Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 21:30

Deputat: 'Əliyevlər monarxiyası yaratmaq söhbəti cəfəngiyyatdır'


Pezident İlham Əliyev (arxada) və Heydər Əliyev
Pezident İlham Əliyev (arxada) və Heydər Əliyev

Müxalifət Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı referendum keçirilməsinin əleyhinədir. Sentyabrın 11-də Demokratik Qüvvələrin Milli Şurasının mitinq qətnaməsinin əsas tələbi də bu idi.

Ancaq iqtidar partiyasını parlamentdə təmsil edən deputatlar əmindirlər ki, xalq dəyişikliklərə «hə» deyəcək. Milli Məclisin İnsan Haqları Komitəsinin sədr müavini, «referenduma birbaşa məsul olan şəxs» kimi Yevda Abramov AzadlıqRadiosuna deyir: «Referenduma xalq 100 faiz «hə» deyir. Biz iclaslara gedirik, söhbət edirik, xalq deyir, «lap vaxtında keçirilir referendum». Elə bu cür də yazın».

İndi isə parlamentin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin AzadlıqRadiosuna müsahibəsini təqdim edirik.

Şəmsəddin Hacıyev
Şəmsəddin Hacıyev

– Şəmsəddin müəllim, sizcə, Konstitusiyaya dəyişikliklərə ehtiyac varmı? Bu təklifləri necə əsaslandırırsız?

«Prezident heç nədən narahat deyil»

– Qüvvədə olan Konstitusiyamıza iki dəfə dəyişiklik edilib. 2002 və 2009-cu illərdə. 2009-cu ildən bu yana çox böyük dəyişikliklər baş verib. Ölkəmiz yeni mərhələyə girib, postneft dövrünə qədəm qoymuşuq, yeni cəmiyyət tipi formalaşdırırıq, qarşıya əzəmətli proqramlar qoyulub. Bütün bunlar Konstitusiyamızda müəyyən dəyişiklikləri zəruri edir. Vaxtında edilməyən dəyişiklik, əksinə, çox pis nəticələr verə bilər. Ona görə də vaxtında edilməlidir ki, əsas qanunumuz görüləcək işlərin qanunvericilik bazasını təmin etmiş olsun.

Buna da bax:​ "Hakimiyyət bilir və qorxur"

– Söhbət hansı proseslərdən gedir ki, ondan ötrü qanunvericilik bazası dəyişdirilir?

«Kim sizə deyir ki, sabah 18 yaşında, dünənki uşağı gətirib deputat seçəcəyik?»

– Ölkədə çox ciddi həm siyasi, həm də iqtisadi islahatlar gedir. Bu islahatları sürətləndirmək, səmərəliliyini artırmaqdan ötrü idarəçilik sisteminin, mülkiyyət münasibətlərinin təkmilləşdirilməsinə, institusional əsasların dəyişdirilməsinə ehtiyac var.

– «İnstitusional dəyişiklik» demişkən, vitse-prezidentlik institutu yaradılır. Bu idarəetmədə nəyi dəyişəcək, önəmi nədir?

– Vitse-prezidentlik ölkədə idarəetmənin institusional əsaslarının təkmilləşdirilməsinə yönəlmiş dəyişiklikdir. Bu, hakimiyyətin ötürülməsidir... Bilirsiz, bəzi boşluqlar var idi, bunlar öz yerini tapacaq. Azərbaycanın istər ölkə daxilində, istər onun hüdudlarından kənarda gördüyü işlər şaxələnib. Bəzi məsələlərlə prezident artıq özü məşğul olmayacaq, həmin yeni yaratdığı instituta verəcək. Məsələn, beynəlxalq müqavilələrin bir qismini, dövlətlərarası sazişləri və s. Və yaxud prezident hər hansı səbəbdən öz vəzifəsini yerinə yetirə bilmədikdə birinci vitse-prezident yerinə yetirəcək. Bu, demokratik cəmiyyətə xas dəyişiklikdir. Bunu yalnız alqışlamaq gərəkir.

«Neftin qiyməti dörd dəfə düşdü, başqa nə gözləmək olardı?»

– Amma hökumətin yerli və xarici tənqidçiləri hesab edirlər ki, təklif edilən dəyişikliklər «alqışlanmalı» deyil. Çünki yeni təkliflər ölkədə insan hüquq və azadlıqlarını məhdudlaşdırır.

– Mən əksinə deyərdim. Vətəndaş hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə, sözün əsl mənasında, hüquqi cəmiyyətinin formalaşdırılmasına yönəlib. Məsələn, insan ləyaqəti, ona hörmət, məmur– işçi münasibətləri, işçilərin hüquqlarının müdafiəsi, şəxsə aid məlumatların özünün icazəsi olmadan yayılmaması... Bəs müxalifət bunları oxumur, görmür?

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

– Şəxsin icazəsi olmadan məlumatların yayılmaması haqda danışdınız. Tutalım, hansısa məmurun haqqında mühüm bilgilər var, amma o, yayımına icazə vermir. Bu cür məlumatın ictimaiyyətin diqqətinə çatdırılmaması doğrudurmu, sizcə?

«Məhdudlaşdırıcı addım olsaydı, yaş senzini 40-a qaldırardıq».

– Söhbət şəxsi həyata aid informasiyanın yayılmamasından gedir. Onun fəaliyyəti ilə bağlı informasiya verilməsinə kim mane ola bilər? Orda qanun qarşısında prezidentdən tutmuş, sıravi vətəndaşa qədər hamının məsuliyyətindən danışılır. Müxalifət də deyir ki, bunlar insan hüquqlarının pozulmasına yönəlib? Cəfəngiyatdan başqa şey deyil.

– Yaş senzinin götürülməsinə ehtiyac varmı?

«18-35 yaş arasında olan vətəndaşlarımızın sayı üç milyona yaxındır. Bunların hüququnu niyə pozmalıyıq?»

– Əlbəttə, var. Təsəvvür edin, seçmək hüququ 18 yaşdan başlayır, seçilmək hüququ fərqlidir. Parlament seçkilərinə qatılmaq istəyən gənc 25 yaşdan sonra seçilə bilər, Nazirlər Kabinetinin sədri və ya məhkəmə orqanıdırsa, 30 yaşdan sonra, prezident seçkilərində isə 35 yaşdan sonra iştirak edə bilər. Seçmək hüququm varsa, niyə seçilmək hüququm da olmasın? Bu gün 5 milyondan çox seçici var ölkədə. 18-35 yaş arasında olan vətəndaşlarımızın sayı üç milyona yaxındır. Bunların hüququnu niyə pozmalıyıq? Bundan mütərəqqi nə ola bilər?

– Amma seçilmək müstəsna hüquqdur, seçilməkdən ötrü buna layiq olmalısan, savadın, dünyagörüşün, təcrübən olmalıdır, ona doğru pillə-pillə getməlisən.

– Kim sizə deyir ki, sabah 18 yaşında, dünənki uşağı gətirib deputat seçəcəyik?

«Dəyişikliklər arasında milli təhlükəsizliyimizi qorumaq, inqilabın bura transfer olunmaması yönündə işlər görülür»/

– Amma ona bu hüquq verilir artıq.

– Biz o hüquqdan onu məhrum etməməliyik. O, öz namizədliyini verməlidir, platformasını açıqlamalıdır. O ki qaldı seçilib-seçilməməsinə, onu seçicilər bilər. Razı deyilsiz?

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

– Əgər 18 yaşında gənc seçilməyəcəksə, onda bu hüquq ona kağız üstündə niyə verilir?

– Bir az yaxşı düşünmək lazımdır. İki milyondan çox əhalidən söhbət gedir. Niyə onları bu hüquqdan məhrum edək?

– Şəmsəddin müəllim, aydınlaşdıraq. Az əvvəl söylədiniz: «Kim deyir, sabah 18 yaşında uşağı gətirib deputat seçəcəyik?» Sonra deyirsiz, «biz gənclərə seçilmək hüququ veririk». Və indiyədək bu dəyişikliklə bağlı belə fikir formalaşıb ki, yaş senzini götürülməsi ilə seçilmək hüququ əslində, hamıya yox, müstəsna insanlara aid ediləcək, məqsəd Əliyevlər monarxiyasını yaratmaqdır.

«Prezidentimiz cəsarətlidir və bunun nəticəsidir ki, o fəsadlardan uzağıq».

– (Gülür) Bu, nə cəfəngiyatdır? İki milyondan da çox gəncimiz prezident seçkilərində iştirak etmək, seçilmək hüququ əldə edir. Prezident postuna rəqiblərin sayı birdən-birə nə qədər artır. Məhdudlaşdırıcı addım olsaydı, yaş senzini 40-a qaldırardı. Burda məsələ kiminsə iradəsinə bağlı deyil... Əminəm ki, xalq bunu ruh yüksəkliyi ilə qarşılayıb, ona səs verəcək. Görün dünyada nələr baş verir, qonşu Türkiyədə, ərəb dünyasında nələr olur. Dəyişikliklər arasında milli təhlükəsizliyimizi qorumaq, inqilabın bura transfer olunmaması yönündə işlər görülür. Mən bu addımları hətta bir az da sərtləşdirməyin tərəfdarıyam. Bizim ən böyük dəyərimiz sabitlikdir, müstəqillikdir. Bəzi böyük dövlətlər burda öz dediklərini yeritmək istəyirlər, Azərbaycanın müstəqil siyasət aparmasına qarşıdırlar. Ancaq bu, mümkün deyil. Prezidentimiz cəsarətlidir və bunun nəticəsidir ki, o fəsadlardan uzağıq.

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

«Neftə bağlı iqtisadiyyatımız vardı, gizli deyil. Neftin qiyməti dörd dəfə düşdü, başqa nə gözləmək olardı?»

– Türkiyədə 15 iyul çevriliş cəhdi göstərdi ki, xalqın böyük hissəsi dəyişiklik istəməsə, hakimiyyəti devirmək də çətindir. Azərbaycan xalqı da bu dəyişikliyi istəmirsə, niyə hakimiyyət narahatdır? Xalqın dəstəyinə əmindirsə, qanunları niyə sərtləşdirir?

– Prezident heç nədən narahat deyil. Dəyişikliklər ümumxalq səsverməsinə çıxarılıb sadəcə. Əminik ki, qəbul olunacaq. Heç kim heç nədən narahat deyil, əksinə rahatıq. Bəlkə müxalifət – müxalifət demək mümkünsə - narahatdır? Özü bilsin. Narahatdırlar ki, güclü, hüquqi dövlət yaradırıq, hüququn aliliyini təmin edirik? Narahatdırlar ki, liberal cəmiyyət, tənzimlənən iqtisadiyyat yaradırıq? Nədən narahatdırlar?

«Prezident artıq postneft dövrünün konsepsiyasını hazırlayıb. Ölkədə real işlər gedir».

– Onlar bəlkə narahatdırlar ki, ölkədə insan hüquqları məhdudlaşdırılır, siyasi məhbusların sayı çoxalır, manat batır, hər şey bahalanır, iş yoxdur... Onlar bu yöndə addım gözləyirlər.

– Bütün dünya maliyyə böhranı yaşayır. Bunlar müvəqqətidir. Böhran vəziyyətində mütləq belə olur. Bu, telefon söhbəti deyil, əslində. İqtisadiyyatdan az-çox başı çıxan hansı prosesin getdiyini, hansı işlər görüldüyünü bilir. Neftə bağlı iqtisadiyyatımız vardı, gizli deyil. Neftin qiyməti dörd dəfə düşdü, başqa nə gözləmək olardı? Prezident artıq postneft dövrünün konsepsiyasını hazırlayıb. Ölkədə real işlər gedir.

Buna da bax: «Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib»

Şəmsəddin Hacıyev: «Kim sizə deyir ki, sabah 18 yaşında, dünənki uşağı gətirib deputat seçəcəyik?» [audio]
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00
Direct-ə keçid

– Böhrana yaxalanmamaq, qeyri-neft sektorunun inkişafından ötrü daha öncə addımlar atıla bilməzdimi?

– Regionların sosial inkişaf proqramı neçənci ildə başlayıb? Yüzlərlə misal gətirə bilərəm ki, qeyri-neft sektorunun inkişafına keçən il başlamamışıq.

– Amma nəticə yoxdur.

– Zamana ehtiyac var. Bir günün içində kənd təsərrüfatını yenidən qura bilmərik və ya bir günə idxaldan asılılığı azalda bilmərik. Əsas odur, yolumuz düzdür... Yaman uzun çəkdi söhbət (Gülür). Qurban bayramınız mübarək.

– Sizin də.

XS
SM
MD
LG