Keçid linkləri

2025, 08 Yanvar, çərşənbə, Bakı vaxtı 18:31

HƏMAS-la 'Hizbullah'ı gözdən salan İsrail Yəməndə husilərə hücumlarını gücləndirir


Husilər paytaxt Sənada keçirilən hərbi parad zamanı ballistik raketlərini nümayiş etdirirlər.
Husilər paytaxt Sənada keçirilən hərbi parad zamanı ballistik raketlərini nümayiş etdirirlər.

İsrail ötən il boyunca başlıca düşmənlərinin döyüş imkanlarını azalda bilib. Ancaq Yəməndəki husi üsyançılar İsrailə raket və dron zərbələri endirərək yenə dirənməkdə davam edirlər.

"Husilərin qarşısını almaq çox çətindir. İsraildə bu qrup və onun əməliyyat imkanlarına dair yetərli kəşfiyyat bilgisi yoxdur", - Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun yəmənli təhlilçisi Əhməd Naği belə deyir.

"Hələlik, çətin vəzifə"

Israilin uğuru İranın dəstəklədiyi qrupun silah saxlanclarının yerini öyrənib onları məhv etmək qabiliyyətindən asılıdır. "Bu isə, hələlik, çətin vəzifə kimi görünür", - Nağinin sözləridir.

Daha bir çətinlik coğrafiya ilə bağlıdır. Yəmən İsraildən 2 min kilometrədək aralıda yerləşir. Husilər ölkənin iri ərazilərinə nəzarət edirlər. Yəmənin şimal-qərbində, Qırmızı dəniz sahilində yerləşən dağlıq ərazi isə onların istinadgahı sayılır.

Silahlı qrup məhdud, ancaq birbaşa hərbi təhdid təşkil etsə də, İsrail son həftələr husilərə qarşı hava hücumlarını gücləndirib. Belə hücumlar Yəməndə humanitar böhranı daha da dərinləşdirə bilər.

Dekabrın 26-da İsrail Sənadakı əsas hava limanına, əsas elektrik stansiyalarına və Yəmənin bir neçə limanında yerləşən hərbi infrastruktura hava hücumları gerçəkləşdirdiyini bildirib.

İsrailin Yaffa şəhərinə Yəməndən atılan raketin düşdüyü yer.
İsrailin Yaffa şəhərinə Yəməndən atılan raketin düşdüyü yer.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri hava limanına təşkil edilən və, azı, altı nəfərin ölümü ilə bitən hücumlarda ölümdən güclə qurtulub.

İsrailin müttəfiqləri, o cümlədən ABŞ və Britaniya da Yəmənə hücumlar təşkil edib.

ABŞ ordusu da bildirib ki, 30 və 31 dekabrda Səna və Yəmən sahillərindəki husi hədəflərinə hava hücumları keçirib.

Husilər ABŞ hərbi dəniz qüvvələrinə atəş açıblar. Onlar Qırmızı dənizdə xarici gəmilərə hücum etməklə dünya əhəmiyyətli ticarət yolundan keçidi çətinləşdiriblər.

Husilər, demək olar, hər gün İsrailə qarşı raket və dron hücumları gerçəkləşdirirdilər. İsrailin hava hücumundan müdafiə sistemləri bu zərbələrin çoxunun qarşısını aldığından onlar az dağıntı törədirdi. Ancaq həmin zərbələr İsrailin bir çox yerində daim həyəcan siqnallarını işə salmaqla gündəlik həyatı çətinləşdirirdi.

"Husilər olmasaydı…"

Husilər İsrail ərazisinə və xarici gəmilərə 2023-cü ilin sonlarından hücum edirlər. Bu hücumlar İsrailin Qəzza zolağındakı dağıdıcı savaşından az sonra başlayıb. Üsyançılar Qəzzada atəşkəs olanadək bu hücumları sürdürəcəklərinə söz veriblər.

Cenevrə Beynəlxalq Münasibətlər və İnkişaf İnstitutunun aparıcı tədqiqatçısı Fərzan Sabet deyir ki, İsrail husilərə qarşı əməliyyatlarını, əsasən, qaranlıqda həyata keçirir. Onun sözlərinə görə, İsrailin hücumları çox vaxt hərbi obyektlərdən çox, mülki və strateji infrastrukturu hədəf alıb.

Yəmənin paytaxtı Səna şəhərində fələstinlilər və Livan "Hizbullah"ı ilə həmrəylik nümayişi.
Yəmənin paytaxtı Səna şəhərində fələstinlilər və Livan "Hizbullah"ı ilə həmrəylik nümayişi.

Yəməndəki zorakılığın ağır yükünü mülki şəxslər çəkir. Ölkənin 35 milyon nəfərlik əhalisinin 2/3-nin humanitar yardıma ehtiyacı var.

"Bunun əvəzini husilər ödəmir, bizlər - insanlar ödəyirik. Bu, onlara kömək edir", - Yəmən xarici işlər Nazirinin keçmiş müavini Mustafa Nomanın sözləridir.

Husilər İranın "dirəniş oxu" adlandırdığı proksi və silahlı qruplardan ibarət şəbəkəsinin bir hissəsidir. İsrail son il boyunca bu şəbəkəni ciddi ölçüdə zəiflədib. Bu ölkənin Livana qurudan hücumu, dağıdıcı hava kampaniyası "Hizbullah"ın hərbi imkanlarını məhv edib.

İsrailin hazırda Qəzza zolağında sürdürdüyü savaş ərazini yerlə-yeksan edib və HƏMAS-ın döyüş gücünü zəiflədib.

Dekabrın əvvəlində isə uzun zamandan bəri İranın əsas müttəfiqlərindən olan Suriya diktatoru Bəşər əl-Əsədi islamçı üsyançılar hakimiyyətdən uzaqlaşdırıb.

Bütün bunlar husilərin İran üçün önəmini artırıb. Çox güclü ballistik raketlərlə silahlanan husilər İsrailin hücumlarına da başqalarından az məruz qalırlar.

"Husilər olmasaydı, böyük ehtimalla, İsrail bütün diqqətini İranı birbaşa hədəf almağa və zəiflətməyə yönəldərdi", - Naği belə düşünür.

XS
SM
MD
LG