Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:59

İran dronları Rusiyanın karına gələcəkmi


İranın Shahed 129 dronu
İranın Shahed 129 dronu

Müşahidəçilərin fikrincə, Rusiyaya dron təchizatının Tehran üçün ciddi nəticələri ola bilər. Bununla İran Rusiyanın Ukraynanı işğal etməsinə aktiv şəkildə dəstəkləmiş olar

İran indiyədək Yaxın Şərqdəki proksilərinə pilotsuz uçuş aparatları (PUA) verib, onlardan regionda kəşfiyyat, sabotaj, hücum missiyalarında istifadə olunub.

İndi isə Rusiya bu dronlardan Ukraynada apardığı müharibədə istifadə edə bilər.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu həftə bildirib ki, İran Rusiya qüvvələrinə dronlardan istifadəylə bağlı təlim də keçməlidir.

İranın Rusiya ilə strateji tərəfdaşlığı, o cümlədən Tehranın dron istehsalını artırması islam respublikasını Moskvanın logistika təchizatçısına çevirir. Bunu AzadlıqRadiosunun müxbiri Gülnaz İsfəndiyarinin danışdırdığı ekspertlər deyirlər.

Gizli təchizat zənciri

“Rusiya bunda maraqlıdır, çünki iranlılar PUA-ların hazırlanmasında açıq satışda olan, geniş sanksiyalara baxmayaraq əlçatan komponentlərdən istifadə edir, onlar ucuz başa gəlir”, – Janes qlobal kəşfiyyat şirkətində Yaxın Şərq üzrə müdafiə mütəxəssisi Ceremi Binni deyib.

Rusiya və İran qərbin sanksiyaları altındadır.

“Beləliklə, gizli təchizat zəncirləri yaranıb, bu isə baha olmayan, uzaq hədəfləri vura bilən silahların hazırlanmasına imkan verir. Rusiyalılar bundan faydalana bilərlər, çünki onlar özlərinin müasir silahları üçün xaricdə hazırlanan yüksək texnologiyalı komponentləri ala bilmirlər”, – o vurğulayıb.

Binni əlavə edir ki, İran Rusiyaya, deyildiyi kimi, yüzlərlə dron göndərməyə hazırlaşırsa, bunlar “o qədər də müasir olmayan modellərdir, yerdəki nəzarətçilərə idarə olunan silahlarla hədəfləri dəyişməyə imkan vermir”.

Ukraynada dron əleyhinə tüfəngin sınaqları keçirilib
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Tacikistanda zavod açıb

İran son illər dron istehsalını genişləndirib. Onun donanmasına Shahed-129 kimi kəşfiyyat və hücum dronları, “dron-kamikadzelər”, eləcə də “yaxşı qorunan hava məkanına girə bilən görünməz dronlar” daxildir, Binni deyir.

İran mayda Ababil-2 hücum və kəşfiyyat dronunun istehsalı üçün Tacikistanda dron zavodu açıb. Bu, Tehranın xaricdə ilk istehsal obyektidir.

Arlinqtonda yerləşən CAN təhlil mərkəzinin müşaviri Samuel Bendet isə qeyd edir ki, Tehran Rusiyaya döyüş və “intiharçı”, yaxud “kamikadze” dronları verə, onlar Ukraynada hədəfləri daha dəqiq vura bilər.

Onun sözlərinə görə, Tehran Moskvanı dronların ehtiyat hissələri ilə də təmin edə bilər.

Taktiki tərəfdaşlığın nəticəsi

Müşahidəçilərin fikrincə, Rusiyaya dron təchizatının Tehran üçün ciddi nəticələri ola bilər. Bununla İran Rusiyanın Ukraynanı işğal etməsinə aktiv şəkildə dəstəkləmiş olar. Ukraynaya hücum isə İslam respublikasına tənqidə səbəb olub.

İran rəsmən müharibəyə qarşı çıxdığını, atəşkəs tərəfdarı olduğunu desə də, eyni zamanda münaqişəyə görə “NATO provokasiyası”nı suçlayıb.

“İran öz tərəfini aydın seçib və Rusiya ilə yaxınlığın reputasiya və maliyyə bədəlini vecinə almır. Bu, İranın Suriyada Rusiya ilə taktiki tərəfdaşlığının strateji nəticəsidir, bunun Tehranın liderliyi üçün əhəmiyyəti böyük olub”, – Beynəlxalq Böhran Qrupunda İran layihəsinin direktoru Əli Vaiz belə deyir.

Suriyada vətəndaş müharibəsi gedəndə Moskva və Tehran Prezident Bəşər əl-Əsədi dəstəkləyiblər.

Bendet deyir ki, İran dron satışından Rusiya ilə münasibəti möhkəmləndirmək üçün faydalana bilər.

Kremlin sözçüsü Dmitri Peskov Moskvanın İrandan dron almaq planları haqda bir söz deməyib. Onun sözlərinə görə, Prezident Vladimir Putin iyulun 19-da Tehrana səfəri zamanı bu məsələni müzakirə etməyəcək.

İran nə deyir

İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan ABŞ-ın iddiasını təkzib edib. İyulun 13-də İtaliyaya səfəri zamanı nazir deyib ki, İran Ukraynada müharibənin eskalasiyasına səbəb olacaq hər hansı addımdan çəkinər. O, İranın Rusiya ilə hərbi əməkdaşlığına döyüş dronlarının satışının daxil olub-olmadığını açıqlamayıb.

İranda İslam İnqilab Keşikçiləri Korpusuna bağlı “Javan” qəzeti isə iyulun 12-də yazıb ki, Tehranın dron proqramı haqda “dərin” bilgisi olanlar ABŞ rəsmisi Sallivanın dediyindən təəccüblənməyib. Qəzetin iddiasına görə, İran dronları Çininkindən, bəzi hallarda, “hətta Qərbin və İsrailin hazırladıqlarından” “üstündür”.

“Javan” qeyd edib ki, İran dronları Rusiyanın yüksəklikdən və taktiki kəşfiyyat missiyalarında faydalı ola bilər, düşmən ərazisində hədəfləri dağıdar.

İranda bəzilərinin fikrincə, ABŞ-ın dron iddiasında məqsəd Tehrana təzyiqi artırmaq, İslam respublikasına beynəlxalq silah embarqosunu bərpa etməkdir. Embarqo 2015-ci il nüvə sazişinə uyğun olaraq 2010-cu ildə bitib.

“Görünür, Birləşmiş Ştatlar ictimai fikirdə İranın neytrallıq siyasətini təhrif etməyə, İranı Rusiya ilə birlikdə düşmən düşərgəsinə salmağa cəhd edir”, – təhlilçi Məhəmməd Qeysəri “Tabnak” xəbər saytına deyib.

XS
SM
MD
LG