Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:17

İsrail və 'Hizbullah' münaqişəni genişləndirmək istəmədiklərini deyirlər


İsrail-Livan sərhədi
İsrail-Livan sərhədi

İsrail və Birləşmiş Ştatların terrorçu saydığı "Hizbullah" qruplaşması avqustun 25-də qarşılıqlı raket atəşindən sonra münaqişəni genişləndirmək niyyətində olmadıqlarını açıqlayıb.

Qəzza zolağında gərginlik yüksək həddə qalır. İranın dəstəklədiyi bu qruplaşmanın avqustun 25-də axşam Təl-Əvivə doğru M90 raketi atdığı bildirilir. İsrail rəsmiləri raketin boş sahəyə düşdüyünü açıqlayıb.

Oktyabrda Qəzza zolağında müharibə başlayandan bəri Yaxın Şərqdə ən böyük toqquşmalardan biri həftəsonu qeydə alınıb. İsrail Livanın cənubunda İranın dəstəklədiyi "Hizbullah"ın hədəflərinə qabaqlayıcı hava zərbələri endirdiyini bildirib. İsrail kəşfiyyatı bundan öncə "Hizbullah"ın səhər hücum planlaşdırdığını aşkarlayıb.

Qarşılıqlı bəyanatlar

"Hizbullah" lideri Həsən Nəsrulla günün sonunda çıxışında deyib ki, dəqiq hədəfli, yaxud strateji raketlərin istifadə olunmadığı hücumda İsrailin əsas hərbi kəşfiyyat bazası olan Qlaylot hədəfə alınıb. Bu baza Təl-Əviv yaxınlığında, Livanın İsraillə sərhədinin 100 kilometrliyində yerləşir.

Nəsrulla televiziya çıxışında onu da deyib ki, qruplaşma hücumdan 30 dəqiqə öncə İsrail onun hədəflərini vurmağa başlayıb. Qruplaşma komandirlərindən birinin qətlinə cavab olaraq hücum planlaşdırırmış.

Nəsrullaha və İranın ali dini lideri Əli Xameneiyə cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrailin qabaqlayıcı əməliyyatı "şimalda vəziyyəti dəyişmək və vətəndaşlarını öz evlərinə salamat qaytarmaq yönündə daha bir addım idi".

İsrailin şimalından minlərlə insan didərgin düşüb.

İsrail ilə "Hizbullah" arasında sərhəd atışmaları oktyabrın 7-dən bəri intensivləşib. O zaman HƏMAS İsrailə hücum edərək min 200 nəfəri qətlə yetirib, onlarla insanı girov götürüb.

Avqustun 25-də yüzlərlə raket və dronun işə salınması regionda münaqişənin böyüyəcəyi sarıdan qorxu yaradıb. Amma "Hizbullah" rəsmisi media orqanlarına yazılı bəyanatında bildirib ki, qrup hücumun tammiqyaslı müharibəyə keçməməsi üçün çalışıb.

İsrail "Hizbullah"ın raketlərini dəf edir.
İsrail "Hizbullah"ın raketlərini dəf edir.

Münaqişəni dərinləşdirməmək

"Reuters" diplomatik mənbələrə istinadla yazıb ki, tərəflərin bəyanatları onların heç birinin münaqişəni dərinləşdirmək istəməməsi mesajını verib.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun aparıcı əməkdaşı Randa Slimin fikrincə, indilik, hər iki tərəfdən zərbələrin miqyası İsrail ilə "Hizbullah" arasında böyük müharibədən yayınmaq üçün yetərlidir, "çünki tərəflər bunu istəmirlər".

İsrailin Müdafiə Qüvvələri 100-dək döyüş təyyarəsinin "Hizbullah"ın minlərlə raket qurğusunu məhv etdiyini açıqlayıb. Onların İsrailin şimalına və mərkəzinə doğru dərhal atəş açmağa hazır olduğu bildirilir.

"Hizbullah" iyulun 30-da Beyruta öldürülmüş komandiri Fuad Şükrüyə görə intiqamının "birinci" fazası olaraq hücum planladığını bildirib. Qruplaşma əməliyyatın uğurla başa çatdığını açıqlayıb.

Müdafiə naziri Yoav Qallant İsraildə 48 saatlıq fövqəladə vəziyyət elan edib.

"Hizbullah" İranı gözləməkdən yorulub

Təl-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Raz Zimmt AzadlıqRadiosuna deyib ki, tərəflərdən heç biri genişmiqyaslı müharibə istəmir. Təhlilçinin fikrincə, tərəflər bir-birinə hücum etməklə risk altına girirlər, yanlışlar, səhv hesablamalar onların qaçmaq istədiyi münaqişəni alovlandıra bilər.

"İsraillə "Hizbullah" arasında bu davam edən, necə deyərlər, "məhdud" müharibəni idarə etmək çox çətindir", – o, sözlərinə əlavə edib.

Zimmt onu da əlavə edib ki, İsrail qabaqlayıcı zərbə endirməsəydi, "Hizbullah"ın hücumu çox dağıdıcı olardı, bu isə İsraili ağır reaksiyaya sövq edərdi.

Ağır atışmalara baxmayaraq, azından görünən odur ki, hücumlar Qəzzada atəşkəs, HƏMAS-ın israilli girovları azad etməsi ilə bağlı danışıqlara təsir göstərməyib.

Zimmt deyir ki, atəşkəslə bağlı nikbin mövqedə deyil, amma belə bir razılaşma gərginliyi azaldardı. Amma hətta bu da spekulyasiyadan başqa bir şey deyil, - o vurğulayıb.

Yaxın Şərq bir neçə həftədir İsrailə təkcə "Hizbullah" deyil, İran tərəfdən də hücum gözləyir.

HƏMAS lideri İsmayıl Haniyə iyulun sonunda Tehranda qətlə yetiriləndən sonra İran İsraildən qisas alacağını bildirib. İsrail isə həmin hücumla bağlı şərh verməyib.

Çoxları düşünürdü ki, İran İsrailə "Hizbullah"la eyni vaxtda hücum edəcək.

Amma İranın əlaltısından çox, tərəfdaşı kimi davranan Livan qruplaşması, görünür, gözləməkdən yorulub və hərəkətə keçməyə qərar verib.

""Hizbullah"ın iranlıları gözləmədiyini qeyd etmək çox vacib məqamdır", – Zimmt deyir və əlavə edir ki, "Hizbullah"ın bu qədər çox gözləməsinin səbəbi İranla birgə hərəkət etməyə ümidli olması idi.

Amma qruplaşma, görünür, belə qənaətə gəlib ki, azından indilik İran İsrailə birbaşa zərbə endirməyəcək.

"Bunun dərhal olmasa da, "Hizbullah"ın İranla münasibətlərınə təsiri ola bilər", – Zimmt vurğulayıb.

XS
SM
MD
LG