruşanda ki, Khamenei-ni kim əvəzləyəcək, deyirəm ki, İnqilab Keşikçiləri", – Washington İnstitutundan Khalaji söyləyir.

XS
SM
MD
LG