Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:12

İsmayıllı hadisələri: həbsdə kimlər qalıb?


İsmayıllıda etirazlar...
İsmayıllıda etirazlar...

►“Ona görə ki, onlar öz hüquqlarını biləndirlər. Demədilər ki, “biz cinayət törətmişik”"

Fevralın 24-də Şəki Apellyasiya Məhkəməsində ReAl hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyasının sədrinin müavini Tofiq Yaqublunun işinə təkrar baxılması qeyri-müəyyən müddətə təxirə salınıb.

Buna Penitensiar Xidmətin məhbusların Bakıdakı cəzaçəkmə müəssisəsindən məhkəməyə gətirilməsinin mümkün olmadığı barədə məktubu səbəb olub.

Müdafiə tərəfi məhkəmənin qeyri-müəyyən vaxta ertələnməsini prosesin bilərəkdən uzadılması kimi qiymətləndirir. Digər tərəfdən, Avropa İnsan Haqları Məhkəməsi həm İlqar Məmmədovun, həm də Tofiq Yaqublunun azad olunması barədə qərar çıxarsa da, hakimiyyət onları həbsdən buraxmır.

Onlar 2013-cü ilin yanvarında İsmayıllıda baş verən kütləvi iğtişaşların təşkili ittihamı ilə mühakimə olunublar. İ.Məmmədov 7, T.Yaqublu isə5 il azadlıqdan məhrum ediliblər. Amnesty İnternational hər ikisini “vicdan məhbusu” kimi tanıyıb.

18 sakindən 4-ü hələ həbsdədir

İsmayıllı hadisələrinə görə daha 4 nəfər həbsdədir, həmin hadisələrə görə 18 yerli sakin həbs olunmuşdu. Vasif İbrahimov, Səftər Ağamalıyev, Cəfər Cəfərov və Elşən Turabov 5-7 illik həbs cəzaları ilə Şəki həbsxanasında saxlanılırlar. Bu müddət ərzində yaxınları dəfələrlə hüquq-mühafizə orqanlarına, Əfv Komissiyasına müraciət etsələr də, azad olunmurlar.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Bu işdə vəkil olmuş Nəvaid Abbasov deyir ki, dörd nəfərin həbsdə qalması, digərlərindən fərqli olaraq, ictimai fəallıqları ilə bağlıdır:

“Ona görə ki, onlar öz hüquqlarını biləndirlər. Demədilər ki, “biz cinayət törətmişik”. Həm də onlara ictimai fəal kimi baxırlar. Heç bir cinayətdə iştirakları olmayıb. Sifariş belədir ki, hələ qalmalıdırlar. Elə ən ağır cəza Vasiflə Səftərdə olub, 8 il. Yaxın müddətdə onların azad olunacağını düşünmürəm. Həmin vaxt məmurların törətdikləri əməllər daha ağır idi, ancaq, sadəcə, işdən çıxarılmaqla cəzalandırıldılar. Cinayətin törədilməsinə səbəbkar olmayan, hadisələrə təsadüfən qoşulanları ağır cəzaya məruz qoymaq hüquqa və məntiqə sığımır”.

“Haqqı dedikləri üçün tutulublar”

Səftər Ağamalıyevin qardaşı Heydər Ağamalıyev də deyir ki, həmişə haqsızlığa qarşı çıxıblar:

“Səftəri heç nədən tutublar. Çağırıblar, o da durub gedib ki, camaatı sakitləşdirsin. Şəkilləri düşüb, elə onunla da həbs olundu. Həbsinin 3 il tamam oldu, dörd uşağı var, çox sıxıntı çəkirik. Bu müddətdə bütün hüquq-mühafizə orqanlarına, prezidentə, hər kəsə minlərlə müraciət eləmişəm. İmkan düşdükcə vəzifəli şəxslərlə görüşmüşəm. Hər dəfə də deyirlər ki, “yaxın vaxtlarda haqq yerini tapacaq”. Daha bilmirik, bu haqq nə vaxt yerini tapacaq. Məndən başqa rayon ziyalıları da dəfələrlə müraciət edib. Səftəri əslində mənə görə tutublar. Mütəllibovun vaxtından Xalq Cəbhəsinin İsmayıllı təşkilatının fəallarından idim. Biz inqilabçı olmuşuq, ancaq daha dövləti dağıtmaq yox, qurmaqdan ötrü inqilabçı olmuşuq. Bizə qarşı niyə belə edirlər, bilmirəm”.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“Yazan da özləridir, pozan da”

Vasif İbrahimovun atası Ədalət İbrahimov da oğlunun həbsdə qalmasına heç bir əsas olmadığını söyləyir:

“Həbsdəki 4 nəfər, o cümlədən, oğlum həmişə haqqı deyib. Ona görə basdılar içəri, elə ona görə də buraxmırlar. Başqa neyləmişdilər ki? Heç nə. Əksinə, iğtişaşların qarşısını almağa çalışırdılar. Nə qədər müraciətlərimiz olub. Öz əllərindədir də. İcra başşısına da demişəm, deyir, “məndən qabaq olub bu şeylər”. Daha heç nəyə gücüm çatmır, yazan da özləridir, pozan da”.

Həbsdə qalan Cəfər Cəfərovun atası Pənah Cəfərov da, Elşən Turabovun qardaşı Elnur Turabov da bu illər ərzində çoxsaylı müraciətlərinə baxılmadığını bildirirlər. Müraciət etdikləri qurumlardan biri də yerli icra hakimiyyətidir.

“Zamin də durmağa hazıram”

İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev deyir ki, bu məsələyə qarışa bilməzlər:

“Bu, hüquqi məsələdir. İcra hakimiyyətinin məhkəmə qərarına müdaxilə hüququ yoxdur. Bizə müraciət olunanda da izah edirik ki, bu, icra hakimiyyətinin səlahiyyətlərindən kənar məsələdir. Məhkəmə qərarı ilə bağlı onların apellyasiya hüququ var, o hüquqlarından istifadə edə bilərlər. Bizim müdaxiləmizə qanun yol vermir”.

Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkil Tahir Kərimli isə deyir ki, həbsdəkilərin azadlığa çıxması üçün əlindən gələni etməyə hazırdır:

“Bəlkə də bəzilərinin təqsiri olubsa da, bu illəri həbsdə keçirlmələri ilə kifayətlənmək mümkündür. Onların azad olunmasından ötrü zamin də durmağa hazıram”.

2013-cü ilin yanvarında İsmayıllıda baş verən kütləvi iğtişaşlar nəticəsində 20-dən artıq adam həbs olunmuşdu. Hadisələrdən sonra rayonun o vaxtki icra başçısı Nizami Ələkbərov, qardaşı, əmək və əhalini sosial müdafiə naziri Füzuli Ələkbərov vəzifələrindən uzaqlaşdırıldı.

İsmayıllı hadisələrinin ildönümüdür
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

XS
SM
MD
LG