Keçid linkləri

2025, 17 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:44

AXCP sədrinin mühafizəçisinə görüş və telefon qadağası qoyulduğu deyilir


Kənan Basqal
Kənan Basqal

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Kənan Basqala bəzi qadağalar qoyulduğu bildirilir.

Bu barədə AXCP-dən məlumat yayıblar.

Partiyadan deyildiyinə görə, 17 gündür həbs olunan K.Basqala nə ailəsi ilə görüşə, nə də telefon danışığına imkan verilir. "Yaxşı, bir halda ki, adamı tanımadığı birini bıçaqlamaqda şərləmisiz, onda ona da digər adam bıçaqlayanlarla davrandığınız kimi davranın", - AXCP sədri Ə.Kərimli vurğulayıb.

AXCP-nin açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan bundan əvvəl bildirilib ki, təcridxana və cəzaçəkmə müəssislərində saxlanan şəxslərə ayrıseçkilik yoxdur, onlarla qanun çərçivəsində davranılır.

Azərbaycan Cəzaların İcrası Məcəlləsinin 54-cü maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum olunanlar isə həftədə bir dəfə 15 dəqiqə telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər.

Həmin məcəllənin 81-ci maddəsinə görə də, məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir.

22 mart

Əli Kərimlinin mühafizəçisi adam bıçaqlamaqda ittiham olunur

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Kənan Basqalın həbs edildiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat veriblər.

Partiyadan bildirildiyinə görə, o, martın 21-də gəzintiyə çıxıb, amma geri qayitmayıb. Martın 22-də isə AXCP-dən onun bıçaqlanma ittihamı ilə saxlandığı ilə bağlı məlumat yayılıb.
Məlumatı Daxili İşlər Nazirliyindən də təsdiqləyiblər.

Yerli saytlarda yer alan iddiaya görə, martın 21-i saat 20:00 radələrində Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində 36 yaşlı A.R.-nın qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Əlavə olunduğuna görə, hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalovu (Basqal) polis əməkdaşları saxlayıblar. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi iddia edilib. Hələlik, məsələ ilə bağlı zərər çəkdiyi bildirilən şəxs və ya onun vəkili ilə ayrılıqda danışmaq mümkün olmayıb.

AXCP-dən verilən açıqlamaya görə, K.Basqal barəsində artıq 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu məlumatı rəsmi qurumlardan, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

AXCP isə ittihamı böhtan sayır. "Bundan əvvəl də ölkənin çox sayda ictimai-siyasi fəalı adam bıçaqlamaq ittihamı ilə şərlənib. Bunların arasında AXCP fəalları Aqil Hümbətov (10 il), Zamin Salayev (4 il), Almaniyadan readmissiya olunandan sonra həbs edilmiş Samir Aşurov (6 il), "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin sədri Afiəddin Məmmədov (8 il), keçmiş diplomat Emin İbrahimov (dövlət ittihamçısı 10 il istəyib) və ictimai fəal Nicat İbrahim (məhkəmə davam edir) də var", - AXCP sədri Əli Kərimli deyib.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Onlardan biri də AXCP sədrinin başqa bir mühafizəçisi olduğu deyilən Niyaməddin Əhmədovdur. Terroru maliyyələşdirmə və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilən N.Əhmədov da ittihamları siyasi sayır.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG