Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:31

Rəisidən sonra İran-Azərbaycan münasibətləri necə olacaq?


Prezidentlər İbrahim Rəisi və İlham Əliyev İran-Azərbaycan sərhədində "Qız Qalası" bəndinin açılışında. 19 may 2024
Prezidentlər İbrahim Rəisi və İlham Əliyev İran-Azərbaycan sərhədində "Qız Qalası" bəndinin açılışında. 19 may 2024

Mayın 22-də İranın dini lideri Əli Xamenei Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edərkən iki ölkə arasında münasibətlərin gələcək inkişafından bəhs olunub. Ermənistan baş naziri İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak edirdi. Həmin görüş zamanı İranın dini lideri deyib ki, Ermənistan ilə əlaqələrinin genişləndirilməsinə diqqət edəcəklər: "Mərhum prezident Rəisi də Ermənistan ilə əlaqələrə önəm verirdi. Xüsusən də Ermənistan ilə sərhəd məsələsinə həssaslıqla yanaşırdı. Biz bu həssaslıqları nəzərə alaraq siyasətimizi davam etdirəcəyik".

Bundan əvvəl, mayın 19-da İran prezidentini daşıyan helikopterin qəzaya düşməsindən saatlar öncə İ.Rəisi sərhəddə Azərbaycan prezidenti ilə su qovşaqlarının açılış mərasimində iştirak etmiş, orada qarşılıqlı xoş münasibətlərə aid açıqlamalar səslənmişdi.

İ.Rəisi demişdi: "Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəyirlər. Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır".

Azərbaycan prezidenti İlham Əliyev də vurğulamışdı ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir".

Bəs İran prezidenti Rəisinin ölümündən sonra bu iki ölkənin münasibətləri necə proqnozlaşdırılır?

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"İran ilə Azərbaycanın münasibətləri kəskin həddə çatmayacaq"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, İran-Azərbaycan münasibətləri iki qonşu ölkədən daha çox bu ölkələrdə yaşayan iki xalqın münasibətləri əsasında formalaşır: "Bu, qonşuluqdan daha artıq bir münasibətlərdir. İranın əhalisi bizim həm soydaşlarımızdır, həm də dindaşlarımızdır. Ona görə də İranda prezidentin kim olmasından asılı olmayaraq, daima bu faktor nəzərə alınacaq".

Deputatın sözlərinə görə, heç vaxt İran ilə Azərbaycanın münasibətləri kəskin həddə çatmayacaq: "Ona görə ki, hər iki xalqın iradəsi buna imkan verməyəcək. Hər bir siyasətçi bu faktorla hesablaşmalıdır. Azərbaycan da daima İran ilə münasibətləri yaxşı saxlamağa çalışarkən məhz bu faktora söykənir".

H.Babaoğlunun vurğulamasına görə, son görüşdə Azərbaycan prezidentinin söylədiyi fikirlər də bir daha onu deməyə əsas verir ki, bəzi qüvvələrin yaratmağa çalışdığı gərginlik arxada qalmaqdadır və İran-Azərbaycan münasibətləri yaxşı olmağa məhkumdur: "Ona görə də İranda kimin prezident seçilməyindən asılı olmayaraq bundan sonra İran-Azərbaycan münasibətləri yaxşılığa doğru gedəcək. 2021-2022-ci illərdə müşahidə etdiyimiz həmin o gərginləşmədən artıq gərginləşmə mümkün deyil. İran-Azərbaycan münasibətləri müsbət istiqamətdə və xüsusi dinamika ilə inkişaf edəcək".

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Əslində ötən ilin ortalarına qədər İran ilə Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilib. 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. Amma son bir ildə, xüsusilə də son aylarda hər iki tərəfdən bir-birlərinə yönəlik müsbət dəyərləndirmələr səslənir. Halbuki münasibətlərin gərgin dövrlərində rəsmilər qarşılıqlı ittihamlar səsləndirir, hətta hər iki tərəf bir-birinin sərhədində hərbi təlimlər keçirirdilər. İranda Azərbaycan-İsrail, Azərbaycanda isə İran-Ermənistan münasibətlərinin inkişafı tənqidlərlə qarşılanıb.

"İranda qərar verəcək bir neçə mərkəz var"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna xatırladır ki, İran-Azərbaycan münasibətlərində məhz İkinci Qarabağ müharibəsindən (2020) sonra gərginlik artmışdı: "Sanki İrandakı mərkəzlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpasını qəbul etmək istəmirdi. Müharibədən sonra İran Azərbaycan ilə sərhəddə nə qədər hərbi təlimlər keçirib, halbuki 30 illik işğal dövründə bir dəfə də olsun Ermənistan ilə sərhəddə hərbi təlim keçirməyib".

Ekspert qeyd edib ki, elə İ.Rəisi "Zəngəzur dəhlizi"ni (Ermənistanın Sünik bölgəsindən keçəcəyi deyilən yol) "qırmızı cizgi" adlandırmışdı: "Yəni demək istəyirdilər ki, bu dəhliz olmamalıdır. Bütün bunlar ondan xəbər verir ki, İran yenə də Azərbaycanın daxili işlərinə qarışır".

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

E.Şahinoğlunun sözlərinə görə, İ.Rəisinin son anda iki su qovşağının açılışında iştirakı sanki münasibətlərin normallaşmağa doğru getdiyini göstərirdi: "Amma bu su qovşaqlarının bünövrəsi çox əvvəllər, 1980-ci illərdə qoyulmuşdu. Sadəcə işğal dövründə (1992-2020-ci illərdə Azərbaycanın 20 faiz ərazisi işğalda olub) Azərbaycan tikintidə iştirak edə bilmirdi. Yəni, İbrahim Rəisi olmasa idi, kim olursa-olsun, gəlib o açılışda iştirak edəcəkdi və hər iki tərəf həmin qovşaqlardan faydalanacaqdı".

Politoloq deyir ki, Azərbaycan münasibətlərin yaxşılaşmasını istəsə də, bunun olacağını zənn etmir: "Problem burasındadır ki, İranda qərar verəcək bir neçə mərkəz var. Bir mərkəz Azərbaycan ilə münasibətlərin normallaşmasını istəyir, amma onun üstündəki digər hərbiləşmiş və yaxud ali dini liderin ətrafında olan mərkəz Azərbaycan əleyhinə yenidən təxribatçı açıqlamalar verir. Qovşaqların açılışından iki gün qabaq İranın rəsmi qəzeti "Tehran" Azərbaycan haqqında təxribatçı bir yazı yayımladı".

Yazıda səslənən fikirlərə İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Mayın 19-da içində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bir neçə digər rəsmi şəxsin olduğu helikopter qəzaya uğrayıb. Mayın 20-də səhər saatlarında İranın rəsmi şəxsləri prezidentin və onun komandasının həlak olduğunu açıqlayıb. Qəzaya ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

XS
SM
MD
LG