"CNN Türk" təhsil mütəxəssisi Abdulkadir Özbekin kitab oxuma vərdişinin çoxsaylı faydaları ilə bağlı yazısını dərc edib.
Kitab oxumaq həm fiziki, həm də zehni sağlamlığa faydalıdır. Üstəlik, bu faydalar ömürboyu sürə bilər.
Oxumaq beyninizi gücləndirir
Tədqiqatlar kitab oxumanın, sözün əsl mənasında, beyni dəyişdiyini göstərir. Bir araşdırmada tədqiqatçılar roman oxumanın beyinə təsirini ölçmək üçün funksional MRT müayinəsinə müraciət ediblər. Romanda gərginlik artdıqca, beynin get-gedə daha çox sahəsinin aktivləşdiyi üzə çıxıb.
Müayinələr kitab oxuma əsnası və sonrasında beyinin xüsusən hərəkət və ağrıya cavabdeh somatosensor korteksində sinir bağlarının artdığını göstərib.
Empatiya qabiliyyətinizi artırır
Araşdırmalar qəhrəmanların iç dünyasını kəşf edən hekayələr oxuyan insanların başqalarının hiss və inanclarını anlama baxımından daha yüksək bacarığa sahib olduqlarını göstərib.
Alimlərin "zehin nəzəriyyəsi" adlandırdığı bu bacarıq sosial əlaqələr qurmaq və davam etdirmək üçün vacib olan bir sıra qabiliyyəti əhatə edir. Yalnız bir ədəbi əsər oxumaq bu hissi oyandırmasa da, araşdırmalar uzun zaman bədii əsər oxuyanların daha yaxşı inkişaf etmiş bir zehin nəzəriyyəsinə malik ola biləcəyini deyir.
Söz ehtiyatınızı inkişaf etdirir
Erkən yaşlardan başlayaraq müntəzəm kitab oxuyan tələbələrin söz ehtiyatının daha geniş olduğu sübut olunmuş faktdır. Geniş söz ehtiyatı isə sizin standartlaşdırılmış testlərdəki balınızı yüksəldə, universitetlərə qəbul və iş imkanlarınızı artıra, ümumiyyətlə, həyatınıza müsbət təsir edə bilər. Keçirilən bir sorğu işəgötürülənlərin 69 faizinin effektiv ünsiyyət qurma qabiliyyəti kimi "yumşaq" bacarıqlara malik insanları işə götürməyə üstünlük verdiyini üzə çıxarıb. Ümumiyyətlə, kitab oxumaq yeni sözlər öyrənməyin ən yaxşı yoludur.
Yaşla bağlı mental geriləmənin qarşısını almağa kömək edir
Bütün həyatları boyu zehni işlə məşğul olan insanların beyinlərində ərp və protein düyünlərinin formalaşması (demensiya) riskinin daha az olduğu aşkar edilib.
Stressi azaldır
Bir qrup araşdırmaçı ABŞ-da yoqa, yumor və qiraətin tələbələrin stress səviyyəsinə təsirlərini ölçüb. Araşdırma 30-dəqiqəlik qiraətin qan təzyiqi, ürək döyüntüsü və psixoloji narahatlığı yoqa və yumor qədər endirə bildiyini üzə çıxarıb.
Depressiya əlamətlərini yumşaltmağa kömək edir
Depressiyadan əziyyət çəkən insanlar özlərini başqalarından soyumuş və yadlaşmış hiss edirlər. Kitablar bu halı da azaltmağa qadirdir. Roman oxumaq öz dünyanızdan müvəqqəti qaçmağınıza və qəhrəmanların xəyali dünyasına qapılmanıza imkan verir. Peşəkar, öz sahəsinin həqiqi mütəxəssisi olan müəlliflərin yazdığı şəxsi inkişaf kitabları isə vəziyyəti dəyərləndirmək və istiqamətləndirmək üçün strategiya qurmağınıza yardımçı ola bilər.
Ömrünüzü uzada bilər
Aparılan bir araşdırmada kitab, jurnal və s. oxuma vərdişi olanların oxumayanlara nisbətən iki ilədək daha çox yaşadığı məlum olub. Üstəlik, hər həftə 3 saat yarımdan artıq kitab oxuyanların heç oxumayanlardan 23 faiz daha çox yaşama ehtimalının olduğu qənaətinə gəlinib.
Bəs nə oxumalı?
Əgər mövcud reallıqdan qaçış axtarırsınızsa, tarixi bədii əsər sizi müvəqqəti olaraq fərqli bir dünyaya apara bilər. Karyera hədəfləriniz üçün həmin sahədə təcrübəsi olan müəlliflərin tövsiyələrini oxuyun. Üstəlik, bunu hər dəfə sizə uyğun vaxtda müraciət edə biləcəyiniz bir mentorluq kimi təsəvvür edin.
Uşaqların mümkün qədər çox oxuması xüsusilə vacibdir. Çünki oxumanın təsirləri üst-üstə yığılır və şəxsiyyətin inkişafına müsbət təsir edir. Ancaq istənilən yaşda başlamaq gec deyil.
Uşaqlarınızla birlikdə oxumaqsa kitablarla isti və xoşbəxt münasibət qurmanıza kömək edir və uşaqların gələcəkdə oxumağa həyəcanlı bir əyləncə kimi yanaşması ehtimalını artırır.