Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:46

İsraildə 1500 'Həmas' silahlısının cəsədi tapılıb


İsrailin Qəzzaya endirdiyi zərbələrdən sonra tüstü və alov yüksəlir
İsrailin Qəzzaya endirdiyi zərbələrdən sonra tüstü və alov yüksəlir

İsrail ordusu oktyabrın 10-da səhər bildirib ki, qüvvələri Qəzza zolağı ilə sərhədə nəzarəti bərpa edib, İsrailin daxilində 1500-dək 'Həmas' silahlısının cəsədi tapılıb.

Oktyabrın 7-də silahlı qruplaşmanın İsrailə qəfil hücumu nəticəsində 900-dək adam öldürülüb, onlardan azı 260 nəfəri musiqi festivalına gedən gənclər olub.

Fələstin hakimiyyəti isə oktyabrın 7-dən bəri Qəzza zolağı və Qərb sahilində 700-dək adamın öldürüldüyünü bildirib.

Hər iki tərəfdə yaralılar var.

İsrail Qəzzaya ağır hava zərbələri endirdiyi bir vaxtda Baş nazir Benyamin Netanyahu xəbərdarlıq edib ki, ölkəsinin cavabı hələ təzə başlayıb. "Həmas" xəbərdarlıq edib ki, hər bir fələstinli sakinin evinin xəbərdarlıqsız bombalanmasına görə bir israilli girov öldürüləcək. Sözçü Əbu Ubayda hər bir edamın onlayn yerləşdiriləcəyini bildirib.

İsrailin xarici işlər naziri Eli Koen "Həmas"a xəbərdarlıq edib ki, girovlara hər hansı ziyan vurulması hərbi cinayət sayılacaq və bağışlanmayacaq.

İnflitrasiya ola bilər

Ordunun sözçüsü Riçard Hext deyib ki, İsrail qüvvələri döyüşlərin dördüncü günündə sərhədə tam nəzarəti bərpa edib və oktyabrın 9-u axşamdan bəri İsrailə ərazisinə silahlı keçməyib.

Hext sərhəd regionuna 35 batalyonun yerləşdirildiyini, sərhəd məntəqələrində evakuasiyanın, demək olar, tamamlandığını deyib. Sözçü infiltrasiyanın mümkün ola biləcəyini də istisna etməyib.

İsrailli xilasedicilər oktyabrın 9-da Qəzza ilə sərhədə yaxın kiçik Beeri kibutsunda (icma) 100 meyit tapıb.

Oktyabrın 8-də "Həmas"a müharibə elan edən Netanyahu isə dünən televiziya ilə çıxışında görünməmiş qisasla hədələyib.

"Növbəti günlərdə düşmənlərimizin başına gətirəcəklərimiz nəsillər boyu yadlarından çıxmayacaq", – Netanyahu vurğulayıb.

İsrail ordusu Aralıq dəniz sahilindəki Fələstin anklavı olan Qəzzada yüzlərlə hədəfi vurub, böyük dağıntılar törədib. "Həmas"ın 2007-ci ildən nəzarət etdiyi bu ərazidə 2.3 milyon nəfər yaşayır.

Diplomatik cəbhə

Avropa ölkələri və ABŞ vətəndaşlarını İsraildən çıxarmağa çıxarır. "Həmas"ın girov götürdüyü 130 nəfər içərisində israilli əsgərlər də var.

BMT konfliktin yayılmamasından ötrü gərgin diplomatik iş aparıldığını, həmçinin İsrail Qəzzanı tam blokadaya salandan sonra humanitar vəziyyətin pisləşməsindən narahatlığını bildirib. Qəzzada elektrik və su təchizatı kəsilib.

Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasında "Həmas"ı pisləməyə çağırıb. Moskva isə Yaxın Şərqdə sülh prosesinə qayıdışı dəstəkləyən daha geniş bəyanata tərəfdar çıxıb.

ABŞ prezidenti Co Bayden (Joe Biden) Ağ evdə aparıcı milli təhlükəsizlik müşavirləri ilə toplantı keçirib, İsrailə tam dəstək vəd edib, şərqi Aralıq dənizinə hərbi gəmilərin göndərilməsinə göstəriş verib.

İsrailə hücumlarda azı 11 ABŞ vətəndaşı öldürülüb. Bayden deyib ki, "Həmas"ın girov götürdüyü şəxslər arasında amerikalılar da ola bilər.

Birləşmiş Ştatlar Livanın "Hizbulla" silahlı qruplaşmasına xəbərdarlıq edib ki, ölkənin şimalında İsrailə qarşı ikinci cəbhə açmasın.

XS
SM
MD
LG