Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:09

Tehranın və jurnalistlərin axtardığı hakim Buxarestdə ölü tapılıb


Mansouri-nin meyiti Duke otelindən götürülür
Mansouri-nin meyiti Duke otelindən götürülür

Öz ölkəsində korrupsiya ittihamı ilə bağlı axtarışda olan keçmiş iranlı hakim Rumıniyanın paytaxtındakı otellərdən birində ölü tapılıb.

Buxarest polisi bildirir ki, 52 yaşlı iranlı iyunun 19-da, belə görünür ki, otağının pəncərisindən yerə düşərək ölüb.

Rumıniya müstəntiqləri deyiblər ki, “ədliyyənin nəzarəti altında olan xarici vətəndaş başqa bir ölkədə törətdiyi iddia edilən cinayətə görə axtarışda idi”.

Yerli mənbələr söhbətin Gholamreza Mansouri-dən getdiyini AzadlıqRadiosuna təsdiq ediblər.

O İranda ötən il 500 min avro rüşvət almaqda ittiham edildikdən sonra xaricə qaçmışdı.

Ötən həftə internetə yüklədiyi videoda Mansouri özünə qarşı ittihamları rədd edir, İranı müalicə olunmaq üçün tərk etdiyini və İran ədliyyəsinə inandığını, koronavirus epidemiyası bitən kimi vətənə qayıdacağını bildirirdi. O bu videoda harada olduğunu deməmişdi.

Jurnalistlər də axtarırdılar

Bu arada insan haqları qrupları və media azadlığı gözətçiləri Mansouri-nin Almaniyada olduğunu deyirdilər. Onlar Mansouri-nin İranda jurnalistlərin kütləvi həbsləri üçün məsuliyyət daşıdığını iddia edir və Almaniyadan keçmiş hakimin mühakimə olunmasını istəyirdilər.

Parisdə mənzillənmiş Sərhədsiz Reportyorlar Almaniyanın baş prokuroruna rəsmi şikayət təqdim etmişdi. Bu şikayətdə Mansouri 2013-cü ildə azı 20 jurnalistin “həbsində və onlara işgəncə verilməsində” ittiham olunurdu.

Gholamreza Mansouri
Gholamreza Mansouri

Londonda mənzillənmiş insan haqları qrupları isə Mansouri-nin Almaniyada mühakomə edilməsi üçün informasiya toplayırdılar.

Londondakı “İran üçün Ədalət” qrupu bildirirdi ki, “əhəmiyyətli sayda” jurnalist onların həbsi üçün Mansouri-nin məsuliyyət daşıdığına dair ifadə veriblər.

Sözü gedən jurnalistlərin Tehrandakı Evin həbsxanasının təkadamlıq kameralarında aylarla dindirildiyi iddia olunurdu.

Rumıniyaya keçdiyi məlum olmuşdu

Sərhədsiz Reportyorlar təşkilatı Mansouri-nin Almaniyadan Rumıniyaya keçdiyini öyrəndikdən sonra rəsmən bu ölkənin də hakimiyyət orqanlarına müraciət etmişdi.

Mansouri iyunun 12-də Interpolun orderi ilə Rumıniya polisi tərəfindən elə ölkəyə daxil olarkən saxlanmış, lakin daha sonra sərbəst buraxılsa da, ədliyyə nəzarəti altında qalmışdı.

Rumıniya hakimiyyət orqanları Tehrandan ekstradisiya üçün rəsmi müraciət verilməsini istəmişdi.

Lakin müraciətlə ybnaşı Mansouri-yə qarşı ittihamın detalları da tələb olunmuşdu.

Buxarestin Apellyasiya Məhkəməsi bu işə iyulun 10-da baxmalıydı.

XS
SM
MD
LG