Azərbaycanda əhali və şirkətlərin banklara borcu 22 milyard manata yaxınlaşıb. Kredit portfelinin strukturunun 54.2 faizi biznes, 29.9 faizi istehlak, 15.9 faizi isə ipoteka kreditlərinin payına düşüb.
Son aylar bu rəqəmlərdə artım müşahidə edilir. Məsələn, avqustda biznes kreditləri 199.1 milyon manat, istehlak kreditləri 156.5 milyon manat, ipoteka kreditləri isə 86.6 milyon manat artıb. 2023-cü il mayın 31-də bankların cəmi kredit portfeli 20 milyard 659 milyon 269 min manat təşkil etmişdi.
Bəzi ekspertlər istehlak kreditlərinin artımından narahatlıq dilə gətirirlər.
"Əhali götürdüyü kreditlərini qaytara bilir"
Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, istehlak kreditlərin artımı həmişə olub: "Bu proses son bir neçə ildə, xüsusən koronovirus pandemiyasından sonra artıb. Bu, normal prosesdir və insanların rifahını göstərir, çünki insanlar istehlak kreditlərini bağlaya bilməsələr, onları götürməzlər. Dinamikanı götürsək, əhali götürdüyü kreditləri qaytara bilir".
Deputat hesab edir ki, insanların rifahı və istəkləri artır: "Onlar daha yaxşı və komfortlu yaşamaq, daha çox müxtəlif istehlak malları almaq istəyir. Amma istehlak kreditləri hesabına müxtəlif qacetləri (mobil telefon, saatlar, noutbuklar) alan insanlar var ki, onları ildə iki-üç dəfə dəyişirlər. Bu o qədər də yaxşı tendensiya deyil. Mən insanları daha praqmatik olmağa çağırıram".
"Geyim, ərzaq alınmasında problem var"
Deputat Vahid Əhmədovun sözlərinə görə isə, kreditlərin payının artımı cəmiyyətdə problemlərin olduğunu göstərir: "İstehlak kreditləri kifayət qədər artıb. Bu növ kreditlərin artımı isə o deməkdir ki, insanların təminatı, yəni geyim, əşya, ərzaq alınmasında problem var. Onların maaşının, pensiyasının əsas hissəsi ora xərclənir, ona görə də onlar məcbur olub kiçik istehlak kreditləri götürürlər".
V.Əhmədov qeyd edib ki, istehlak kreditlərinin həcminin artması yaxşı əlamət deyil: "Ona görə də insanların əmək haqları, pensiyaları yenidən baxılıb artırılmalıdır. Düzdür, inflyasiya o qədər də yüksək deyil, Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 11-12 faizdir. Ötən illə müqayisədə kredit faizinin artımı da o qədər də yüksək deyil. Amma inflyasiya istehlak kreditlərinin artmasında öz sözünü deyir".
Deputat hesab edir ki, digər növ kreditlərə - biznes kreditlərinə şərait yaratmaq lazımdır: "Çünki biznes kreditlərinin artması əhalinin biznesə çıxışını genişləndirir. Biznes kreditləri çoxalırsa, iş yerləri da artır, bu da çox vacib məsələdir".
"İnflyasiya səbəbindən insanlar daha..."
İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna bildirib ki, kredit portfelinin artması pozitiv istiqamətli meyllərdən qaynaqlanan səbəblərdən də formalaşa bilir: "Amma, ümumiyyətlə, təhlillər aparılarkən bir neçə məqama diqqət edilməlidir. Hansı növ kreditlər artır? Diqqət edəndə görürük ki, daha çox istehlak kreditləri artıb. Biznes kreditləri isə, demək olar ki, 2022-ci ilin səviyyəsindədir, ciddi artımlar yoxdur".
Ekspert vurğulayıb ki, inflyasiya səbəbindən insanlar daha böyük kreditləri götürməyə məcburdur: "Hazırda kredit götürüləndə 2022-ci illə müqayisədə 15 faiz daha artıq məbləğdə götürməlisiniz ki, həmin 2022-ci ildə alınan məhsulu əldə edə biləsiniz".