Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:07

90 min pulu kim aparıb


Bank Respublika
Bank Respublika

«Bank Respublika»nın inkassatoru Şahin Mövsümov bankın pulunu mənimsəməkdə suçlanaraq, məhkəmə önünə çıxarılıb. Lazımi ünvanlara çatdırmaq üçün göndərilən pulun 90 min manatını mənimsəməkdə günahlandırılan Ş.Mövsümov isə ittihamı qəbul etmir. Deyir, təqsirsizdir, onu şərləyirlər.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Təqsirləndirilən inkassatorun vəkili Eldəniz Quliyev isə deyir ki, bankın səlahiyyətliləri alman səhmdarlara hesabat verə bilmədiklərinə görə Ş.Mövsümovu qurban seçiblər.

«Bu cinayət işindən əvvəl də «Bank Respublika»da yeyinti ilə bağlı araşdırma gedirdi. Ortada xeyli pul itkisi var idi. Bankın xarici səhmdarlarına - almanlara da hesabat verilməliydi. O hesabatı da verə bilmirdilər deyə, bu günahsız adamı tutub, hər şeyi yükləyiblər onun boynuna. Sabah desinlər ki, bu yemişdi, cəzasını aldı», – vəkil məhkəmədə bildirib.

Müdafiəçi istintaq zamanı çoxlu qanun pozuntularına yol verildiyini vurğulayaraq, işin yenidən araşdırılması üçün prokurorluğa qaytarılması barədə vəsatət qaldırıb.

Bankın nümayəndəsi, hüquq departamentinin əməkdaşı Müşfiq Məmmədov işin istintaqa qaytarılmasına etiraz edib: «Pozuntu yoxdur».

Vəsatət təmin olunmayıb.

Oktyabrın 9-da məhkəmədə prokuror ittiham aktını elan edərkən də Ş.Mövsümov özünü təqsirli bilmədiyini söyləyib: «Mənim heç bir günahım yoxdur. Bu işdə söhbət gedən 90 mindən də xəbərsizəm».

CM-in 179.3.2 (külli miqdarda mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələriylə ittiham olunan Ş.Mövsümov ev dustaqlığındadır.

Qeyd edək ki, külli miqdarda mənimsəməyə görə 5 ildən 10 ilədək, vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olmasına görə isə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG