Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:01

Məhkəmə: Kliniki Tibbi Mərkəz həkim uşağı əməliyyat etmədiyinə görə təzminat ödəməlidir...


İllüstrativ foto
İllüstrativ foto

Kliniki Tibbi Mərkəzdə həkimin yanlış diaqnoz qoyduğu, təcili cərrahiyyə əməliyyatına ehtiyac olduğu halda uşağı əməliyyat etmədiyi iddia edilir. İndi bu üzdən, xəstəxana həmin uşağın valideyninə kompensasiya ödəməlidir. Bu barədə məhkəmə qərar çıxarıb.

Nicat Həsənov 8 yaşlı qızını gecə saat 1 radələrində Təcili Tibbi Yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə çatdırıb. Orada uşağı həkim Aynur Qurbanova müayinə edib. Həkimə deyilib ki, uşağın qarın nahiyəsində kəskin ağrılar var. Müayinədən sonra həkim bu sancılı kəskin ağrının appendisitdən, yoxsa başqa səbəbdən olduğuna qəti qərar verə bilməyib.

Atası uşağı Bakıdakı özəl klinikalardan birinə aparıb, orada USM-dən (ultrasəs müayinəsindən) keçirib. Burada həkim uşaqda kəskin appendisit olduğunu söyləyib. USM həkimi Kliniki Tibbi Mərkəzdə Aynur Qurbanovaya da zəng edərək, nəticələr barədə onu məlumatlandırıb.

Ardından atanın - Nicat Həsənovun özü də özəl xəstəxanadakı müayinənin nəticəsinə dair sənədləri A.Qurbanovaya aparıb. Ancaq yenə də Kliniki Tibbi Mərkəzdə fərqli nəticəyə gəliblər – uşağa “naməlum etiologiyalı mədə-bağırsaq infeksiyası” diaqnozu qoyaraq, bu istiqamətdə müalicə ediblər.

Evə buraxılsa da ağrıları kəsməyib

Azyaşlı bir neçə gün orada müalicə alandan sonra evə buraxılsa da, ağrıları azalmaqdansa artıb. N.Həsənov qızını başqa bir özəl klinikaya çatdırıb.

Orada bildirilib ki, gecikmə nəticəsində apendisit partlayıb.

Beləcə, uşağı təcili əməliyyat ediblər. Bu klinikada müayinə və əməliyyata görə N.Həsənov 3 min 400 manat ödəyib. Bunu təsdiqləyən sənəd də var.

N.Həsənov Kliniki Tibbi Mərkəzi məhkəməyə verib. O bildirir ki, bu xəstəxanadakı həkimin məsuliyyətsizliyi üzündən. övladını itirə bilərdi. Ata deyir ki, qızında appendisit simptomları olsa da, həkim bunu qəbul etmək istəməyib. Hətta özəl xəstəxananın USM müayinəsinin nəticəsindən sonra da uşağı əməliyyat etməyiblər:

Orada qaldığı müddətdə uşağa ancaq ağrıkəsicilər vurdular. Yanvarın 2-də evə buraxılanda, ağrıkəsicinin təsiri sovuşunca, uşağın qarnında dözülməz ağrılar başladı. Məlum oldu ki, appendisit partlayıb. Halbuki, bunu ilk gündən həkimə deyirdik. Kliniki Tibbi Mərkəz əməliyyatdan imtina etdiyindən, biz icbari tibbi sığortadan da yararlana bilmədik. Çünki əməliyyat təcili şəkildə, özəl xəstəxanada oldu...”.

N.Həsənov məhkəməyə təqdim etdiyi iddia ərizəsində Kliniki Tibbi Mərkəzdən ona dəymiş maddi və mənəvi ziyana görə 10 min manat təzminat tələb edib.

“Gətirəndə dedilər ki...”

Həkim A.Qurbanova məsuliyyətsizlik və səriştəsizlik etməsi barədə qarşı tərəfin söylədikləriylə razılaşmır. Deyir ki, onlar da uşağı USM müayinəsindən keçirərək, appendisitinin böyüdüyünü görüblər:

“Gətirəndə dedilər ki, təxminən iki həftədir uşaq xəstədir. Uşağın keçirdiyi infeksion xəstəliklərin təsirindən boğazında və digər orqanlarda iltihablanma olduğuna görə, hesab etdik ki, bunun təsirindən appendisitində 8 millimetrə qədər qalınlaşma normal haldır. Bunu da antibiotiklə sovuşdurmaq mümkündür”.

Həkim əlavə edib ki, xəstənin ailəsi uşağın yenidən USM müayinəsindən keçməsini istəsə də, o, vəziyyəti sabit olan uşağı radiasiyaya məruz qoymamaq üçün buna ehtiyac görməyib.

Kliniki Tibbi Mərkəzi məhkəmədə təmsil edən vəkil də iddiaya etiraz edib və Mərkəzdəki USM müayinəsində kəskin appendisit müşahidə olunmadığını əsas gətirib:

“Uşağın vəziyyəti pisləşəndən sonra atası öz istəyilə onu başqa xəstəxanaya aparıb. Orada icbari sığortadan yararlanmaq üçün müraciət etməyib. Bunun da məsuliyyətini özü daşımalıdır”.

İcbari tibbi siğorta özünü doğrultdumu? – 'Həkimə böyük məbləğ vermirlər'
Gözlə

No media source currently available

0:00 0:08:18 0:00

Apellyasiya məhkəməsi qərarı dəyişib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müəssisələrin maliyyə öhdəliklərini yekunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşıladığından, bu qurumun da nümayəndəsi məhkəmə çəkişməsinə qatılıb.

Belə hallarda - tibb müəssisələrinə qarşı məhkəmələrdə maliyyə öhdəliklərilə bağlı çəkişmələr olanda Agentlik də üçüncü şəxs qismində cəlb olunur.

Agentliyin nümayəndəsi də N.Həsənovun iddiasına qarşı çıxıb və 10 min manat təzminat tələbinin təmin edilməməsini istəyib. O, kəskin appendisitin müayinəsi və müalicəsinin xidmətlər zərfinə daxil olduğunu da söyləyib.

Birinci instansiya məhkəməsi N.Həsənovun iddiasını qismən təmin edərək, ona 1500 manat kompensasiya ödənilməsinə qərar verib. Apellyasiya məhkəməsi isə qərarı dəyişib. Bu instansiyanın hakimləri bu nəticəyə gəliblər ki, atanın özəl xəstəxanada əməliyyata ödədiyi 3 min 400 manat ona ödənilməlidir.

XS
SM
MD
LG