Martın 25-də onlarla ABŞ konqresmeni prezident Donald Trampı ABŞ-nin Qlobal Media Agentliyini (USAGM) bağlamağa dair fərmanını ləğv etməyə çağırıblar. Onlar bu addımın Azad Avropa/Azadlıq Radioları daxil olmaqla yayımçılara ziyanlı təsir göstərəcəyini, ABŞ-nin Rusiya, Çin, İran, Şimali Koreya kimi düşmənlərinə kömək edəcəyini bildirirlər.
Trampa məktubu azı 40 konqresmen imzalayıb. Onlar qeyd edirlər ki, USAGM-in qapadılması ABŞ-nin dünyadakı yeri və nüfuzuna zərbə vurar.
"Birbaşa desək, Havanadan Karakasa, Minskə və Tehrana qədər qapalı və məhdud mühitlərdə milyonlarla insanın dünya barədə informasiyaya çıxışı azalar. Sizi bu fərmana yenidən baxmağa, USAGM və onun yayım şəbəkəsinin vacib işinin davam etməsini təmin etməyə çağırırıq", – məktubda deyilir.
Nümayəndələr Palatasının Demokratlar partiyasından üzvü Bill Kitinq deyib ki, USAGM-in nəzarət etdiyi Azad Avropa/Azadlıq Radioları, "Amerikanın Səsi", Azad Asiya Radiosu, digər media orqanları "zəruri yumşaq güc alətləri kimi xidmət edir", qapalı cəmiyyətlərdə adamların etibarlı və obyektiv informasiyaya çıxışını təmin edirlər.
"Onlar o qədər güclü iş görürlər ki, İran, Rusiya və Çindəki rejimlər onları milli təhlükəsizliyə təhdid sayır", – Kitinq mətbuat üçün açıqlamasında bildirib. O, Trampın 14 mart tarixli fərmanını "düşüncəsiz" adlandırıb, etibarlı medianın təhdid yaratdığı ABŞ düşmənlərini ürəkləndirdiyini bildirib.
Məhkəmə AzadlıqRadiosunun xeyrinə qərar çıxarıb
Məktub göndərilən gün ABŞ məhkəməsi AzadlıqRadiosunun xeyrinə qərar çıxarıb. Radio USAGM-i Konqresin ayırdığı maliyyəni kəsdiyinə görə məhkəməyə vermişdi.
ABŞ dairə hakimi Roys Lambert deyib ki, agentlik radionun qrantını kəsməklə "özbaşına və şıltaq" davranıb, bu addımlar gerçəkləşərsə, radioya "düzəlməz ziyan" vurar.
Lambert deyib ki, AzadlıqRadiosunun bağlanmasını dayandırmaq üçün müvəqqəti qadağa əmrinə (TRO) ehtiyac var.
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya da martın 25-də AzadlıqRadiosuna təhdiddən danışıb.
"Azad media gerçək, mühacirətdə olanlar və ölkədə qalanlar arasında əlaqəmizdir. Bu media ölərsə, onların yerini propaqanda mediası tutacaq", – o, Litva parlamentində çıxışında deyib.
AzadlıqRadiosu Litvadakı ofisindən qonşu Belarusla bağlı məlumatlar hazırlayır. Bu ofisdə, əsasən, 2020-ci ildəki etirazlardan sonra mühacirətə getmiş belaruslu jurnalistlər çalışır. Həmin il mübahisəli seçkilərdə Aleksandr Lukaşenko prezident elan olunub. Müxalifət, bir çox Qərb ölkələri, qurumları seçkinin saxtalaşdırıldığını, Tixanovskayanın real qalib olduğunu deyirlər.