Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:13

'Karamazov qardaşları' niyə yasaqlanıb


F.Dostoyevski
F.Dostoyevski

Fyodor Dostoyevskinin «Karamazov qardaşları» kitabı Küveytin informasiya nazirliyinin qadağan etdiyi yüzlərlə kitab arasındadır.

XIX əsr Rusiyasında cərəyan edən «Karamazov qardaşları» əsərində əxlaq, azad iradə və Allahın varlığından söz açılır.

Küveyt rəsmiləri ədəbiyyat festivalında 1000-dək kitabı qadağan edib. Onların arasında F.Dostoyevskinin bu məşhur əsəri də var.

Küveyt beynəlxalq ədəbiyyat festivalına rəhbərlik edən Saad əl-Anzinin sözlərinə görə, ölkənin informasiya nazirliyi ümumilikdə 948 kitaba qadağa qoyub.

Küveyt Körfəz regionunda nisbətən mötədil dövlət sayılsa da, ölkənin siyasi və ictimai həyatında mühafizəkar trendlər artmaqdadır.

4 min 400 kitab qara siyahıdadır

Son 5 ildə Küveytin informasiya nazirliyi 4 min 400-ə yaxın kitabı qara siyahıya salıb. Onların arasında Viktor Hüqonun «Notrdam qozbeli», Qabriel Qarsiya Markesin «Yüz ilin tənhalığı» romanları, Dante Aligyerinin «İlahi komediya» əsəri də var. Ölkənin ən tanınmış yazıçılarının əsərləri və hətta islam qanunvericiliyinə dair bəzi kitablar da yasaq siyahısındadır.

Noyabrın 24-dək keçirilən 43-cü Küveyt Kitab Yarmarkasında sərgilənən bütün kitablar Küveyt qanunlarına uyğun olaraq, ölkənin senzura komitəsi tərəfindən ciddi yoxlanılıb.

Bu ilin sentyabrında fəallar iki dəfə paytaxt küçələrinə çıxaraq artan senzuraya etiraz ediblər.

Senzuranın günü-gündən artaraq sərtləşməsi ölkənin ziyalı təbəqəsini çox qəzəbləndirib. Son bir neçə həftə ərzində bir neçə yüz insan ölkə parlamenti qarşısında etiraz aksiyalarında iştirak edib. Çox sayda insan yasaqlanmış kitabların şəkillərini sosial mediada paylaşmaqla etiraz edib. Bu zaman #Banned_In_Kuwait (Küveytdə qadağan olunub) və #Don’t_Decide_For_Me (mənim yerimə qərar verməyin) həştəqlərindən istifadə olunub.

Etiraz bu ilin əvvəllərində millət vəkili Xaled əş-Şattinin ölkədə qadağan olunmuş kitabların sayı ilə maraqlanmasından sonra baş qaldırıb.

«Mən sadəcə son 5 ildə yasaqlanmış kitablarla bağlı məlumat istədim. Düşündüm ki, onların yazılı cavabı zərfin içində gələcək. Əvəzində isə mənə 16 qutu siyahı və qoyulmuş qadağaların səbəblərini izah edən sənədlər göndərildi», – əş-Şatti jurnalistlərə deyib.

9 nəfərlik senzura komitəsi

Bəzi hallarda hətta islam xadimlərinin adlarının və titullarının düzgün sıralanmaması müqəddəs dəyərlərə əməl olunmaması kimi qiymətləndirilib və kitabın qara siyahıya salınmasına səbəb olub.

Əş-Şattinin komandası bütün bu kitab başlıqlarını və göndərilən hesabatları bir-bir öyrənib və belə nəticəyə gəlib ki, qoyulan qadağaların çoxu təsadüfi xarakter daşıyır, çox zaman yanlış anlaşmadan qaynaqlanır.

Əş-Şattinin sözlərinə görə, informasiya nazirliyinin nəzdində fəaliyyət göstərən 9 nəfərlik senzura komitəsinin üzvləri çox zaman müəllifin sözlərini yanlış oxuyur, yaxud da ədəbi simvolizmi anlamırlar.

Bundan başqa, ayrı-ayrı ifadələr və ya hissələr kitablardan çıxarılır.

Senzuraya qarşı çıxan fəal, hazırda Britaniyada magistr təhsili alan Abdulla Xonaini deyir: «Tutalım, kitabda qəhrəmanlardan biri ateist olduğunu deyir və sona yaxın fikrini dəyişir. Nə qədər olmasa, bu, romandır. Ancaq kitabda ateizmin adı çəkildiyinə görə bütün kitaba qadağa qoyulur».

1970-ci və 1980-ci illərdə Küveyt regionun kitab nəşri mərkəzi olub. Burada pan-ərəb dünyasının nüfuzlu mədəni jurnalı olan «Al-Arabi» və bir sıra populyar elmi, ədəbi kitablar nəşr olunurdu.

Ancaq son illərdə dini mühafizəkarlar və tayfa başçıları parlamentdə yerlərini möhkəmləndiriblər.

Küveyt Körfəz dövlətləri arasında millət vəkillərinin seçildiyi yeganə ölkədir.

XS
SM
MD
LG