Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:52

ABŞ Bakı-Tehran gərginliyini 'narahatlıqla' izləyir


Tehranda hərbi parad, İran hərbi təyyarələri, 18 aprel 2011
Tehranda hərbi parad, İran hərbi təyyarələri, 18 aprel 2011

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti martın 13-də Azərbaycan və İran arasında yaranmış son gərginliyə reaksiya verib.

"İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub. O, qonşularını - yaxın və uzaqları təhdid edən addımlar atır", - Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) "Turan"ın müxbirinin sualına cavabında bildirib.

"Biz davam edən gərginliyi narahatlıqla izləyirik" , - о vurğulayıb.

İran təyyarəsi Azərbaycan sərhədi yaxınlığında uçuşlar edib - Bakıdan nota

Bakı martın 11-də İrana məxsus hərbi təyyarənin Azərbaycan sərhədinə yaxın uçuşlar etdiyini bildirir.

İki dövlət qurumunun - Xarici İşlər və Müdafiə nazirliklərinin birgə yaydığı məlumatda bildirilir ki, martın 11-i İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu tərəfdən Biləsuvar rayonu istiqamətinə və geriyə uçuş həyata keçirib.

Qeyd olunur ki, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Bunun hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq təcrübəyə zidd olduğu vurğulanır.

"İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir", -birgə bəyanatda vurğulanır.

Xarici və Müdafiə nazirliklərinin bəyanatında bildirilir ki, "işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır" .

Bəyanatda həmçinin İran tərəfinin ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirdiyi xatırladılır. Nazirliklər İranı "təhrikçi addımına görə şiddətlə qınayır", izahat verməyə, gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırır.

O da qeyd olunur ki, martın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

Hələ ki, bu məsələyə İran tərəfinin mövqeyi bəlli deyil.

Xatırlatma

Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

XS
SM
MD
LG