Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:55

Kafka-nın əlyazmaları İsraildə araşdırılacaq


Franz Kafka
Franz Kafka

Bu ilin avqustunda İsrail Milli Kitabxanası Franz Kafka-nın əlyazmalarının sonuncu hissəsini qəbul edib. Bu, 10 il çəkən, yalnız Kafka-nın özünün təsəvvür edə biləcəyi ağır prosesdən sonra baş verib.

Cassandra Gomes-Hochberg adlı müəllif «The Jerusalem Post» qəzetində dərc edilən məqalədə yazır ki, modernist yazıçı Franz Kafka-nın ən yaxın dostu sayılan Max Brod həm də onun ölümündən sonra əlyazmalarını qoruyub saxlayırdı.

İki dost

Brod-un ölümündən 51 il keçmiş onun qoruyub saxladığı yüzlərlə məktub, gündəlik, qeyd dəftəri, əl yazısı, ivrit dilindən çalışma dəftərlərinin sonuncu hissəsi İsrailə gətirilib. Brod-un özü bütün bu sənədlərin İsrailə verilməsini istəyib.

Hər ikisi yəhudi olan gənclər Kafka Praqadakı Karl Universitetində birinci kurs tələbəsi olan zaman tanış olublar. Brod yeni tanışının dühasını dərhal görə bilib.

Onların hər ikisi Praqada yaşasa da, Kafka-nın ölümündən iki həftə əvvələdək bir-birinə yüzlərlə məktub yazıblar. Dostluqlarının ilk illərindən həmişə bir yerdə olublar, birlikdə Avropanın müxtəlif yerlərinə səyahət ediblər.

Kafka-nın əlyazmaları ilə bağlı saqa hələ 1968-ci ildə, Brod-un ölümündən sonra başlayıb. Kafka özünün bütün əlyazmalarını və yazılarını dostuna etibar edib və hər şeyi yandırmağı tapşırıb. Bu yazıların arasında çap olunmamış «Metamorfoza» və «Atama məktub» kimi şedevrlər də var.

1939-cu ildə nasistlər Praqanı tutanda Brod dostunun bütün kolleksiyasını götürüb həyat yoldaşı ilə birlikdə Fələstinə qaçır. 1950-ci illərdə Süveyş böhranından narahat olan Brod sənədlər üçün daha təhlükəsiz yer tapmaq haqda düşünür. Bu zaman Kafka artıq dünyada çox məşhur idi.

Brod sənədləri qorumaqdan ötrü İsrail Milli Kitabxanasına müraciət edir. Ancaq kitabxananın ozamankı direktoru onun xahişini rədd edir. Çünki müharibə başlayacağı halda kitabxanadakı bütün digər materialları necə qoruyacağı haqda düşünürdü.

«Məhkəmə»nin 2 milyon dollara satıldığı deyilir

Brod sənədləri Təl-Əvivdəki Şoken Kitabxanasının zirzəmisində saxlayır və son nəticədə, 50-ci illərin sonlarında bu dəyərli arxivi İsveçrədə bir anbarda saxlamaq qərarına gəlir. Brod katibi Esther Hoffe-a arxivi qorumağı tapşırır. Arxivdə onun özünün və Kafka-nın yazılarından əlavə minlərlə başqa sənəd var. Brod-un istəklərindən biri Hoffe-un sənədləri bir ictimai təsisata, imkan daxilində Qüdsdəki Milli Kitabxanaya köçürməsi idi.

Ancaq Hoffe nəinki bu vəsiyyətləri yerinə yetirmir, hətta Kafka-nın bir sıra əlyazmalarını və məktublarını satmağa başlayır.

Hoffe-un «Məhkəmə» romanının əlyazmasını 2 milyon dollara satdığı deyilir.

2007-ci ildə Hoffe-un ölümü ilə saqanın sonuncu mərhələsi başlayır. Hoffe-un qızları əlyazmalar üzərində hüququ özlərində saxlamağa çalışsalar da, Milli Kitabxana məhkəmədən Brod-un arxivlərinin Qüdsə köçürülməsini tələb edib. 2008 – 2016-cı illərdə davam edən məhkəmə çəkişməsinin sonunda Ali Məhkəmə nəhayət, Hoffe-un qızlarının arxivləri Milli Kitabxanaya ötürməli olduğu haqda hökm çıxarıb.

«51 illik spekulyasiya, araşdırma və hüquqi prosedurlardan sonra məhkəmə başa çatdı və üç ölkəyə - İsrail, Almaniya və İsveçrəyə yayılmış əlyazmalar, Brod-un vəsiyyət etdiyi kimi, Qüds Milli Kitabxanasına gətirildi», – yazıda deyilir.

«Atama məktub»

İşin daha bir maraqlı tərəfi odur ki, indi tədqiqatçılar bu materialları araşdırmağa başlayacaqlar.

«Atama məktub» əsəri Qərb dünyasının ən böyük ədəbi simalarından biri olan insanın atasının dominant xarakteri qarşısında qorxudan iflic halına gəlməsini əks etdirir. Kafka məktubu atasına ötürmək üçün anasına verib. Ancaq zəhmli əri ilə üz-üzə gəlməkdən qorxan anası məktubu yenidən oğluna qaytarıb. Beləcə, məktub heç vaxt ünvanına çatmayıb. Kafka bu əsəri ölümündən 5 il əvvəl, 36 yaşında yazıb.

Kafka-nın özünün çap maşınında yazdığı 46-səhifəlik versiya sözügedən kolleksiyanın içərisindədir. Səhifələrin üzərində Kafka və Brod-un redaktə və qeydlərini görmək olur.

Brod-un 1952-ci ildə nəşr etdirdiyi məktub Kafka-nın atasının adını birbaşa çəkdiyi yeganə əsəridir. Ancaq onun güclü xarakteri Kafka-nın bir çox əsərində əlçatmaz, ünyetməz qüvvə («Məhkəmə»), güclü nəzarət sistemləri («Saray») və son dərəcə ağrılı yadlaşma («Metamorfoza») şəklində əks olunub.

XS
SM
MD
LG