Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:25

ABŞ BMT Təhlükəsizlik Şurasında qətnaməyə veto qoydu. Rusiyanın minədək vətəndaşı Qəzzadan çıxa bilmir


İnsanlar Qəzzanın mərkəzindəki Əhli-Ərəb xəstəxanasında partlayışda həlak olan fələstinlilərin cəsədləri ətrafına toplaşır.
İnsanlar Qəzzanın mərkəzindəki Əhli-Ərəb xəstəxanasında partlayışda həlak olan fələstinlilərin cəsədləri ətrafına toplaşır.

Rusiyanın minədək vətəndaşı və onların ailə üzvləri Qəzza zolağından çıxmaqda kömək üçün Rusiya Xarici İşlər Nazirliyinə müraciət ediblər.

Bu barədə məlumatı verən Rusiya XİN bu adamları “Qəzzanın hərbi blokadasının faktiki girovları” adlandırıb.

Nazirlik müraciət etmiş rusiyalılara Qəzzadan çıxmaqda kömək edilib-edilməyəcəyini bildirməyib.

Rusiya XİN-in bəyanatında habelə Qəzzada humanitar atəşkəsin elan edilməsini nəzərdə tutan qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul olunmaması pislənir və qətnamənin bloklanmasına görə ABŞ, Britaniya, Fransa və Yaponiya ittiham edilir.

Qətnamənin ilkin variantı Rusiya tərəfindən təqdim olunmuşdu.

BMT TŞ oktyabrın 18-də keçirdiyi növbədənkənar iclasda Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edib.

Rusiyanın düzəliş təklifi rədd edilib

Xəbər verilirdi ki, Braziliyanın təqdim etdiyi qətnamə layihəsi Rusiya variantından daha şanslı görünür.

Bu qətnamə layihəsində Qəzzaya humanitar yardımların çatdırılması məqsədilə istər İsrail, istərsə də Fələstin tərəfindən döyüş əməliyyatlarının müvəqqəti dayandırılaraq “humanitar fasilələrin” verilməsi nəzərdə tutulurdu.

Rusiya bu qətnamə mətninə düzəliş edilməsini, atəşkəsin dərhal və tam elan olunması təklif edirdi.

Rusiyanın düzəliş təklifləri qəbul olunmayıb.

Nəticədə qətnamənin ilkin variantına TŞ-nin 15 üzvündən 12-si səs verib. Rusiya və Britaniya bitərəf qalıblar, ABŞ isə qətnamənin əleyhinə səs verib.

ABŞ TŞ-nin 5 daimi üzvündən biri olduğuna görə onun əleyhinə səs verməsi veto kimi qəbul olunur. Beləliklə qətnamə qəbul edilməyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib ki, qətnamə layihəsində İsrailin özünümüdafiə hüququ qeyd olunmadığına görə sənədin əleyhinə səs verib.

Bayden Netanyahu ilə görüşüb, partlayışla bağlı ehtimalını səsləndirib

Oktyabrın 18-də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün bu ölkəyə gəlmiş ABŞ prezidenti Co Bayden deyib ki, Qəzza zolağındakı Əl-Əhla xəstəxanasında baş vermiş partlayışa görə belə görünür, İsrail məsuliyyət daşımır.

Həmas və Yaxın Şərqin bir sıra ölkələri İsrailin bu xəstəxanaya aviasiya zərbəsi endirdiyini iddia edirlər.

Bayden Netanyahu ilə görüşdə deyib ki, Qəzza xəstəxanasında baş vermiş partlayışdan “dərin kədər və hiddət” hissi keçirir.

ABŞ prezidenti bildirib ki, “hadisənin başqa bir komanda tərəfindən törədildiyinə bənzəyir, hərçənd bir çox insanlar bundan əmin deyillər”.

İsrail ordusunun peyk fotoları

İsrail hərbiyyəsi oktyabrın 18-də peyk fotolarını, videolarını və Həmas üzvlərinin danışıq yazılarını açıqladığını iddia edib.

İsrail ordusunun iddiasına görə xəstəxanada partlayışı “İslami cihad” təşkilatının səmtini dəyişmiş raketi törədib.

İslami cihad Həmasla müttəfiq olsa da, onun tabeliyində deyil.

İsrail tərəfinin dərc etdiyi fotolardan görünür ki, partlayış nəticəsində ən çox dağıntıya məruz qalan avtomobil parkı olub.

Bir çox şərhçilər 500 nəfərin həlak olması barədə iddiaları şübhə altına alır və vurğulayırlar ki, sözü gedən xəstəxana binası ümumiyyətlə dağılmayıb və fotolardan ətrafa yüzlərlə deyil, onlarla cəsədin səpələndiyi görünür.

Həmas İsrailin bu son bəyanatları ilə bağlı hələ ki, şərh verməyib.

Etirazlar və bəyanatlar

Buna baxmayaraq xəstəxanada baş vermiş partlayışdan sonra bütün Yaxın Şərq boyunca anti-İsrail və anti-Amerika şüarları ilə etiraz aksiyaları keçirilir.

Livanda etiraz edənlər ABŞ səfirliyinin yaxınlığında toplaşaraq “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarları səsləndiriblər.

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarına Livana səfər etməməyi tövsiyə edib.

İranda isə etiraz aksiyaları Britaniya və Fransanın səfirlikləri qarşısında keçirilib.

İordan çayının Qərb sahilində - Fələstin muxtariyyəti ərazisində prezident Mahmud Abbasa qarşı etiraz aksiyaları keçirilib.

Polis etirazçılara qarşı səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib

BMT-nin baş katibi Antoni Quterriş Qəzzada humanitar mülahizələrlə dərhal atəşkəs elan olunmasına çağırıb.

Avropa İttifaqı və Avropa Komissiyasının liderləri Qəzza xəstəxanasında baş vermiş partlayışla bağlı hiddətlərini ifadə ediblər, amma bir çox ərəb ölkələrindən fərqli olaraq İsraili ittiham etməyiblər.

Rusiya XİN-in nümayəndəsi partlayışı “hərbi cinayət” adlandırsa da, İsrailin adını çəkməyib.

Rusiya və Birləşmiş Ərəb Əmirlikləri oktyabrın 18-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar.

***

Oktyabrın 17-də Qəzzada xəstəxanada partlayış yüzlərlə fələstinlinin həyatına son qoyub. Bu hadisə Yaxın Şərqdə gərginliyi artırıb. ABŞ prezidenti Co Bayden (Joe Biden) isə "Həmas"a qarşı müharibədə İsrailə dəstək vermək üçün bu gün regiona gedir.

Fələstin və İsrail bir-birini raket zərbəsində ittiham edib. İsrail partlayışa Fələstinin "İslam cihadı" qruplaşmasının uğursuz raket buraxılışının səbəb olduğunu deyib. Ancaq qruplaşma məsuliyyəti götürməyib.

Qəzzanın mülki müdafiə rəhbəri ölü sayının 300, səhiyyə nazirliyindəki mənbələr isə 500 olduğunu bildirib. Bu hadisə ətrafındakı iddiaları, eləcə də itki sayını müstəqil təsdiqlətmək mümkün olmayıb.

Dünənki hadisədən sonra dağıntılar ərazisində xilasedicilər işləyir.

"Həmas"ın oktyabrın 7-də İsrailin cənubunda sərhədi keçməsinin səbəb olduğu münaqişədə azı 1300 nəfər öldürülüb.

Baydenlə sammit təxirə salınıb

Baydenin Yaxın Şərqə səfərində məqsəd regionda sakitliyin yaranmasına çalışmaq, Qəzza üçün humanitar səylərə dəstək göstərmək idi. Ancaq xəstəxanadakı partlayışdan sonra İordaniya ABŞ prezidenti, Fələstin lideri Mahmud Abbas, Misir prezidenti Əbdül Fəttah əl-Sisi ilə planlaşdırılan sammiti təxirə salıb.

Abbas özü də Bayden ilə görüş planlarını təxirə salıb. Fələstinin təhlükəsizlik qüvvələri isə işğal olunmuş Qərb sahilindəki Rəmallah şəhərində hökumətə qarşı etirazçılara qarşı gözyaşardıcı qazdan, səs qumbaralarından istifadə edib.

Türkiyə və İordaniyadakı İsrail səfirlikləri, Livandakı ABŞ səfirliyinin qarşısında da etirazlar baş verib. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaza əl atıb.

Qəzzanın itkiləri

Xəstəxanaya hücumdan öncə Qəzzadakı səhiyyə orqanları İsrailin 11 gündür davam edən bombardmanı nəticəsində azı 3 min nəfərin həlak olduğunu bildiriblər. İsrail bombardmana "Həmas"ın qəfil hücumundan sonra başlayıb. Radikal qruplaşma 200 nəfərədək şəxsi girov götürərək Qəzzaya aparıb.

İsrail ordusu isə Qəzza şəhəri sakinlərini cənuba köçməyə çağırıb, orada "humanitar zona" yaradıldığını bildirib.

"Həmas", "İslam Cihadı" və Livanda yerləşən "Hizbullah" islamçı qrupunu dəstəkləyən İran İsrailə xəbərdarlıq edib ki, fələstinlilərə qarşı təcavüzə son qoymasa, eskalasiya baş verəcək.

BMT-nin Baş katibi Antonio Quterreş (Antonio Guterres) xəstəxanada yüzlərlə adamın ölməsindən dəhşətə gəldiyini deyib.

Quterreş "Həmas"ı girovları dərhal və qeyd-şərtsiz buraxmağa, İsraili isə Qəzzaya humanitar yardıma məhdudiyyətsiz çıxışa icazə verməyə çağırıb.

XS
SM
MD
LG