Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:44

İranda qalibi olmayan və rekord dərəcədə az səs verənlərin qatıldığı prezident seçkisindən çıxan nəticələr


Tehranda mötədil namizəd Məsud Pezeşkian və sərt xətt tərəfdarı Səid Cəlilinin təşviqat plakatları
Tehranda mötədil namizəd Məsud Pezeşkian və sərt xətt tərəfdarı Səid Cəlilinin təşviqat plakatları

İranda iyunun 28-də keçirilən prezident seçkilərində islam respublikası tarixində ən aşağı iştirak faizi qeydə alınıb: seçicilərin yalnız 40 faizə yaxını seçkiyə qatılıb. Namizədlərdən heç biri qalib sayılacaq qədər səs toplaya bilməyib.

İslahatçı millət vəkili Məsud Pezeşkian səslərin 42.5 faizini toplayaraq birinci, ultramühafizəkar Səid Cəlili isə 38.6 faizlə ikinci olub (Pezeşkian sözü farscadan çevirəndə həkim anlamına gəlir – red.). Bu iki namizəd iyulun 5-də keçiriləcək ikinci turda yarışacaq.

AzadlıqRadiosunun müxbiri Kian Şərifinin məqaləsində deyilir ki, İranda keçirilən əsas seçkilərdə seçicilərin iştirak faizinin azalması 2020-ci ildən bəri davam edir. Ancaq oradakı rəy sorğuları bu seçkilərə qatılma səviyyəsinin 2021-ci ildə keçirilən prezident seçkilərindəki qədər aşağı olmayacağını vəd edirdi. Həmin ildəki seçkilərdə iştirak faizi o zamanın rekord həddinə enərək 48.8 faiz olmuşdu.

"Legitimliyin azalma göstəricisi"

Cenevrə Akademik İnstitutunun araşdırıcısı Fərzan Sabet deyir ki, aşağı iştirak faizi "islam respublikasının legitimliyinin azalmasının göstəricisidir".

O, iştirak səviyyəsinin az olmasını doğuran amillər arasında xalqın çox hissəsinin seçkini dəyişikliyə aparan ciddi yol kimi görməməsini ayrıca vurğulayır. Sabetin sözlərinə görə, keçmiş prezidentlər, o sıradan mötədil prezident Həsən Ruhani seçki kampaniyasındakı vədlərinin yetirilməsinə imkan verilməməsindən gileyləniblər.

"Xalq da soruşur ki, hökumətin qərar qəbul etmə gücü qısıtlıdırsa, o halda səs verməyin bir anlamı varmı", - Sabetin sözləridir.

Seçkinin ibrətamiz dərslərindən biri də parlamentin mühafizəkar spikeri Məhəmməd Bağer Qalibafın zəif nəticə göstərməsidir. Seçkini üçüncü yerdə bitirən Qalibafın dördüncü namizədliyi də uğur gətirməyib.

"Bu, bəlli anlamda onun sistemdəki yüksəlişinin sonu da ola bilər. Düzdür, o, yenidən parlamentə gedərək idarəçiliyini oradan davam etdirəcək", - Sabet belə düşünür.

Mühafizəkar düşərgə Cəlili ilə Qalibafı birinin digərinin xeyrinə namizədliyini geri çəkməsi üçün razılığa gəlməyə çağırırdı. Ancaq onların heç biri buna razı olmadı. Qalibafın uduzmasınınsa bir neçə səbəbi var.

Adı korrupsiya və siyasi qalmaqallarda hallanmayan namizəd

Qalibaf daha çox ifrat ideologiyanı dəstəkləyən və ideoloji baxımdan daha qətiyyətli seçicilərə üz tutan Cəlili ilə mötədil olan və islahat tərəfdarı kimi seçicilərin dəstəyini cəlb edən Pezeşkianın arasında qaldı.

Üstəlik, spiker öz karyerası boyunca çoxsaylı korrupsiya iddiaları və siyasi qalmaqallarla üzləşib və bu da onun reputasiyasını yetərincə korlayıb.

Təcrübəli millət vəkili olan Pezeşkian Qərblə münasibətlərin bərpasını dəstəkləyir və Tehranın bəzi mühafizəkar qanunlarını tənqid edir. Ancaq o, islam respublikasının prinsiplərinə sadiqdir və seçilərsə, Xameneinin siyasətinə sadiq qalacağına söz verib.

Çoxu etnik azərbaycanlı olan Qərbi Azərbaycan əyalətini təmsil edən islahatçı deputat Məsud Pezeşkian 20 ildir siyasətdə olsa da, adı heç vaxt hər hansı korrupsiya iddialarında, yaxud siyasi qalmaqallarda hallanmayıb.

Qərbi Azərbaycan əyalətinin kürdlərin üstünlük təşkil etdiyi Mahabad (Soyuqbulaq) şəhərində doğulan Pezeşkian kürd və Azərbaycan dillərində sərbəst danışır.

İxtisasca həkim olan Pezeşkian 1980-88-ci illərdəki İran-İraq savaşında döyüşmək və həkim kimi xidmət etmək üçün ön cəbhədə olub. Müharibədən sonra isə ürək cərrahlığı sahəsində ixtisaslaşıb.

70 yaşlı Pezeşkian eyni zamanda elm sahəsində də çalışıb. O, 1994-1999-cu illərdə Təbriz Tibb Elmləri Universitetinin rəhbəri olub.

Pezeşkian Universiteti tərk etməsindən az sonra - 2000-ci ildə Tehrana köçərək ozamankı prezident Məhəmməd Xatəminin hökumətində səhiyyə nazirinin müavini olub və, beləcə, onun siyasi karyerası başlanıb.

Pezeşkian hicab siyasətini tənqid edib

2001-ci ildə Xatəmi Pezeşkianı özünün səhiyyə naziri elan edib. İki il sonra tənqidçiləri Pezeşkianı yanlış kadr təyinatlarında və Dünya Bankının kreditlərindən düzgün istifadə etməməkdə günahlandırdığı üçün parlament onu vəzifəsindən azad etməyə çalışıb, ancaq buna nail olmayıb.

Hökuməti tərk etməsindən üç il sonra - 2008-ci ildə Pezeşkian parlamentə namizədliyini verib və Təbriz seçki dairəsinin qalibi olub. O, ard-arda beş dəfə dördillik müddətə millət vəkili seçilib.

Mötədil və islahatçıların parlamentə nəzarət etdiyi 2016-2020-ci illərdə Pezeşkian spikerin iki müavinindən biri olub.

2013-cü ildə prezidentliyə namizəd olan Pezeşkian heç bir namizədi dəstəkləmədən geri çəkilib. 2021-ci ildə o, yenidən namizəd olmağa cəhd etsə də, Keşikçilər Şurası onun namizədliyinə imkan verməyib. Konstitusiya Keşikçiləri Şurası ölkədə keçirilən əsas seçkilərdə namizədləri təsdiqləyən qurumdur.

Keçmiş səhiyyə naziri islam respublikasının məcburi hicab siyasətini tənqid edib. O, ötən il həmin siyasətin insanların dinə nifrət etməsinə səbəb olduğunu söyləyib.

Qərblə danışıqlara açıq olduğunu bildirən Pezeşkian keçmişdə digər ölkələrə, o cümlədən ABŞ-yə qarşı şüarlar səsləndirilməsini tənqid edib. Di gəl, o da islam respublikası prinsiplərini dəstəkləyərək deyib ki, Ali dini lider ayətullah Əli Xameneinin siyasəti davam etdirəcək.

Pezeşkian bu ilin martında Xameneinin müdaxiləsi ilə parlament seçkilərində namizədliyinin rədd edilmədiyini bildirib.

O öz çıxışlarında azlıqların hüquqlarını da müdafiə edib. Tənqidçiləri onu İranın etnik azərbaycanlı əhalisi arasında millətçi ovqatını qızışdırmaqda suçlayıblar. Onun özü bu ittihamları rədd edib.

Cəlili Qərblə münasibətləri yaxşılaşdırmağın qəti əleyhdarıdır

Seçkilərin ikinci turunda Pezeşkianın rəqibi olacaq Səid Cəliliyə gəlincə, o, Qərblə münasibətlərin yaxşılaşdırılmasının qəti əleyhinədir. Cəlili Qalibafın səslərini də toplayacağına ümid bəsləyir. Ancaq Qalibafı dəstəkləyənlərin Cəliliyə səs verəcəyinə təminat yoxdur.

Aşırı mühafizəkar Cəlili özünü mərhum İbrahim Rəisi administrasiyasına yaxın siyasətçilərlə əhatə edib.

İranda son dəfə 2005-ci ildə səsvermə ikinci tura qalıb. O zaman birinci turda ikinci olmuş populist namizəd Mahmud Əhmədinejad mötədil namizəd Əli Əkbər Haşemi Rəfsəncaniyə qalib gəlmişdi.

Qatılma faizi aşağı səviyyədə qalsa, Pezeşkian islahatyönlü seçicilərin daha böyük bölümünü səfərbər edə bilməsə, Cəlili 5 iyul seçkisində qalib gələcək. Ancaq Cəlilinin prezident olması ehtimalı bir çoxlarını Pezeşkiana səs verməyə vadar edə bilər.

"Mən ona görə Pezeşkiana səs verdim ki, onun səriştəli olduğuna inanıram, ancaq həm də Cəlilinin prezident olmasından qorxuram", - İranda bir seçici AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə göndərdiyi səsli mesajda belə deyib.

XS
SM
MD
LG