Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 17:17

Keçmiş müdafiə naziri Paşinyanı ‘satqınlıqda’ ittiham edir


Nikol Paşinyan keçmiş müdafiə naziri Arşak Karapetyanla (Arxiv fotosu)
Nikol Paşinyan keçmiş müdafiə naziri Arşak Karapetyanla (Arxiv fotosu)

Ermənistanda 2018-ci ildə baş vermiş “məxməri inqilabdan” dərhal sonra baş nazir Nikol Paşinyanın müşaviri kimi çalışmış, daha sonra isə müdafiə naziri təyin edilmiş Arşak Karapetyan indi keçmiş rəhbərini satqınlıqda ittiham edir.

AzasdlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Karapetyanın iddiasına görə Qarabağın “müdafiə ordusu” da bu xəyanət nəticəsində məhv edilib:

“Bugün bir əsl vətənpərvər də yoxdur ki, bizim qorxaq hakimiyyətin ucbatından qürurlu xalqımızın qırğın və məhvə qalmasına görə ürəyində ağrı və hiddət hiss etməsin”.

Müdafiə naziri vəzifəsindən cəmi üç ay sonra Paşinyan tərəfindən qovulmuş Karapetyan üstündən iki il keçəndən sonra işdən azad edilməsinin səbəblərinə aydınlıq gətirməyə çalışıb.

“Mən, general-mayor Arşak Henrixoviç Karapetyan...”

O iddia edib ki, vəzifəsindən Azərbaycan silahlı qüvvələrinin irəliləməsinə yol vermədiyinə görə uzaqlaşdırılıb:

“Mən, general-mayor Arşak Henrixoviç Karapetyan vəzifədən ona görə kənarlaşdırılmışam ki, Azərbaycan tərəfinin ultimatumunu rədd edərək irəlilədiyi, Ermənistan Respublikası ərazisinə müdaxiləyə cəhd etdiyi təqdirdə düşmənə atəş açılmasına əmr vermişəm”.

Lakin Facebook səhifəsində yazdığı postda Arşak Karapetyan bütün bunlar barədə sükutunu niyə məhz indi pozmaq qərarına gəlməsinin səbəblərinə aydınlıq gətirmir.

O Azərbaycanın müdaxiləsinin qarşısının nə vaxt alınması və atəş əmrinin verilməsi vaxtlarını da dəqiqləşdirmir.

Karapetyan müdafiə naziri vəzifəsinə 2021-ci ilin avqustunda təyin olunmuş, elə həmin ilin noyabrında vəzifəsindən azad edilmişdi. Onun istefaya göndərilməsi ərəfəsində bir sıra sərhəd insidentləri baş vermişdi.

Lakin Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə 2021-ci ilin 14 noyabrında, Karapetyanın işdən çıxarılmasına bir gün qalanda Azərbaycan silahlı qüvvələri sərhədin şərq istiqamətində mövqelərini yaxşılaşdırmağa çalışmış, amma buna nail ola bilməmişdi.

“Məni Qarabağa getdiyimə görə işdən çıxarıblar”

Karapetyan vəzifəsindən kənarlaşdırılmasının daha bir səbəbi kimi Qarabağa səfərlərini göstərir:

“Çünki mən üç dəfə Artsaxa (Qarabağ-red) getmişdim və Artsax Respublikasının (Qarabağ-red) müdafiəsini təşkil etməyə çalışmışdım. Çünki mən təhlükəsizliklə bağlı indiki hökumətin bütün niyyətləri ilə razılaşmırdım”.

Azatutyun yazır ki, Arşak Karapetyan 2021-ci ilin 6 noyabrında, işdən çıxarılmasına bir həftə qalmış Qarabağa getmiş, orada “Qarabağ müdafiə ordusunun” komandanlığı ilə təhlükəsizlik məsələlərini müzakirə etmişdi. Həmin vaxt Bakı Karapetyanın bu səfərinə görə etiraz bildirmişdi.

İqtidaryönlü deputat iddiaları “düşüncəyə təhqir” adlandırır

Azatutyun yazır ki, baş nazirin iqtidar partiyasından olan deputatlar Karapetyanın iddialarını şərh etmək istəməyiblər.

“Vətəndaş müqaviləsi” fraksiyasından deputat Arman Eqoyan isə deyib ki, Karapetyanın ittihamları onun “düşüncəsi üçün təhqir” kimi səslənir:

“Sizin istədiyiniz odur ki, biz indi kameraların qarısında oturub Ermənistan Respublikası sərhədlərinin qorunması üçün kimin öz funksiyalarını necə yerinə yetirdiyini müzakirə edək? Bu sual mənim düşüncəm üçün təhqir kimi səslənir. Heç kəs Ermənistan Respublikasının sərhədlərinin müdafiəsinə görə işdən qovula bilməz. Adamlara Ermənistan Respublikasının sərhədlərini lazımınca qoruduqlarına görə mükafat verirlər”.

Rusiyanı xilasa çağırıb

Karapetyan hələ Paşinyanın hakimiyyətindən əvvəl, 2016-cı ildə üçüncü prezident Serj Sarkisyan tərəfindən dördgünlük aprel müharibəsi zamanı yol verdiyi qüsurlara görə Ermənistan silahlı qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılmışdı. Hərçənd Sarkisyan sonralar Karapetyana Ermənistanın Rusiyadakı hərbi attaşesi vəzifəsini vermişdi.

Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan Karapetyanın çıxışı barədə deyib:

“Mən hesab edirəm ki, Ermənistan Respublikası üçün belə mühüm bir vaxtda kiminsə Milli Məclisin brifinqinə gəlib birbaşa efirdə və bir neçə dildə öz xidmətlərini konkret şəxslərə, konkret qütblərə təklif etməsinə ümumiyyətlə ehtiyac yoxdur”.

Keçmiş nazir brifinqdə etdiyi çıxışda Rusiyaya “Ermənistan dövlətinin məhvi cəhdlərinin qarşısının alınması üçün qətiyyətlə hərəkətə keçmək” çağırışı etmişdi.

Siyasi fəaliyyətə başladığını elan edən Karapetyan çıxışını həm də rusca etmişdi. Karapetyan iddia edib ki, Ermənistan hakimiyyəti erməni xalqını Rusiya ilə qarşı-qarşıya qoyur.

Onun sözlərinə görə Rusiya sülhməramlılarının fəaliyyəti qənaətbəxş olmasa da, Rusiya və Ermənistan xalqlarının arasına nifaq salınmasına yol verilməməlidir.

Qarabağdakı işlərə dövlət büdcəsindən nə qədər pul ayrılır? Hökumət nəyi gizli saxlayır?
Gözlə

No media source currently available

0:00 0:07:13 0:00

Paşinyana “Ruben Vardanyan” ittihamı

Arşak Karapetyan Paşinyanın ünvanına daha bir ciddi ittiham səsləndirib:

“Mən dəqiq bilirəm ki, Ermənistan hökumətinin başçısı kreslosunu itirəcəyindən narahat olduğuna görə erməni xalqının ləyaqətli oğlu Ruben Vardanyanın həbsi üçün azərbaycanlılara müraciət edib”.

İqtidaryönlü deputat Eqoyan bu ittihamı “sayıqlama” adlandırıb:

“Rəsmi Yerevan bundan əvvəl Dağlıq Qarabağ liderlərinin saxlanılmasını qətiyyətlə pisləyib və bildirib ki, onların hüquqlarının müdafiəsi üçün bütün mümkün addımları atacaq”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Artıq separatçı rejim liderlərinin də saxlanaraq Bakıya gətirildiyi bildirilir.

XS
SM
MD
LG