Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:44

İmişlidən seçki şikayəti var


İmişli Olimpiya İdman Kompleksində Razi Nurullayevin təşviqat kampaniyası
İmişli Olimpiya İdman Kompleksində Razi Nurullayevin təşviqat kampaniyası

Fevralın 7-si növbədənkənar parlament seçkilərində təşviqatın son günüdür. Amma hələ də təşviqatla bağlı şikayətlər var. Belə şikayətlərdən biri də 79 saylı İmişli seçki dairəsi ilə bağlıdır.

Həmin dairədən deputatlığa namizəd İlqar Hüseynli deyib ki, artıq şikayətini rəsmi şəkildə dairə seçki komissiyasına (DSK) da verib. İ.Hüseynli iddia edib ki, deputatlığa namizəd Razi Nurullayevin fevralın 5-də İmişli şəhərinin Olimpiya İdman Kompleksində keçirdiyi təşviqat tədbirinə bəzi icra nümayəndələri, bələdiyyə sədrləri və rayonun büdcə təşkilatlarının işçiləri cəlb ediliblər. Onun vurğulamasına görə, büdcə təşkilatlarının işçilərinin bu tədbirə gətirilməsi zamanı hətta aldatmadan belə istifadə edilib: «Min nəfərlik tutuma malik zalı inzibati resurslarla doldurmuşdular. Mən kompleksə gedib sadə insanlara müraciət edəcəkdim ki, heç olmasa, səsvermə günü belələrinin məqsədləri üçün alətə çevrilməsinlər. Tədbirin təşkilatçıları mənə bu imkanı yaratmadılar. Hər halda, sözümü ictimaiyyətə çatdıra bildim. Dairə seçki komissiyasına rəsmi qaydada şikayət də vermişəm».

Bu dairədən başqa bir namizəd Elşən Şəmmədli də oxşar şikayəti dilə gətirib: «...Elə vəziyyət yaratmaq istəyirlər ki, bunu görüb, hamı iyrənsin və seçkidən uzaqlaşsın».

Kimi baş həkimə, kimisə ATƏT nümayəndəsinə şikayətlənib

Sosial şəbəkələrdə bir qrup müharibə veteranının İmişli Rayon Mərkəzi Xəstəxanasında baş həkim Eynulla Qasımovla mübahisəsinin görüntüsü yayılıb. Həmin görüntüdə 79 saylı dairədən deputatlığa namizəd Taleh Tapdıqov iş vaxtı tibb işçilərinin təşviqat tədbirinə göndərildiyini bildirir və buna etiraz edir.

79 saylı dairənin başqa bir namizədi-Ziya Rzayev də fevralın 5-də baş verənlərə etiraz etmək üçün kompleksə getdiyini söyləyib: «Təbii ki, mənə çıxış etmək imkanı verilməzdi. Buna görə ATƏT-in ölkəmizdəki müşahidəçisi ilə görüşüb, onları qanunsuzluqlarla bağlı məlumatlandırdım».

«Direktor dedi ki, iclas olacaq, getməyiniz vacibdir»
«Direktor dedi ki, iclas olacaq, getməyiniz vacibdir»

Gördüklərimiz

Fevralın 5-də İmişli şəhərinin Olimpiya İdman Kompleksində keçirilən tədbiri bizim də izləmək imkanımız olmuşdu. Kompleksə yerli icra nümayəndələri və bələdiyyə sədrlərindən də gələnlər var idi. Ora gələn sıravi şəxslərdən bəziləri AzadlıqRadiosuna dedilər ki, tədbirin mahiyyəti barədə bir elə məlumatları yoxdur.

«Vallah, heç özüm də bilmirəm nə məsələdir. Məktəbdə xadimə işləyirəm. Direktor dedi ki, iclas olacaq, getməyiniz vacibdir», - tədbir iştirakçılarından bir vurğuladı.

Hətta rayonun Bəhrəmtəpə qəsəbəsindən gələnlərdən bir də belə söylədi: «Biz heç 79 saylı dairənin seçicisi deyilik. Dedilər, Damlanın konserti olacaq, iştirak pulsuzdur. Biz də gəldik».

Amma tədbirdən xəbərdarlar də heç də az deyildi.

Təhsil şöbəsinin müdirinin dedikləri

İmişli rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Mustafayev təhsil işçilərinin təşviqat tədbirinə cəlb olunması ilə bağlı deyilənlərə belə münasibət bildirib: «Bu məsələdən mənim xəbərim yoxdur. Həmin gün məktəblərdə dərslər pozulmayıb, direktorlar, müəllimlər də yerində olub».

Onun vurğulamasına görə, hansısa xadimə əgər öz istəyi ilə ora gedibsə, bunu qabartmağa heç bir lüzum yoxdur.

Baş həkim: «Mən heç kəsi ora göndərməmişəm»

İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımov da bu məsələ ilə bağlı tabeliyində olan işçilərə göstəriş vermədiyini söyləyib: «Xəstəxanamız kompleksin yaxınlığında yerləşir. Ola bilsin, bəzi həkim və tibb işçiləri qıy-küy eşidib, nə baş verməyindən maraqlanmaq üçün ora gediblər. Bizdə gecə növbəsində işləyənlər də var ki, onların gündüz təşviqat tədbirinə qatılmağında qanunsuzluq yoxdur. Amma sizə tam səmimi deyim ki, mən heç kəsi ora göndərməmişəm».

Müxalif və bitərəf nazimədlərdən iddia...
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Razi Nurullayev: «Mübarizəmi öz gücümlə aparıram»

Deputatlığa namizəd Razi Nurullayevin təşviqat qrupu İmişli şəhərinin Olimpiya kompleksində ayrı-ayrı namizədlər və şəxslərin onlara yönəlik etirazını «təxribata cəhd» adlandırıb. AzadlıqRadiosunun sorğusunu cavablandıran R.Nurullayevin özü isə təşviqat tədbirində inzibati resurslardan istifadə ilə bağlı iddiaları əsassız hesab edir: «Əvvəl onu qeyd edim ki, mənim buna qədər də təhsil, səhiyyə işçiləri ilə ayrıca görüşlərim olub. Bu sahədə çalışanların içərisindən xeyli tərəfdarım var. Xahiş etmişdim ki, gəlib bu görüşdə də iştirak etsinlər. Müəllimin, səhiyyə işçisinin, hətta icra nümayəndəsinin belə təşviqat tədbirində iştirakına pis baxmıram. Axı, onlar da sıradan seçicidirlər. Başqa seçki dairəsində qeydiyyatda olanların bu tədbirə gəlməyi mənə də müəmmalı qalır. Hər bir toplantıda qüsurlar ola bilər. Amma mən mübarizəmi öz gücümlə aparıram. Mənim hər bir kəsin qarşısında üzüm ağdır, bütün mənəvi hücumlara, təxribatlara baxmayaraq, səbir və dözümümü saxlayıram. Rəqiblərimə də səbir və dözüm arzulayıram».

DSK-dan cavab

79 saylı İmişli seçki dairəsi üzrə komissiyadan isə bildirdilər ki, verilən şikayət araşdırılacaq: «Namizədlərin toplantıları üçün açıq və qapalı məkanlar ayrılıb. Hətta ayrılmamış yerlərdə də onlar rahat şəkildə seçicilərlə görüşlərini keçirə bilir. Heç kəsə də maneçilik yoxdur. Daha biz gedib yoxlayan deyilik ki, bu tədbirə gələn kimdir, harada işləyir. Şikayətləri də araşdıracağıq».

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam verib.

Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına (YAP) aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədi ilə izah etmişdilər.

Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG