İranda Müəllimlərin Həmkarlar İttifaqının Koordinasiya Şurası bildirir ki, ölkədə geniş yayılan etiraz aksiyalarında iştirakına görə 100-dək müəlim həbs olunub.
Bu da qeyd olunur ki, etirazçı müəllimlər habelə həbs olunmuş həmkarlarının azad olunmasını tələb edirdilər.
Sözü gedən Şura iyunun 17-də bildirib ki, Şirazda 60, Kürdüstan ostanında 30, Qəzvində 10 və Rəşt şəhərində 6 müəllim həbs edilib.
***
İranda müəllimlər dörd həmkarlarının hələ də həbsdə qalmasına və ağır iqtisadi şəraitə etiraz aksiyasına çıxıblar.
İyunun 16-da sosial mediada yayılmış video və fotolarda Tehran, Zəncan, Ərdəbil, Kirmənşah və digər şəhərlərdə müəllimlərin küçələrə çıxdığı görünür.
Videolarda xeyli sayda təhlükəsizlik əməkdaşları var, bəzi etirazların qarşısı alınıb. Şahidlər bəzi şəhərlərdə hərbi vəziyyətə oxşar şəraitin hökm sürdüyünü deyirlər.
Maaş artımı tələbi
Yerli medianın yazdığına görə, Gilan vilayətində Müəllimlər Birliyinin sözçüsü, müəllim Əziz Qasımzadə və birliyin digər üzvü Mahmud Sedigipur iyunun 16-da Rəştdə yürüşdən öncə saxlanıblar.
Müəllimlər, təqaüdçülər daha yaxşı maaş və iş şəraiti tələbiylə etirazlar keçirirlər. Hakimiyyət isə cavabında etirazçıları dindirməyə çağırır, saxlayır. Saxlanan etirazçıların və fəalların sayının artmasına baxmayaraq, yürüşləri dayandırmaq mümkün olmayıb.
Ötən ay May Günü nümayişləri ərəfəsində dörd müəllim saxlanıb. Bundan sonra İran Müəllimlər Birliklərinin Koordinasiya Şurası müəllimləri iyunun 16-da etirazlara çağırmışdı.
Müəllimlər hökuməti islahatları sürətləndirməyə çağırır. İslahatlarda müəllimlərin təcrübə və perfomansına uyğun olaraq maaşlarının artırılması nəzərdə tutulur.
Büdcədə bahalanma nəzərdə tutulmayıb
Bu arada İran xəstəxanaları, həbsxanalar, uşaq baxımı mərkəzlərində mümkün ərzaq qıtlığı haqda xəbərlər gəlir.
Tehranda çıxan “Etimad” qəzeti iyunun 15-də yazıb ki, “növbəti həftələrdə” bu problem “gözlənir” və “təkcə xəstəxanalarda deyil, kazarmalar, həbsxanalar, qayğı mərkəzləri, hətta tələbə yataqxanalarında ərzaq təchizatı kəsilə bilər”.
“Etimad” bir özəl xəstəxana rəhbərinə istinadla yazır ki, ərzağın kəskin bahalanması xəstəxanada ərzağın keyfiyyətinə o dərəcədə təsir göstərib ki, dövlət və özəl tibb ocaqlarında təzə hazırlanan məhsullar qablaşdırılmış ərzaqla əvəzlənəcək.
Adının çəkilməsini istəməyən xəstəxana başçısının sözlərinə görə, bir neçə həftəyə xəstələrə isti yemək, proteinlə zəngin qidalar vermək mümkün olmayacaq, “çünki qiymət artımı xəstəxananın büdcəsində nəzərdə tutulmayıb”.
“Ötən ildən xəstəxana rəhbəri işçilərin, tibb bacılarının yeməyini kəsib, 12 saat növbədə olan tibb bacılarına yemək əvəzinə 150 min rial ($0.40) pul verilir”, – Tehranda bir dövlət xəstəxanasında tibb bacısı deyib.
Hökumət maliyyəni artırsa da...
İran iqtisadiyyatı illərdir ağır sanksiyalardan əziyyət çəkir. ABŞ 2018-ci ildə nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.
Xeyli sayda iranlı qiymətlərin qalxmasına etiraz olaraq küçələrə çıxır, hökumətin onların həyatını yaxşılaşdıra bilmədiyini deyirlər.
Bu il hökumət dövlət xəstəxanalarına vəsaiti 19.5, özəl xəstəxanalara isə 24 faiz artırıb. Ancaq ərzağın qiyməti dövlət xəstəxanalarında 30, özəllərdə isə 40 faiz qalxıb.
İran Statistika Mərkəzinin mayda yaydığı təhlildə deyilirdi ki, 53 ərzaq məhsulu 2021-ci ilin eyni ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə bahalanıb.